Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə iki günlük səfəri başlayıb.

BAKU.WS-in məlumatın agörə, prezident Rəcəb Tayyib Ərdoğan həmkarını Ankaradakı prezident sarayında rəsmi mərasimlə qarşılayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş olub. Mətbuata qapalı keçirilən görüş 1,5 saat çəkib.

Bundan sonra dövlət başçılarının iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şirasının toplantısı başlayıb. İclasda iki ölkə arasında əlaqələrin inkişafı diqqət mərkəzində olub, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində həmçinin, Akkuyu Atom Elektrik Stansiyasının 1-ci blokunun təməlqoyma mərasimi də keçirilib. Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videokonfrans vasitəsi mərasimə qatılıblar.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, AES istifadəyə verildikdən sonra Türkiyə istehlakçılarını ucuz və təmiz enerji ilə təmin edəcək: “Birinci blokun Türkiyə Cümhuriyyətinin 100 illiyi ərəfəsində, 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub. Stansiyanın istehlakçıların 10 faiz tələbatını ödəyəcəyi planlaşdırlır”.

Daha sonra çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, bu gün dünya Türkiyənin inkişafı və enerji sahəsində Türkiyə-Rusiya münasibətləri sahəsində tarixi bir hadisəyə şahid olur: “S-400, "Türk axını" və indi təməlini qoyacağımız Akkuyu Atom Elektrik Stansiyası iki ölkə arasında birgə layihələrdən bir neçəsidir. İki ölkə Suriyadakı terror təhdidi və toqquşmaların sona yeritməsi ilə bağlı da əməkdaşlıq edir. Türkiyə 2023-cü ildən etibarən nüvə enerjisi istehsalından istifadə edən ölkə olacaq. Enerji səbətimizi daha da sağlamlaşdıracağıq. Bu stansiya enerji təhlükəsizliyinə töhfə verərək iqlim dəyişikliyində də vacib rol oynayacaq”.

Aprelin 4-də isə Türkiyə, Rusiya və İran prezidentlərinin iştirakı ilə Suriya problemi ilə əlaqədar üçtərəfli zirvə görüşü keçiriləcək.

BAKU.WS