Həkim dəmirlə ən zəngin qidaları açıqladı

Həkim dəmirlə ən zəngin qidaları açıqladı
Digər 84

Dəmir çatışmazlığı anemiyasının qarşısını almaq üçün qidalanmaya mal və donuz qaraciyəri, dəniz məhsulları, paxlalılar, eləcə də itburnu və xurmanı daxil etmək vacibdir. Bu barədə Atribeaute klinikasının endokrinoloqu Yelena Şafranskaya məlumat verib.

BAKU.WS xəbər verir ki, "Gazeta.Ru"ya danışan həkimin sözlərinə görə, dəmir çatışmazlığı anemiyası zamanı qan oksigeni normal şəkildə daşıya bilmir, bu isə zamanla yuxululuq, halsızlıq və ümumi vəziyyətin pisləşməsi ilə nəticələnir.

Mütəxəssis qeyd edib ki, reproduktiv yaşda olan qadınlarda dəmir çatışmazlığının ən yayılmış səbəblərindən biri bol menstruasiyadır.

Digər insanlarda isə dəmirin azlığı çox vaxt mədə-bağırsaq xəstəlikləri ilə əlaqələndirilir, çünki bu pozğunluqlar mikroelementin normal mənimsənilməsinə mane olur. Bundan başqa, bəzi hallarda mədənin bir hissəsinin çıxarılması kimi cərrahi əməliyyatlar da orqanizmdə dəmir səviyyəsini azalda bilər.

Endokrinoloqun sözlərinə görə, dəmir səviyyəsi qidalanmadan da birbaşa asılıdır. Məsələn, heyvani mənşəli zülaklardan imtina etmək dəmir çatışmazlığına gətirib çıxara bilər, çünki bitki mənşəli qidalardakı dəmir bədən tərəfindən qırmızı ətə nisbətən 3–5 dəfə pis mənimsənilir.

Mütəxəssis vurğulayıb ki, sərt vegan pəhrizinə əməl edənlər mütləq paxlalı, ispanaq və qarabaşaq kimi bitki mənşəli dəmir mənbələrini C vitamini ilə zəngin məhsullarla (məsələn, sitrus meyvələri ilə) birləşdirməlidirlər, çünki bu, dəmirin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir.

Həkim əlavə edib ki, dəmir baxımından ən zəngin qidalar bunlardır:

Donuz və mal qaraciyəri

Mal dili, hind toyuğu, toyuq, dana və donuz əti

Balıq və karides

Bitki mənşəli mənbələrə isə taxıllar, paxlalılar, pomidor, itburnu, çiyələk, nar, xurma və alma daxildir.

Bu məhsulların müntəzəm şəkildə qəbulu orqanizmdə dəmir balansını qorumağa və qan dövranının sağlam fəaliyyətini təmin etməyə kömək edir.

Son xəbərlər