Bu qanuna siyasətçi kimi yox, valideyn kimi dəstək verirəm - Müşfiq Cəfərov

Bu qanuna siyasətçi kimi yox, valideyn kimi dəstək verirəm - Müşfiq Cəfərov
Açıqlama
Sosial 14

"Qanun uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir".

Bunu BAKU.WS-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentin sosial şəbəkələrdə yaş məhdudiyyəti ilə bağlı qəbul etdiyi qanunla bağlı danışarkən deyib.

Deputat qeyd edib ki, rəqəmsal platformalarda uşaqların təhlükəsizliyinin təmin edilməsi son illərdə dünyanın bir çox ölkəsində yenilənən qanunvericilik layihələrinin əsas istiqamətlərindən birinə çevrilib və Azərbaycan da bu sahədə hüquqi tənzimləmələri gücləndirən ölkələr sırasına qoşulub.

O bildirib ki, Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, sosial şəbəkələrdə fərdi rəqəmsal hesab açılması üçün minimum yaş həddi 16 olaraq müəyyənləşdirilib. Layihəyə görə, 16 yaşına çatmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkələrdə hesab yaratmasına icazə verilməyəcək. 16-18 yaş aralığında olan yeniyetmələr isə platformalardan yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti ilə istifadə edə biləcəklər.

Bu qanuna siyasətçi kimi yox, valideyn kimi dəstək verirəm - Müşfiq Cəfərov

M.Cəfərov vurğulayıb ki, qanun layihəsi eyni zamanda platformalar üçün uşaqların şəxsi məlumatlarının qorunması, zərərli məzmunun operativ silinməsi, kiberzorakılığın qarşısının alınması və təhlükəsiz istifadə mühitinin yaradılması ilə bağlı yeni öhdəliklər də müəyyən edir.

"Mən bu qanun layihəsini bir deputat kimi yox, bir valideyn kimi faydalarını qeyd etmək istəyirəm. Layihədə yaşın təsdiqlənməsi mexanizmləri, valideyn nəzarətinin gücləndirilməsi, geolokasiya məlumatlarının məhdudlaşdırılması, manipulyativ elementlərin azaldılması və uşaqların psixi sağlamlığına mənfi təsir göstərə biləcək məzmunun qarşısının alınması da nəzərdə tutulur ki, bu, çox təqdirəlayiq haldır", – deyə deputat bildirib.

Müşfiq Cəfərov əlavə edib ki, beynəlxalq təcrübə də rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin tətbiqinin getdikcə genişləndiyini göstərir.

Onun sözlərinə görə, Avstraliya iki il əvvəl 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun qəbul edib. Türkiyədə də 15 yaşdan kiçik uşaqların sosial media istifadəsinin məhdudlaşdırılması istiqamətində qanunvericilik təşəbbüsü irəli sürülüb. Avropa İttifaqının bir sıra ölkələrində isə valideyn razılığı olmadan şəxsi məlumatların emalına dair yaş həddi əsasən 13-16 yaş arasında müəyyən edilir.

Deputatın fikrincə, bütün bu tədbirlər uşaqların müdafiə sisteminin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər