Qətər Avropa və Asiya ölkələrinə qaz tədarükünü dayandırdı - SƏBƏB

Qətər Avropa və Asiya ölkələrinə qaz tədarükünü dayandırdı - SƏBƏB
Dünya 8

Qətərin dövlət enerji şirkəti "QatarEnergy" Avropa və Asiyadakı alıcılara mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü ilə bağlı fövqəladə vəziyyət rejimini uzadıb.

BAKU.WS xəbər verir ki, Bloomberg-in mənbələri şirkətin Hörmüz boğazında davam edən gəmiçilik problemləri səbəbindən müqavilə üzrə nəzərdə tutulan bəzi LNG tədarüklərini təxirə saldığını bildiriblər.

Məlumata əsasən, Pakistan və Banqladeşə tədarüklərin dayandırılması ilə bağlı bildiriş göndərilib və məhdudiyyətlərin noyabr ayına qədər davam edəcəyi gözlənilir. İtaliyanın enerji şirkəti "Edison" da Qətərdən ona LNG tədarükünün dekabrın əvvəlinə qədər dayandırıldığını təsdiqləyib. Hindistandakı ən azı bir idxalçı şirkətin də analoji bildiriş aldığı qeyd olunur.

"Bloomberg" yazır ki, Qətərin tədarüklə bağlı məhdudiyyətləri Avropa İttifaqı ölkələrinin qaz anbarlarını əvvəlcədən planlaşdırıldığı müddətdə doldurmasına mane ola bilər.

"QatarEnergy" artıq bir neçə dəfə oxşar qərar qəbul edib. ABŞ-İran müharibəsi başlayandan sonra şirkət təxminən hər ay fövqəladə vəziyyət rejimini yeniləyərək müqavilə üzrə nəzərdə tutulan qaz yüklərinin bir hissəsini ləğv edir. İndiyədək bu qərarlardan təsirlənən LNG yüklərinin sayı 29-a çatıb. Bu, təxminən 3,8 milyard kubmetr təbii qaza bərabərdir.

Tədarük problemlərinin əsas səbəbi Hörmüz boğazındakı vəziyyətdir. İddialara görə, İran boğazın açılması ilə bağlı şərtləri yumşaltmaq niyyətində deyil, ABŞ ilə aparılan danışıqlarda isə irəliləyiş əldə olunmayıb.

Qətər üçün vəziyyəti çətinləşdirən əsas amillərdən biri də alternativ ixrac marşrutlarının məhdud olmasıdır. Əvvəllər dünya üzrə LNG tədarükünün təxminən beşdə biri bu boğazdan keçirdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər