SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşərək onların suallarını cavablandırıb.

BAKU.WS xəbər verir ki, “Nezavisimaya qazeta”nın baş redaktoru Konstantin Remçukov Prezident İlham Əliyevə Azərbaycan-Türkiyə münasibətlərindən danışmasını xahiş edərkən, Azad Azərbaycan telekanalını izləməyini də xüsusi olaraq vurğulayıb:

“Avropada olanda ATV kanalını tapdım və iki həftə hər gün xəbərlərə baxdım. Aydın oldu ki, bu, Azərbaycan xəbərləridir. Mənim o zaman türklərlə Sizin əməkdaşlığınız haqqında belə geniş məlumatım yox idi: Hər gün regional aeroport, avtostansiyalar açılır və insanlar danışır. Türkiyənin regional güc kimi rolunun dinamizmini, bəzən Rusiyanın mənafeləri ilə kəsişən və ya üst-üstə düşən maraqlar, bəzən Suriyadakı kimi münaqişəli, Ukraynaya hərbi dronların tədarükü halında olduğu kimi məqamlar nəzərə alınmaqla, dünyanın bu hissəsində tərəfdaşlar kimi Azərbaycan-Türkiyə münasibətlərini səciyyələndirməyinizi xahiş etmək istərdim. Sağ olun”.

Azərbaycan–Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsində olduğunu bildirən İlham Əliyev iki ölkə arasında imzalanan Bəyannamədən söz açıb:

“Şuşa şəhərində ötən il iyunun 15-də mən və Prezident Ərdoğan tərəfindən müttəfiqlik barədə Bəyannamə imzalandı. Bu da bizim malik olduqlarımızın formallaşdırılması idi, çünki Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri birinci il deyildi ki, mövcud idi. Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə idi. Biz müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdik. Son illər ərzində Prezident Ərdoğanın prezidentliyi dövründə və mənim dövrümdə, - bu dövrlər ümumilikdə daha çox üst-üstə düşür, - biz faydalı əməkdaşlıq fəaliyyətimizin əmsalını əhəmiyyətli şəkildə artırmışıq. Belə bir misal çəkim: Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur layihələri var. Təbii ki, mədəni yaxınlıq, dil yaxınlığı, etnik yaxınlıq - bunlar çox vacibdir. Bu, həmin bünövrədir ki, bizə bu münasibətləri misli görünməmiş səviyyəyə yüksəltməyə imkan verib. Ancaq biz bilirik, etnik yaxınlıq, o cümlədən dil yaxınlığı əfsuslar olsun ki, heç də həmişə sıx münasibətlərin rəhni deyil. Bizim vəziyyətdə buna nail olundu, fikrimcə, uzun illər ərzində və indi də qorunub saxlanılan düzgün siyasət, bərabərhüquqlu münasibətlər sayəsində buna nail olduq.

Əlbəttə, Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin elə ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. Həmçinin bu siyasi, mənəvi dəstəklə Türkiyə bəzi ölkələrdəki bir sıra dairələrin Azərbaycana münasibətdə düşməncəsinə hərəkətlərin birmənalı şəkildə qarşısını aldı. Biz bunu çox yüksək qiymətləndiririk. İkinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Ərdoğan bəyanatla çıxış etdi və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır, onlar bizə çox kömək edirlər. Deməliyəm ki, biz bütün bərpa işlərini yalnız öz vəsaitimiz hesabına görürük, biz heç kimdən nə kredit qismində, nə də hansısa müftə kömək kimi bir manat, rubl və ya dollar almamışıq. Biz hər şeyi öz hesabımıza edirik, lakin podratçı kimi Türkiyə şirkətlərindən çox fəal istifadə edirik. Yeri gəlmişkən, deməliyəm ki, Rusiyanın 14 şirkəti də onlara işğaldan azad edilən ərazilərdə işləmək imkanı yaradılması istəyi ilə bizə müraciət edib. Fikrimcə, əgər bizim nöqteyi-nəzərdən baxsaq dünən imzalanan sənəd mahiyyətcə tarixi nailiyyətdir. Çünki Azərbaycan iki böyük ölkə, iki qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir.

Düşünürəm ki, başqa heç bir ölkə bununla öyünə bilməz. Mən hələ o barədə demirəm ki, NATO-ya üzv ölkə ilə və KTMT-nin de-fakto rəhbər ölkəsi ilə. Bu, əslində, nailiyyətdir və yəqin, heç kim üçün sirr deyil ki, artıq əməkdaşlığın üçtərəfli formatı da de-fakto formalaşır. O, hələ formalaşmayıb, prezidentlər də daxil olmaqla, hələ xarici işlər nazirlərinin görüşü baş tutmayıb, lakin o, artıq formalaşır. O, ümumi maraqlar, praqmatizm və oxşarlıq əsasında formalaşır. Bizim idarəetmə sisteminin oxşarlığı, tərəfdar olduğumuz dəyərlərin oxşarlığı heç kim üçün sirr deyil. Məsələn, bizə çox xoşdur ki, prezidentlər Ərdoğan və Putin arasında olduqca etibarlı münasibətlər mövcuddur. Onların hər ikisi bu barədə açıq şəkildə danışırlar. Beləliklə, mən fikirləşirəm ki, bu münasibətləri formalaşdıracağımız o gün artıq uzaqda deyil. Xüsusən ona görə ki, Azərbaycan Rusiyanın və Türkiyənin müttəfiqidir, burada necə deyərlər, artıq növbəti addım tələb olunur. Ancaq bu, bizim işimiz deyil, lakin biz öz tərəfimizdən iki ölkənin maraqlarının yaxınlaşdırılması üzərində həmişə işləmişik”.

BAKU.WS
VİDEO