SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda havaların get-gedə istiləşməsi qarşıdakı həftələrdə çimərlik mövsümündən istifadəni gündəmə gətirib. 

BAKU.WS xəbər verir ki, pandemiya dövründə çimərliklərdən istifadənin nə dərəcədə təhlükəli olması isə bir çoxlarında maraq doğurur.

Mayın 31-dən sonra karantin müddətinin uzadılıb və ya ləğv edilməsindən asılı olmayaraq çimərlik və aquaparklara müraciət etmək virusun yayılmasına səbəb ola bilərmi? Bunun üçün ölkədə hər hansı standartlar və ya qaydalar mövcuddurmu? Bu suallara cavab tapmaq məqsədilə rəsmi qurum, millət vəkili və ekspertə müraciət etdik. 

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirildi ki, karantin rejimi aradan qalxdıqdan sonra koronavirusla bağlı çimərliklərdə hər hansı bir tədbirin görülməsi ilə bağlı göstəriş yoxdur. Çimərlik mövsümünün açılıb-açılmayacağı barədə isə hələlik qəti qərar qəbul edilməyib.

Millət vəkili Fazil Mustafa BAKU.WS-ə qeyd etdi ki, Azərbaycan bu məsələdə beynəlxalq təcrübəyə müraciət etməlidir: "Qonşu Türkiyədə bununla bağlı təlimat verilib ki, turist kompleksləri, hotellər necə davranacaq, yemək qaydalarına necə riayət olunacaq. Bizdə bu standartlar fərqli olduğuna görə beynəlxalq təcrübəyə müraciət ediləndə müəyyən dərəcədə infrastrukturla təmin etmək lazımdır.

Burada vacib olan odur ki, sosial məsafəyə nə dərəcədə əməl olunacaq. Bizdə restoranları açmaq bir az təhlükəlidir. Çünki növbə və başqa standartlara meyillilik dəyişmir. Hər halda iyun ayının ortalarını gözləmək lazımdır. Heç kimə məlum deyil ki, xəstəliyin yeni dalğası nələr gətirəcək.

Hesab edirəm ki, dənizkənarı turizmdə inzibati məhdudiyyətlər tətbiq edə bilərik. Misal üçün, çimərlik üçün nəzərdə tutulan otaqlara bir və ya iki nəfərdən artıq insan buraxılmamalıdır. Eyni zamanda dənizdən çıxdıqdan sonra insanlara duş qəbul etmək üçün də şərait yaradılmalıdır. Həmçinin hovuzlarla bağlı da standartlar var. Su vaxtında dəyişdirilməli, dərmanlarla təmin edilməli və dezinfeksiya işləri görülməlidir".

Deputat əlavə etdi ki, həmçinin xidmət edən personallarla bağlı standartlar da olmalıdır: "Onların geyimi, təmizliyi və digər qaydaları təmin edilməlidir. Bundan əlavə restoranlarda təklif olunan ətlərlə bağlı da ciddi nəzarət olmalıdır. İnsanlara at, eşşək və digər ətlər təqdim olunmamalıdır.

Lakin bunun üçün nəzarət mexanizmi yoxdur. Dəniz kənarlarında natəmizlik də mövcuddur, bu da ciddi narahatlıq doğrur. Məsləhət görərdim ki, insanlar bu dövrdə özlərini ev həbsində olmasa da, şəhər həbsində saxlasınlar. Hesab edirəm ki, dənizlər, hovuzlarda ictimailəşmə riski varsa, bu, təhlükəlidir. Dənizə, restorana və digər yerlərə tək və ya məhdud sayda yaxınlarla getmək məqsədəuyğun olardı".

Cəlal İsayev isə BAKU.WS-ə bildirdi ki, dəniz suyundan yoluxma ehtimalı, demək olar ki, yox dərəcəsindədir: "Çünki virus hava damcı yolu ilə ötürülür. Lakin virus daşıyıcısı dənizə gedərsə, kimləsə təmasda olarsa, onu yoluxdura bilər. Hovuzlardan istifadə zamanı isə virusa yoluxmaq ehtimalı var. Çünki orada hamı bir yerdə olur, tənəffüs edir, buna görə orada yoluxma riski çoxdur".

Orxan Hüseyn
BAKU.WS