Fuad Hüseynəliyev: Media Azərbaycan və Özbəkistan xalqlarını yaxınlaşdırır
Azərbaycan və Özbəkistan mediası əməkdaşlığın dinamik inkişafı sayəsində qarşılıqlı anlaşmanın dərinləşməsində və iki qardaş xalqın daha da yaxınlaşmasında mühüm rol oynayır.
BAKU.WS xəbər verir ki, bu barədə "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Məhəmməd əl-Xarəzmi adına Daşkənd İnformasiya Texnologiyaları Universitetinin tələbələri qarşısında çıxış edərkən bildirib.
"Əməkdaşlığın və informasiya mübadiləsinin müxtəlif formatları mövcuddur. Biz həmçinin televiziya seriallarının mübadiləsini də həyata keçiririk. Bildiyimə görə, artıq Özbəkistanda Azərbaycan seriallarından birinin nümayişinə başlanılıb. Öz növbəsində, Azərbaycanda da Özbəkistan seriallarına maraq göstərirlər. Onlar bizim telekanallarda yayımlanır və tamaşaçılar arasında populyarlıq qazanır", - F.Hüseynəliyev bildirib.
Onun sözlərinə görə, bu cür mübadilə hər iki xalqın bir-birini daha yaxşı tanımasına, mədəniyyət, adət-ənənələr və gündəlik həyatla tanış olmasına imkan verir.
Agentliyin direktoru Azərbaycan və Özbəkistan xalqlarının tarixi yaxınlığına da diqqət çəkib.
"Biz tarixən bir-birimizlə bağlıyıq. Müxtəlif dövrlərdə xalqlarımız eyni dövlət qurumlarının tərkibində olub. Bundan başqa, köklərimiz eyni türk boyuna - oğuzlara gedib çıxır. Məhz buna görə də ana dillərimizdə çox tələsmədən danışdıqda, bir-birimizi kifayət qədər yaxşı başa düşürük", - o izah edib.
F.Hüseynəliyev qeyd edib ki, dil yaxınlığı həm də iki xalq arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir.
O, Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-24-də Özbəkistana dövlət səfərinin və Əbədi dostluq haqqında Müqavilənin imzalanmasının əhəmiyyətini vurğulayıb.
"Hesab edirəm ki, Əbədi dostluq haqqında Müqavilə sadəcə kağız üzərində sənəd olaraq qalmayacaq, çünki o, artıq xalqlarımızın dəstəyini alıb. Xalqlarımız həqiqətən qardaş xalqlardır. Biz bundan sonra da yaxınlaşmağa və qarşılıqlı faydalı, dostluğa əsaslanan gələcəyi birlikdə qurmağa davam edəcəyik", - "Report"un direktoru bildirib.
O, həmçinin azərbaycanlıların Özbəkistana, o cümlədən onun tarixi və memarlıq abidələrinə artan marağını qeyd edib.
"Mənim bir çox tanışlarım Özbəkistanın tarixi və memarlıq abidələrini görmək və çoxəsrlik tarixi haqqında daha çox öyrənmək üçün ölkənizə səfər edirlər", - F.Hüseynəliyev əlavə edib.
Oxşar xəbərlər
İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) incəsənət məktəblərində tədrisi nəzərdə tutulan 5 yeni yaradıcı istiqamə...