SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Milli Müdafiə naziri Hulusi Akar “Haber Global”a mühüm açıqlamalar verib.

Nazir Suriyadakı mümkün sərhəd əməliyyatından tutmuş İsveç və Finlandiyanın NATO üzvlüyünə, Yunanıstanla yaşanan gərginlikdən Kipr probleminə qədər bir çox mövzuda Saynur Tezelin suallarını cavablandırıb.

Hulusi Akar Suriyada mümkün əməliyyatla bağlı qətiyyəti bir daha vurğulayıb.

“Biz qonşularımızın sərhədlərinə və suveren hüquqlarına hörmət edirik. Bununla belə, biz millətimizi terror bəlasından xilas etmək əzmindəyik. Sərhədlərimiz xaricində terror yuvalarını məhv etməkdə qərarlıyıq”, - deyə Akar qeyd edib.

“Aprel ayından bu yana 277 terrorçu zərərsizləşdirilib. İraqın şimalındakı əməliyyatın son həlqəsi “Pəncə-Kilid”dir. Terrorun ölkəmizin başına bəla olmasına imkan verməyəcəyik. Mehmetcik bir-bir terrorçuların yuvalarını başlarına yıxır”, - deyə nazir bildirib.

Akar bütün əməliyyatların beynəlxalq hüquqa uyğun olduğunu söyləyib. O, 85 milyon vətəndaşın təhlükəsizliyinin olduqca önəmli olduğunu vurğulamaqla terrorçu haradadırsa, hədəfin də orada olduğunu diqqətə çatdırıb.

“2019-cu ildə Rusiya və ABŞ ilə imzalanan müqavilələrlə YPG-nin təhlükəsiz bölgədən tamamilə çıxarılması planlaşdırılırdı. Ancaq YPG geri çəkilmədi. Müttəfiqlərimiz sözünün üstündə durmadı. Rusiya və ABŞ-ın öz öhdəliklərini yerinə yetirməsini gözlədiyimizi hər səviyyədə gündəmə gətiririk. Terrorla mübarizədə lazımi əməkdaşlıq hər kəsin xeyrinədir”, - deyə müdafiə naziri bununla bağlı fikirlərini ifadə edib.

Mümkün transsərhəd əməliyyatında ABŞ ordusu ilə qaynar münaqişəyə girmək riskinin olub-olmadığına dair suala Akar bunun baş verməsini arzu etmədiklərini deyib.

“Biz bunun baş verməsini istəmirik. Bizim ABŞ və Rusiya ilə ikitərəfli əlaqələrimiz var. Biz ABŞ-la NATO-da müttəfiqik. Çoxölçülü əlaqələrimiz var, mehmetcik terrorçulara çox incə üsullarla cavab verdiyi halda biz də qarşıdurma riskləri ilə bağlı üzərimizə düşəni edirik. Qarşı tərəfə qərarlı olduğunuzu dedik və fikrimizi ifadə etməyə də davam edirik. Hər platformada ABŞ-ın YPG-yə dəstəyini dayandırmasının vacibliyini bildiririk”, - deyə o bu mövzuda qətiyyəti dilə gətirib.

Mənbə: Haber Global

BAKU.WS