Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Süni intellekt texnologiyalarının inkişafı gələcəkdə dünya üzrə iş yerlərinin təxminən 40 faizinə təsir göstərəcək. Bu proses bəzi işlərin texnologiyalarla dəstəklənməsinə, bəzilərinin dəyərini itirməsinə, digərlərinin isə tamamilə aradan qalxmasına səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva qurumun və Dünya Bankının Banqkokda keçirilən payız toplantısında bildirib.
Onun sözlərinə görə, süni intellektin təsiri artıq inkişaf etmiş ölkələrdə hiss olunmağa başlayıb. İnkişaf etməkdə olan ölkələrdə isə iş yerlərinin təxminən 23 faizi bu texnologiyaların təsirinə məruz qala bilər. Georgiyeva bunu həmin ölkələrdə süni intellektin hələ daha az yayılması ilə əlaqələndirib.
BVF rəhbəri ABŞ-da aparılan araşdırmaya da diqqət çəkərək bildirib ki, artıq ölkədə iş yerlərinin 10 faizində süni intellektlə işləmək bacarığı tələb olunur.
Georgiyeva təhsil sisteminə yanaşmanın dəyişdirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, müasir dövrdə insanın bir bacarıq əldə edərək bütün karyerası boyunca yalnız onunla kifayətlənməsi mümkün deyil. Buna görə də fasiləsiz öyrənmə zərurətə çevrilir.
BVF rəhbərinin fikrincə, süni intellekt əmək bazarında insan əməyinin payını azaldaraq kapitalın rolunu artıra bilər. Bu isə hökumətlər qarşısında yeni maliyyə çağırışları yaradacaq və dövlətləri vergi gəlirlərinin alternativ mənbələrini axtarmağa vadar edə bilər.
Oxşar xəbərlər
Məktəb təhsil almaq üçün ocaqdır, bir-birindən fərqlənmək məkanı deyil - RƏY
Müəllimin geyimi məktəbin ümumi mədəniyyətinin və təhsil mühitinə münasibətinin müəyyən göstəricilərindən biri sayıla bilər. BAKU.WS xəbər verir ki, bu fikri re...