VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Məlum olduğu kimi, yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə göstərilən səylər çərçivəsində Azərbaycan və Rusiya arasında dövlət sərhədi müvəqqəti olaraq bağlanılıb. Azərbaycan Respublikasının bir sıra vətəndaşları müxtəlif səbəblərdən ölkəni tərk edə bilməmiş və məcburən Rusiya Federasiyası ərazisində qalıblar".

BAKU.WS-in məlumatına görə, Bu fikirləri "Report"un Rusiya bürosuna Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən bildiriblər.

Məlumatda qeyd olunub ki, ölkə daxilində tətbiq edilən ciddi karantin tədbirləri səbəbindən onların bir çoxu çətin vəziyyətə düşüb, praktiki olaraq hər hansı gəlirdən məhrum olub, sağlamlıqları ilə bağlı problemlərlə üzləşib, bəziləri isə xəstəxanaya yerləşdirilib və ya özünütəcrid rejimindədir:

"Çox təəssüf ki, onların sırasında yaşayış və gündəlik qida xərclərini ödəmək iqtidarında olmayan şəxslər də var. Azərbaycanın məsul vəzifəli şəxsləri və Nazirlər Kabineti yanında Operativ Qərargahla daim əlaqə saxlayırıq. Biz Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi və digər rəsmi qurumları ilə koordinasiya edilmiş şəkildə öz diplomatik səlahiyyətləri və məhdud imkanları çərçivəsində vətəndaşlarımızın vəziyyətinin yüngülləşdirilməsi üçün mümkün olan köməkliyi göstərməyə və lazımi tədbirlər görməyə davam edirik".

Eyni zamanda vurğulanıb ki, səfirlik yüksək hazırlıq rejiminə keçib və 24 saat fəaliyyət göstərən "qaynar xətt" yaradılıb: "Gərgin iş nəticəsində qısa zaman ərzində iki mindən artıq vətəndaşımızın vətənə qayıtması təmin edilib. Səfirliklə əlaqələndirilmiş şəkildə və ya fərdi qaydada ehtiyacı olan Azərbaycan vətəndaşlarına hər hansı bir köməklik göstərən bütün şəxslərə öz dərin minnətdarlığımızı bildirir və bu cür addımları yüksək qiymətləndiririk".

Səfirlik Azərbaycanın Rusiyadakı diasporuna da müraciət edib: "Diaspor təşkilatlarına, iş adamlarına, imkanlı azərbaycanlılara müraciət edərək Rusiyada yaşayan bütün soydaşlarımızı həmrəylik nümayiş etdirərək keçmiş fikir ayrılıqlarını, anlaşılmazlıqları geridə qoyaraq və yersiz populizmə, gərəksiz söhbətlərə və təhqirlərə yol vermədən bir-birlərinə yardım əli uzatmağa və öz həmyerlilərinə istənilən mümkün dəstəyi göstərməyə çağırırıq. Öz tərəfimizdən bu cür humanitar fəaliyyətin əlaqələndirilməsini davam etdirməyə hazır olduğumuzu bildirir və hər bir kəsə sağlamlıq və səbir arzulayırıq. Bu gün yaranmış kəskin zərurət qarşısında Rusiyadakı bütün azərbaycanlıları Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” çağırışına qoşulmağa dəvət edirik. İnanırıq ki, müdrik Azərbaycan xalqı bütün dünyanı cənginə almış bu çox ağır vəziyyətdən, bu böyük sınaqdan şərəflə çıxacaq!".

BAKU.WS