Heydər Əliyev: "Mənim dövrümdə Ermənistana bir qarış da torpaq verilməyib!" - TARİXİ MÜSAHİBƏ
10
may
2018
11:27
"İtaliyanın səfiri sual verdi ki, Siz Cənubi və Şimali Azərbaycanın birləşməsinə necə baxırsınız? Dedim ki, bu bir xalqdır, müəyyən səbəblərdən ikiyə bölünüb. Bu xalq bir-birindən ayrı qala bilməz. Şübhəsiz ki, vaxt gələcək, birləşəcək"Tanıdığımız və tanımadığımız Heydər ƏliyevHeydər Əliyevin 28 il əvvəlki müsahibəsinə təsadüfən rast gəldim. Nəriman Nərimanovla bağlı apardığım araşdırma ilə əlaqədar bir neçə kitab oxuyurdum. Onlardan biri də rusiyalı tarixçi Rudolf İvanovun Nərimanov haqqında yazdığı "Smertelnaya sxvatka" əsəri idi. Əsərin sonunda Heydər Əliyevin Azərbaycanın tanınmış jurnalisti, mərhum Elmira Əmrahqızına (Əhmədovaya) müsahibəsindən bir parçaya rast gəldim. Müsahibə 1990-cı ildə "Ulduz" jurnalının 6-cı sayında çap olunub. Kitabda verilən hissədə müsahibədən yalnız Nəriman Nərimanovla bağlı fikirlər əks olunduğundan, həmin müsahibənin tam mətnini əldə etmək qərarına gəldim."Olub keçənləri düşünərkən" başlığı ilə dərc olunan müsahibə 14 səhifədir (səh. 64-78). Müsahibədə Heydər Əliyev bir çox məsələlərlə bağlı sualları cavablandırıb. Onların arasında 20 Yanvar faciəsi, Azərbaycandakı xalq hərəkatı və Xalq Cəbhəsi, Azərbaycan SSR KP MK-nın birinci katibi kimi fəaliyyəti, sovet mətbuatında onun əleyhinə dərc olunan yazılar, Qarabağ münaqişəsi, erməni separatçı hərəkatının Zori Balayan və Silva Kaputikyan kimi ideoloqlarının ona qarşı apardığı çirkin kampaniyalar, İqor Muradyan adlı erməninin yazdığı təhdid dolu məktubu, Bütöv Azərbaycan ideyasına münasibət və digər məsələlərlə bağlı açıqlamalar da var.Elmira Əmrahqızı müsahibəyə çox maraqlı bir giriş də yazıb: "Əziz oxucu! Sənin mühakimənə təqdim etdiyim bu materialın dərin məsuliyyətini yaxşı başa düşürəm. Çünki oxuyacağınız bu müsahibə hər şeyi həqiqətin və yenə də həqiqətin tərəzisində ölçmək baxımından çox vacibdir. Bu sətirləri yazarkən mənə elə gəlib ki, xalqımıza hava, su, işıq kimi gərək olan həqiqətin arxasınca gedirəm və nağıllarda təsvir olunan yolayrıclarında qalmışam. Gah ağ qoçun, gah da qara qoçun tərkindəyəm. Çünki müsahibim olan adama bizim münasibətimiz belə olub. Gah işıqlı, gah zülmətli... Və bu qaranlıqla işıq bizim xalqın qərarında, hökmündə yanbayan yaşayıb. Ona ovuclarımız ağrıyana qədər əl çalmışıq, qədərin çərxi dönəndə isə arxasınca qələm çalmışıq..."Beləliklə, Azərbaycanın XX əsrin ikinci yarısını əhatə edən tarixinə öz möhürünü vurmuş, ölkəmizə üst-üstə 23 il rəhbərlik etmiş Heydər Əliyevin 28 il əvvəlki irihəcmli müsahibəsindən ən maraqlı məqamları oxucuların diqqətinə təqdim edirik.Cavid İsmayılAPA TV-nin Xəbər müdiri, tarix üzrə fəlsəfə doktoru"Mənə ittifaq rəhbərliyindən təklif gəldi ki..."- Faciəli yanvar hadisələrindən xeyli keçməsinə baxmayaraq, xalqın çöhrəsindən matəmin izləri çəkilmir. Yəqin ki, uzun müddət də getməyəcək. Bu ağır dəqiqələrimizdə nə demək istərdiniz?- Ən əvvəl onu demək istərdim ki, Azərbaycanda bu iki ildə vəziyyətin son dərəcə mürəkkəbləşməsi məni çox narahat edir, incidir. Bu, mənim üçün əsl faciədir. Ancaq təəssüf ki, bəzi səbəblərə görə bu işlərə qarışmamışam. Yanvarda vəziyyətin daha böhranlı hala düşməsi mənə məlum idi. Böyük intizar və narahatlıq hissi ilə yaşayırdım. Ancaq yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana Sovet ordusunun böyük qoşun hissələrinin göndərilməsi və bunun ucbatından xalqımın böyük qurbanlar verməsi, günahsız adamların qətlə yetirilməsi məni son dərəcə ağrıtdı. Onu da qeyd edim ki, Azərbaycanda başlanan xalq hərəkatı və onun qaldırdığı bəzi çox ciddi problemlər respublikanın keçmiş rəhbərliyini çox narahat edib və bu məsələləri mənim adımla bağlamağa çalışıb, bu da tam yanlışdır. Mənim Xalq Cəbhəsi ilə heç bir əlaqəm olmayıb, rəhbərləri ilə tanış deyiləm. Bu illərdə çalışmışam ki, respublikanın heç bir işinə qarışmayım. Lakin yanvar hadisələrindən bir gün qabaq mənə ittifaq rəhbərliyindən belə bir təklif gəldi ki, Azərbaycanda vəziyyət çox pisləşib, mənim öz imkanlarımdan istifadə etməyimə böyük ehtiyac var ki, gərginlik aradan götürülsün. Yuxarıdan aldığım bu təklifdən sonra çox fikirləşdim, hətta Azərbaycan xalqına böyük bir məktub da yazdım. Gecəni isə yatmadım, demək, mənə müraciət ediblər, demək, mənim doğma respublikama, xalqıma köməyim dəyə bilər. Ancaq təəssüf ki, bu söhbət yanvarın 19-da olub. 20-də bildim ki, Bakıda böyük faciə baş verib. Belə bir halda heç bir tədbir görə bilməzdim. Mən özüm üçün onu borc bildim ki, bir azərbaycanlı kimi, respublikanın keçmiş siyasi rəhbəri kimi bu hadisələrə öz fikrimi bəyan edim. O vaxt Moskvadan uzaqda sanatoriyada müalicə olunurdum. Onu da bilirdim ki, fikirmi bəyan etməyim mənə çox ağır oturacaq. Ancaq buna baxmayaq yanvarın 21-də, Moskvada respublikanın səfarətxanasına gəldim, mətbuat konfransında çıxış etdim.- Azərbaycanda baş vermiş həmin hadisələrə necə siyasi qiymət verərdiniz?- Yanvarın 21-də Azərbaycanın səfarətxanasında öz fikrimi açıq dedim və yenə təkrar edirəm: ölkənin siyasi rəhbərliyi tərəfindən görülmüş bu tədbir düzgün deyildi. Buna etirazımı bildirim. Belə hesab edirəm ki, gərək vəziyyət bu dərəcəyə catdırılmayaydı. Bu gərginlik bir gündə yaranmayıb, Azərbaycanda, Ermənistanda, DQMV-də aylarla, illərlə gedən proseslər gətirib buna çıxarmışdı. Gərək respublika rəhbərliyi, xüsusən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Vəzirov, ittifaqın rəhbərliyi bu proseslərin qarşısını vaxtında alaydı ki, hərbi aksiyaya yol verilməyəydi. Azərbaycana qoşun göndərilməsi, çoxlu insan tələfatı bizim Konstitusiya əleyhinə, demokratiya əleyhinə olan addımdır. Biz ölkədə hüquqi dövlət yaradırıq, lakin eyni anda hüquqi dövlətə uyğun olmayan hərəkət edirik. Bu tədbiri pislədiyimə görə təəssüf ki, mənim üstümə hücumlar artdı. Fevralın 4-də “Pravda” qəzeti “Aliyevşina ili plaç po slatkomu vremeni” adlı başdan-ayağa quraşdırma, böhtan, əsası olmayan bir məqalə dərc etdi.- Müəllif Əfəndiyev bütün respublika qəzetlərində belə bir məqalə yazmaması və ona imza atmaması barədə bəyanat vermişdir...- Elədir. Müəllif mənə fevralın 6-da, 8-də, 10-da öz dəst-xətti ilə yazılmış üz fototeleqram göndərib, o teleqramlarında məndən üzr istəyib yazır ki, bu, böhtandır. O, "Pravda" qəzetinə də eyni məzmunlu teleqram göndərib. Mən qəzetin redaktoru Frolova teleqram vurub tələb etdim ki, bu məqalə barədə öz fikrimi izah etməyə imkan versinlər. Sonra telefonla da danışdım. O, mənə dedi ki, hələ məsələni aydınlaşdırmamışam, bizim müxbir Bakıdan qayıdıb, hər şeyi aydınlaşdırıb sizə məlumat verərik. Artıq bir ay keçməsinə baxmayaraq, səs-soraq yoxdur. Bu necə demokratiyadır, necə aşkarlıqdır? Bütün bunlar da məni çox incidir.- Yalanı da "Pravda" qəzeti danışır...- Bəli, adı "Pravda" qəzetidir, özü isə yalan danışır. Başa düşdüm ki, mənim başıma bir toxmaq vurdular, yəni sən səsini çıxartma! Lakin mən səsimi çıxardıram. Çünki xalqım belə ağır vəziyyətdə olan vaxtda mən səsimi boğa bilmərəm. Baxmayaraq ki, nə səhhətim yaxşı deyil, nə də ətrafımdakı siyasi iqlim. Ancaq bunların heç birinə baxmayaraq, nə qorxuram, nə də çəkinirəm. Mən həqiqət yolunda, ədalət yolunda həmişə çalışmışam və bu yoldan heç vaxt geri dönməyəcəm. Respublikada yaşamasam da, xalqımlayam, ürəyim xalqımın ürəyi ilə bir vurur. Ən böyük arzum budur ki, tezliklə bu bəlalardan qurtaraq."Moskvada Dəmirçyanla görüşüb dörd saat söhbət etdik..."- Respublikamızda son ildə gərginləşən milli konflikt çoxdan başlayıb. Qonşularımız bəlkə də 10-20 il buna hazırlıq görüblər, Azərbaycana qarşı xüsusi provokasiya və təcavüz planları hazırlayıblar. Sizin bunlardan xəbəriniz olubmu və heç olmasa, qapı arxasında bu məsələlər müzakirə olunubmu?- Bilirsiniz, erməni millətçiləri DQMV-nin Ermənistana verilməsini həmişə öz niyyətlərində tutublar. Xatirimdədir, 1966-cı ildə Azərbaycanla Ermənistanın sərhəd rayonlarında torpaq məsələləri çox kəskin vəziyyət almışdı. O vaxtlar Ermənistan KP MK-nın birinci katibi Koçinyan idi. Belə bir fikir də yaranmışdı ki, bu məsələyə yuxarıda baxılsın. Mən o vaxtlar MK-da işləmirdim, dəqiq deyə bilmərəm. Zənnimcə, bu işə Brejnev qarışıb demişdi ki, bu məsələni qaldırmaq olmaz.Bəzi tarixi materiallardan bilirəm ki, 1948-ci ildə böyük bir qrup azərbaycanlı məcburən Ermənistandan Azərbaycana köçürülüb. Bu, səhv siyasət olub, təəssüf ki, həmin haqsızlığa o vaxtkı Azərbaycan rəhbərləri də razılıq veriblər və bunun nəticəsində Ermənistan ərazisində əsrlər boyu yaşamış adamlar yurdlarından qovulub Azərbaycanın əsasən səhra rayonlarında, olduqca ağır iqlim və həyat şəraitində yaşamağa məcbur olmuşlar. 1948-49-cu illərdə Ermənistan rəhbərliyi DQMV-nin Ermənistana verilməsi məsələsini də qoymuşlar, ancaq buna Azərbaycan rəhbərliyi lazımi cavabı vermişdi. Ədalətlə demək lazımdır ki, Moskvanın o zamankı siyasi rəhbərliyi də həmin iddianın ziyanlı və lüzumsuz olduğunu bildirmişdi. Məsələ bununla bitmişdi. 1960-cı ildə Ermənistan KP MK-nın birinci katibi Koçinyan başda olmaqla bəzi millətçi ruhlu ziyalılar, yazıçılar bu məsələni yenidən qaldırmışdılar və bu dəfə də Moskvada qarşısı alınmışdı.Mən işlədiyim dövrdə bilirdim ki, DQMV-də millətçilik ruhu ilə yaşayan adamlar var və onlar Ermənistandakı həmfikirləri ilə sıx əlaqə saxlayır, DQMV-nin Ermənistana verilməsi haqda öz fikirlərini həyata keçirməyə cəhd göstərirlər. Əlbəttə, bütün bunlar gizli aparılırdı. Yaxşı yadımdadır, 1973-cü ildə DQMV-nin rəhbərliyini dəyişdik, yeni rəhbərlik seçdik. Qeyd edim ki, DQMV-nin yeni rəhbərləri belə fikirlərin inkişafına yol vermirdilər. Birinci katib seçiləndən bir ay sonra, 1969-cu ilin sentyabrında Ermənistan KP-nin birinci katibi Anton Koçinyana zəng edib, onunla görüşmək istədiyimi bildirdim. Görüşümüz Qazax rayonu ilə İcevan rayonunun sərhədində oldu. Mən məsələni qəti qoydum və Koçinyana təklif etdim ki, Ermənistandakı millətçi adamları öz ərazi iddialarından çəkindirmək üçün əməli, konkret işlər görsün. Zənnimcə, o görüşümüz səmərəli oldu. Çünki sonrakı dövrlərdə respublikalarımız arasında bizi narahat edən məsələlər baş vermədi.1975-ci ildə DQMV-nin plenumunda vilayət partiya komitəsinin katibi Gevorkov beynəlmiləlçilik tərbiyəsinə həsr etdiyi məruzəsində bəzi millətçi ünsürləri tənqid etmiş, o cümlədən Ermənistandakı millətçi ruhlu adamların DQMV-də sabitliyi pozmağa çalışdıqlarına dair konkret faktlar gətirmiş, indi hamı üçün öz çirkin əməlləri ilə məşhur olmuş Zori Balayanın adını çəkmiş, daşnak Andronikin xalq qəhrəmanı kimi təbliğ olunmasını tənqid etmişdi. Məhz buna görə də millətçi ünsürlər yenidən baş qaldırdı və ilk növbədə Gevorkovun, eləcə də DQMV partiya komitəsinin əleyhinə cürbəcür hərəkətlər başlandı. Moskvaya, başqa yerlərə teleqramlar vuruldu, vəziyyət gərginləşdi. İki ay sonra Moskvada Dəmirçyanla görüşüb dörd saat söhbət etdik. Ona bildirdim ki, DQMV-nin problemlərini vilayətin və Azərbaycanın rəhbərliyi həll etməlidir, Qarabağın işlərinə ayrı-ayrı şəxslərin qarışması ümumi münasibətimizə ancaq ziyan vurar və biz buna yol verə bilmərik. Bu dəfə yenə ara sakitləşdi."O məktubu ailə üzvlərimdən başqa heç kəs görməyib"- Qarabağdan başqa da onların ərazi iddiaları olub. Axırıncı dəfə Qazax rayonunun xeyli sərhəd torpağı verilib. Bu barədə siz nə deyə bilərsiniz? Heç olmasa, sonuncu torpaq iddiasına təsir göstərə bilərdinizmi?- Bu suala cavab verirəm. Ancaq əvvəlcə bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Mən 1987-ci ilin may ayında xəstələndim. Sağalandan sonra bir-iki ay işlədim. O dövrdə Ermənistandan bir məktub aldım. Müəllifi Qarabağ cəmiyyətinin rəhbərlərindən olan İqor Muradyandır. Təəssüf, məktub yanımda deyil. Bu, həyasız bir adam tərəfindən yazılmış məktubdur. Məktubda mən təhqir olunuram, hədələnirəm. Məktub müəllifi bildirir ki, onlar mənimlə mübarizə aparacaqlar, çünki Qarabağın Ermənistana verilməsinə mane oluram. Məktubda erməni terroristləri tərəfindən öldürülmüş azərbaycanlıların və türklərin siyahısı göstərilib. O məktubu ailə üzvlərimdən başqa heç kəs görməyib. Bir neçə ay bundan qabaq Ermənistanda rus dilində çıxan "Kommunist" qəzetində Zori Balayanın "Artsaxın ağrısı və ümidi" adlı məqaləsi çap olunmuşdu. O da haqqımda çox hədyanlar yazır, Qarabağın Ermənistana verilməməsində məni günahlandırır. Məqalədə göstərir ki, o və Silva Kaputikyan mənim barəmdə Moskvaya cürbəcür məktublar göndərib. İqor Muradyan isə mənim məhkəməyə cəlb olunmağımı tələb etmişdi. Sonralar bildim ki, Moskvada işləyərkən erməni millətçiləri Balayan, Kaputikyan, Muradyan mənim haqqımda cürbəcür məktublar göndərmişlər.- Sizin arxanızca respublikamızdan da anonim məktublar gəlib?- Bəli, təxminən, 1986-87-ci illərdə mənim haqqımda böhtan dolu anonim məktublar respublikamızdan və Ermənistandan gəlmişdir. Və mənə sonralar aydın oldu ki, İ.Muradyan və Z.Balayan kimiləri mənim əleyhimə uzun müddət işləyiblər. Torpaqlar haqqında sualınıza cavab verim. 1969-cu il iyulun 14-dən 1982-ci ilin dekabrın 3-nə kimi Az.KP MK-nın birinci katibi olmuşam. Bu müddətdə Azərbaycan ərazisinin bir qarışı da Ermənistana verilməyib. Bu faktdır. Baxmayaraq ki, Ermənistan tərəfindən ayrı-ayrı yollarla torpaqların alınmasına cəhdlər olurdu, lakin mən bunların qarşısını həmişə almışam.- Onlar hansı yolları təklif edirdilər?- Açıq heç nə demirdilər. Bəzi rəhbər işçilər vasitəsilə mənə çatdırırdılar ki, biz gərək Ermənistanla Azərbaycanın xəritəsini dəqiqləşdirək. Guya burada müəyyən səhvlər buraxılıb. Mən isə hamıya deyirdim ki, bizim sərhədimiz məlumdur və heç nəyi dəyişdirməyə ehtiyac yoxdur. Yadımdadır ki, Kəlbəcər rayonu ilə sərhəddə qızıl mədəni var idi. Orada qızıl axtarmaq bəhanəsi ilə ermənilər bizim torpağa keçmişdilər. Bunu bilən kimi respublika Nazirlər Sovetinə, Kəlbəcər rayon rəhbərliyinə göstəriş verdim ki, yubanmadan onları çıxartsınlar və biz məsələni həll etdik. Ancaq siz deyirsiniz ki, mən bu torpaqların verilməsinə təsir göstərə bilərdim, ya yox?- Qazaxda olan hadisə. Toqquşma...- Bəli, bunu mən bildim. Eşitmişdim ki, orada ermənilər və azərbaycanlılar arasında vuruşma olmuşdur. Ancaq işin nə yerdə olduğunu, hansı tədbirlər görüldüyünü bilmədim. Bilirsiniz, mən işləyən dövrdə həm Siyasi Büroda, həm də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində mənim öz sahəm var idi. Mənim Azərbaycandan gəlməyimə və xüsusən də Azərbaycanın işinə qarışmağıma burada çox qısqanc yanaşırdılar. İkincisi, təəssüf ki, məndən sonra Azərbaycana rəhbərlik edən yoldaşlar, xüsusən Kamran Bağırov məndən məsləhət almağa özlərində ehtiyac hiss etməmişlər. Ona görə də bu işlərə qarışmamışam və qarışmağa mümkünatım da yox idi.- Bəs Ermənistana xeyli sahənin verilməsini eşitdikdə bu sizə necə təsir etdi?- Nə qədər sahənin verilməsini bilmədim. Onu bildim ki, Bağırovla Dəmirçyan sərhəddə görüşüb, ümumi razılığa gəliblər."DQMV-nin 50 illiyində dedim: “DQMV Azərbaycanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq qalacaq”- İki il davam edən bu konflikt kəskin ziddiyyətlərə aparıb. Necə bilirsiniz, bu konfliktdən vaxtında çıxmaq olardımı?- Qətiyyətlə deyirəm ki, bu konfliktin qarşısını almaq olardı. Hər şey Qarabağ məsələsindən başlayıb və bu fikirdəyəm ki, həmin məsələ yeni qaldırılan vaxtı Azərbaycan KP MK rəhbərliyi ciddi, qəti təbdirlər görməliydi. Ermənistan rəhbərliyi ilə sıx əlaqə saxlamalıydı, çünki məsələni qaldıran Ermənistan Respublikası olub. Bir fikirlə heç vaxt razılaşmaram ki, guya bu məsələni Dağlıq Qarabağ əhalisinin özü qaldırıb. Mən DQMV əhalisi ilə dəfələrlə görüşmüşəm, vilayətin bütün rayonlarında olmuşam, ermənilərlə də çox söhbət etmişəm. Bir nəfər də deməyib ki, Qarabağ verilsin Ermənistana. Bir faktı da xatırladım. DQMV-nin 50 illik yubileyi idi. Vilayət "Xalqlar Dostluğu" ordeni ilə təltif olunurdu, oradakı çıxışımda dediyim bir cümləni erməni millətçiləri indi də bağışlaya bilmirlər. Mən bəzi əhval-ruhiyyələri hiss edərək demişdim ki, “DQMV Azərbaycanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq qalacaq”.Yenə təkrar edirəm, bu konflikt Qarabağ əhalisinin təşəbbüsü ilə deyil, Ermənistanda yaşayan Balayan, Muradyan kimi adamların, onların millətçi təşkilatlarının fəaliyyəti nəticəsində qalxıb və ilkin mərhələdə bu vəziyyətin qarşısı mütləq alınmalı idi. Sonra azərbaycanlılar Ermənistandan kütləvi surətdə didərgin salındılar. DQMV-dən, öz doğma torpağından, Stepanakertin (indiki Xankəndi - red.) fabrik və zavodlarından qovanda da bunun qarşısını almaq olardı, çünki hələ nə Sumqayıt hadisəsi var idi, nə də böyük qurbanlar. Azərbaycan və Ermənistan respublikalarının rəhbərliyi ziddiyyətin bu dərəcəyə çatmaması üçün əməli işlər görməliydi. Bu məsələlərə SSRİ-nin siyasi rəhbərliyi də ciddi yanaşmalıydı. Təəssüf, bunlar olmamışdır. Sonra Sumqayıt baş verdi, azərbaycanlılar Ermənistandan qovuldular. 1988-ci ilin fevralında güclənən konfliktlərə, ümumiyyətlə, Qarabağ məsələsinə SSRİ Ali Soveti Rəyasət Heyəti yalnız iyun ayında baxdı. Həmin vaxt əslində nə qərar qəbul etdilər? Heç nə! Mənə elə gəlir ki, əgər konflikt başlayanda - 1987-ci ilin sonlarından ölkə rəhbərliyi “DQMV Azərbaycanın tərkibindədir və Azərbaycanın suverenliyini pozmaq olmaz!” deyə öz qəti, aydın, həlledici mövqeyini bildirsəydi, hər şeyin qarşısı alınardı, belə faciələr də baş verməzdi.- Ümumiyyətlə, o dövrdə başlanan hadisələrin üstündən sükutla keçdilər. 1987-ci ildə Ermənistandan qovulan azərbaycanlılar haqqında nə mərkəzi, nə də respublika mətbuatı yazdı, heç özümüzünkülər də bu barədə danışmağa imkan vermədi...- Belə hesab edirəm ki, bu, respublika rəhbərliyinin, xüsusən Vəzirovun ən böyük siyasi səhvlərindəndir. Şübhəsiz ki, həm də sovet rəhbərlərinin siyasi səhvidir. Bir şeyə məəttəl qalıram: 200 min azərbaycanlı 2-3 gün ərzində öz yurd-yuvalarından qovalanıb töküldülər Azərbaycanın şəhər və kəndlərinə, ac-yalavac yaşayırlar. Respublika hökuməti isə buna siyasi qiymət vermir. İndi SSRİ hökuməti Azərbaycandan çıxmış ermənilərin vəziyyəti haqqında xüsusi qərar qəbul etmişdir. Bəs nə üçün o vaxt Ermənistandan sürgün olunan azərbaycanlıların aqibəti haqqında düşünülməmişdir, lazımi qərar qəbul edilməmişdir? Buna cavab tapa bilmirəm.- Azərbaycanda gedən hadisələrin fonunda AXC hərəkatını necə qiymətləndirirsiz?- Ölkədə cürbəcür yeni, qeyri-formal təşkilatların yaranması Azərbaycandakı ictimai-siyasi ab-havaya öz təsirini göstərmişdir. Ancaq AXC-in yaranmasının əsas səbəbi Qarabağ hadisələri olmuşdur. Həm də bu proses eyni zamanda Qarabağ hadisələrinin respublika və ölkə rəhbərliyi tərəfindən vaxtında, lazımi dərəcədə qiymətləndirilməməsi nəticəsində baş vermişdir. Düzdür, mən AXC-in heç bir məramnaməsi, proqramı ilə tanış deyiləm. Moskvada yaşadığıma görə ancaq respublika mətbuatında yazılanları oxuyuram. Mənə çatan məlumatlardan onu deyə bilərəm ki, AXC Azərbaycanda böyük qüvvədir, xalqa təsir edə bilir. Onun daxili quruluşunu da bilmirəm. 20 Yanvar hadisələrindən sonra bildim ki, guya AXC-in xüsusi müdafiə komitəsi olubdur.- Müdafiə komitəsi Qarabağın, Ermənistanla sərhəd rayonlarının qorunması üçün yaradılmışdı. Bunun Bakı hadisələrinə heç bir dəxli yoxdur...- Mən qəzetlərdən oxuduğumu deyirəm. Hətta müdafiə naziri Yazova sual verdilər ki, nə vaxt Azərbaycandan çıxacaqsınız? O dedi ki, Azərbaycan Xalq Cəbhəsinin müdafiə komitəsinin bütün quruluşunu ləğv etməyincə biz oradan getməyəcəyik. Deyirlər, AXC-də cürbəcür qruplar, təmayüllər var. Ancaq ümumi fikrim budur: AXC Azərbaycan xalqının hüququnu müdafiə etmək üçün böyük qüvvədir. Mənə elə gəlir ki, əgər AXC olmasaydı, Azərbaycanın suverenliyinin qorunması çətin olardı. Təəssüf ki, respublikanın siyasi rəhbəri Azərbaycanın suverenliyi haqqında heç düşünmürdü. Mənə məlumat çatdı ki, Şuşanın yaxınlığında Topxana meşəsi dağıdılıb. Ora Yerevandan çoxlu inşaat materialları gətirilib və zavod tikintisinə başlanır. Bu məsələni də AXC qaldırıb. Bəs respublika rəhbərliyi bunun qarşısını vaxtında niyə almayıb? Rəhbərliyin Topxananın dağılmasına biganə yanaşması məni çox narahat etdi. AXC-nin vaxtında gördüyü işlər nəticəsində Topxana meşəsinin yerində zavod tikilməsi ləğv olundu. Xalq Cəbhəsi öz nüfuzunu göstərdi və sübut etdi ki, respublika hökumətindən daha çox AXC xalqın suverenliyini, tarixini, ənənəsini, abidələrini qorumaq fikrindədir. Əgər AXC belə bir məramla çıxış edirsə, bunu ancaq alqışlamaq lazımdır.- Sizcə, Azərbaycan öz gələcəyi üçün hansı yolu seçməlidi?- Bunu gərək Azərbaycan xalqının özü təyin etsin."...məni ləkələməklə xalqın tarixinin böyük bir hissəsini ləkələyirlər"- Respublikada sizi istəyənlər də, istəməyənlər də güclü bir şəxsiyyət olduğunuzu etiraf edirlər. Son illər istər mətbuatda, istərsə camaatın söz-söhbətində tənqidlərə məruz qalırsınız. Bu tənqidlərin içərisində haqlı da var, haqsız da var...- Ədalətsiz, böhtan xarakteri daşıyan tənqidlər son iki ildə baş vermişdir. Əlbəttə, bu, ayrı-ayrı şəxslərin işidir. Onlar bir para jurnalistləri ələ alıb, cürbəcür vasitələrlə belə məqalələrin yazılmasına və çap olunmasına nail olurlar. Elə götürün “Pravda” qəzetindəki məqaləni. O məqalənin bütün məzmununa baxanda başa düşə bilmirəm, axı mənim günahım nədədir? Təəssüf ki, o adamlar başa düşmürlər ki, məni ləkələməklə xalqın tarixinin böyük bir hissəsini ləkələyirlər. Həqiqət gec-tez öz yerini tapacaq. Bu böhtanlar, quraşdırmalar görülən işlərin mahiyyətini itirə bilməz. Şübhəsiz ki, o dövrdə mənim şəxsi fəaliyyətimdə, respublika partiya təşkilatının fəaliyyətində müxtəlif səhvlər olubdur. Bəzilərini düzəltmişik, bəzilərini yox. Qalanlarını sonradan gələnlər düzəltməli idilər. Bu, dialektikanın qanunudur. Ümumiyyətlə, mənim dövrüm tərəziyə qoyulsa, müsbət qiymətləndirilməlidir. Bunu tarix göstərəcək. Tarix hər şeyi öz yerinə qoyacaq."Bakıda qonaq evi olmadığına görə Nikson Kiyevə getdi"- Brejnevin Bakıya gəlməsi ilə bağlı təntənəli qəbullar, ona bağışladığınız qiymətli, brilyant qaşlı üzük, onun şərəfinə tikilmiş dəbdəbəli saray barədə nə deyə bilərsiniz?- Burada da çox böhtanlara yol verilib. Birincisi, Brejnevin təntənəli qəbul məsələsi. Gəlin, açıq danışaq. O dövrdə harada Brejnevi təntənəsiz qəbul edirdilər? Brejnev gedirdi Bolqarıstana, ona BXR Xalq Qəhrəmanı adını verirdilər, gedirdi Çexoslovakiyaya, Almaniyaya, yenə həmçinin. Bu təntənələr o dövrün dəbi, ənənəsi idi. Mən bu ənənədən çıxa bilərdimmi? Ona görə yox ki, qorxurdum. Xeyr. Mən bunu təbii hesab edirdim. 1960-cı ildə Xruşşov Bakıya gəlmişdi. Mən də onun qəbulunda şəxsən iştirak edirdim. Onu daha təntənəli qəbul etmişdilər. Brejnevin getdiyi bütün respublikalardakı təntənəli qəbulların hamısında iştirak etmişəm. Hətta biz, müttəfiq respublikalar bu təntənəli qəbullar barəsində təcrübəni, bəzi təntənə elementlərini bir-birimizdən öyrənirdik, çalışırdıq ki, heç kəsdən geri qalmayaq. Bunun üçün heç kəsi günahlandırmaq olmaz. Ancaq indi belə çıxır ki, Brejnev təkcə Azərbaycanda təntənəli qəbul olunub. Bunu da bilməlisiniz ki, Brejnev şəxsiyyət kimi yox, ölkə rəhbəri kimi qarşılanırdı. Çalışırdıq ki, respublika əhalisini Rusiyaya, Ümumittifaq dövlətinə, partiyanın MK-na sədaqət ruhunda tərbiyə edək. Ona münasibət, hörmət, ehtiram onun tutduğu yüksək vəzifəyə aid idi.O ki qaldı üzüyə... Mən ona qaşlı üzük verməmişəm. Bu yalandır, uydurmadır. Brejnev son dəfə Bakıya gələndə təyyarədən düşəndə sol əlinin barmağında kişi üzüyü var idi, məndə bunu sübut edəcək fotolar var. Bu, qaşlı üzük deyildi, adi metaldan, dördbucaq formalı idi. Mən bu üzüyü onun barmağında Moskvada da görmüşdüm. O, bəzən belə şeylər gəzdirirdi. Azərbaycanda Brejnevin şərəfinə saray tikilməsi məsələsi... Bu da yalandır. Azərbaycan böyük respublikadır, Bakı da böyük şəhərdir. Moskvadan, xarici ölkələrdən Bakıya çox qonaqlar – prezidentlər, baş nazirlər, krallar gəlirdilər. Lakin belə adamları yerləşdirmək üçün qonaq evimiz, rezidensiyamız yox idi. Müqayisə edin: 1970-ci ildə Azərbaycanda neçə mehmanxana var idi, 1970-1980-ci illərdə neçəsi tikilib. Yadımdadır, Azərbaycanın 50 illik yubileyini keçirəndə qonaqları yerləşdirə bilmirdik. Bir dəniz kənarında "İnturist", Salyanski kazarmanın yanında isə "Naxçıvan" mehmanxanaları var idi. 2-3 il çətinlik çəkdik. Lenin meydanındakı “Azərbaycan” və “Abşeron”, vağzalın üstündəki “Qarabağ” və başqa mehmanxanalar tikildi. Mən çox ölkələrdə oldum. Qara dəniz sahillərindəki cürbəcür mülkləri gördüm. Bizim respublikamız bu sahədə geri qalırdı, kasıb idi. Qərara gəldik ki, respublikamızda lazımi bir qonaq evi tikilsin. 1974-cü ildə Amerika prezidenti Nikson birinci dəfə idi ki, Moskvaya gəlirdi. Onun SSRİ-yə səfər proqramında Bakıya gəlişi də nəzərdə tutulmuşdu. Mənim üçün bu çox qəfildən oldu. Prezidenti yerləşdirmək üçün layiqli qonaq evinin, ya mehmanxananın olmasını yoxlamaq üçün Moskvadan, bir çox təşkilatlardan, Xarici İşlər Nazirliyindən, Dövlət Təhlükəsizlik Komitəsindən nümayəndələr gəldilər. Qayıdanda Moskvaya məlumat verdilər ki, Niksonun Azərbaycana getməsi üçün heç bir şərait yoxdur. Niksonun gəlib-gəlməməyinin mənim üçün böyük fərqi yox idi. O, Bakı əvəzinə Kiyevə getdi. Lakin respublikanın rəhbəri kimi, bir azərbaycanlı kimi bu, mənə çox toxundu. Bu necə dövlətdir ki, qonaq qəbul etməyə yeri yoxdur? Odur ki, qonaq evi tikməyi qərarlaşdırdıq və bu çox uzun çəkdi, çünki qonaq evinin inşasını böyük tikinti təşkilatlarına deyil, Nazirlər Sovetinin Təsərrüfat İdarəsinin kiçik inşaat trestinə həvalə etdik. Orada Brejnevdən başqa xarici ölkələrin dövlət başçıları, nümayəndələri, indiki Siyasi Büronun bir sıra üzvləri də yaşayıblar. “Brejnev üçün ev tikilib” məfhumunun özü gülünc və məntiqsizdir. Məgər Brejnev Bakıda yaşamalı idi ki, ona ev tikək? Bir də kim güman edə bilərdi ki, Brejnev Bakıya gələcək, ya gəlməyəcək? Mən çox şadam ki, o ev tikilib. O, həm xarici, həm də daxili quruluşuna görə gözəl memarlıq abidəsidir. Əgər belə bir memarlıq nümunəsini Azərbaycan xalqı üçün tikib qoymuşuqsa, deməli, xeyirxahlıq işi görmüşük. Bu evi mən özümə deyil, respublikama, xalqıma tikmişəm. "Cavidin məzarını gətirmək xalqım qarşısında borcum idi"- Söhbət ki, gəldi xeyirxahlıq işlərinə, Hüseyn Cavidin nəşinin Azərbaycana gətirib, öz doğma torpağına tapşırdığınız üçün hər bir azərbaycanlı sizə minnətdar olmalıdır...- Bu mövzu yadıma düşəndə həmişə kövrəlirəm. Azərbaycanın keçmiş və müasir mədəniyyət xadimlərinə həmişə böyük hörmətim olub. Mən onları heyranlıqla sevmişəm. Səməd Vurğuna olan məhəbbətim onu nəzərimdə ilahiləşdirib. S.Vurğun 1956-cı ildə vəfat etmişdi, ancaq ev-muzeyini 1975-ci ildə açdıq. Bəs bu uzun dövr ərzində belə bir dühanın ev muzeyini açmaq mümkün deyildimi? Əlbəttə, Azərbaycan, Bakı üçün bu, adi bir şey idi. Sadəcə olaraq bunu düşünən yox idi. Ancaq biz bunu etdik. Şairin ailəsi ilə həyat yoldaşı Xavər xanımla danışdıq, ailə üzvlərini yaxşı yaşayış evləri ilə təmin etdik. Azərbaycanda SSRİ ədəbiyyatı günlərində biz həmin muzeyi açdıq. Lenti Nikolay Tixonov və Süleyman Rüstəm kəsdi.Götürək Cəfər Cabbarlını. O, 1934-cü ildə vəfat edib. Lakin 1980-ci ilə qədər C.Cabbarlının Bakıda nə abidəsi, nə də ev-muzeyi var idi. Bu işlə maraqlandım. Öyrəndim ki, Cabbarlının evi yuxarı məhəllədə olub, şəxsi evidir, indi oğlu yaşayır. Uzun danışıqlardan, bütün xahişlərini ödəyəndən sonra oğlunu yola gətirdik. Həmin evi boşaldıb ev-muzeyi açdıq. Sabunçu vağzalının yanında isə ona abidə ucaltdıq. O cümlədən Bülbülün, Ü. Hacıbəyovun ev-muzeyləri. Ü. Hacıbəyov 1948-ci ildə, Bülbül 1962-ci ildə vəfat etmişdir, lakin hər ikisinin ev-muzeyi yetmişinci illərdə açılıb. Böyük şairimiz Vaqifin Şuşa şəhərindəki qəbrinin üstündə gözəl və əzəmətli məqbərə də 1981-ci ildə tikilib qurtarmışdır. 1981-82-ci illərdə biz Bakıda Cəlil Məmmədquluzadənin, M. S. Ordubadinin, M. Maqomayevin ev-muzeylərinin açılması üçün qərarlar qəbul etdik. Onlar yaşadıqları mənzilləri boşaltdıq, onların qohumlarına başqa evlərdə mənzil də verdik. Təəssüf ki, bu niyyətlər indiyə qədər həyata keçirilməyib.Hüseyn Cavidə gəlincə, o, Azərbaycan ədəbiyyatında görkəmli simadır, ona “Şərqin Şekspiri” deyərdilər. Əsərlərini oxuduqca Cavidin Azərbaycan üçün necə böyük bir sərvət olduğunu bir daha yəqin edirsən. Onun qəbrini tapmaq, sümüklərini gətirib doğma torpağında basdırmaq o qədər də asan deyildi. Etiraf edək ki, o dövrlərdə 1937-38-ci illərin qurbanlarına münasibət hələ başqa idi. Cavidə “millətçi”, “pantürküst” damğası vurmuşdular. Baxmayaraq ki, yavaş-yavaş Cavidin əsərləri çap olunmağa, teatrlarda göstərilməyə başladı, lakin o damğa hələ də üstündən tam götürülməmişdi. Odur ki, qərara belə qərara gəlmək mənim üçün o qədər də asan deyildi. Cavidin qəbrini tapdıq. Şairin qızı Turan xanım çox istəyirdi ki, o, Bakıda, Fəxri Xiyabanda dəfn olunsun. Mən təklif etdim ki, Cavid Naxçıvanda, anadan olduğu yerdə dəfn edilsin. Qoy tarix aydın etsin hansı təklif daha düz olub! Fəxri Xiyabanda yan-yana yatan dahilər çoxdur, lakin Naxçıvan torpağında onun qəbri ziyarətgaha çevriləcək. Mən belə fikirləşdim ki, Cavidin qəbri üzərində Nizaminin, Vaqifin məqbərəsi kimi məqbərə tikilsin. Bundan qabaq isə biz Naxçıvanda onun ev-muzeyini açmışdıq. Zənnimcə, bu, tək xeyirxahlıq deyil, mənim öz xalqım qarşısında borcumdur. Əgər xalq o dövrdə mənə inanmışdısa, öz taleyini mənə tapşırmışdısa, mən onun haqqında düşünməli idim. "Füzuli və Nəsiminin də qəbrini gətirmək istəyirdim"- Eşitdiyimə görə, sizin Füzuli haqqında da belə fikriniz olub...- Füzuli və Nəsimi. Nəsiminin 600 illiyini keçirdik, Bakıda heykəlini ucaltdıq. Onun yubileyində UNESCO-nun sədri də iştirak edirdi. Sonra mən Suriyaya, Kommunist Partiyasının nümayəndə heyətinin rəhbəri kimi getməli oldum. Prezident Hafiz Əsəd bizi qəbul etdi. Hələb şəhərindən 40-50 km aralıda SES tikilirdi. Biz o tikintiyə baxmalı idik. Xahiş etdim ki, ora getməzdən qabaq Hələb şəhərində Nəsiminin qəbrini ziyarət etməkdə mənə kömək etsinlər. Təəssüf ki, Sovet səfarətxanasının işçiləri Nəsiminin qəbrinin harada olduğunu deyə bilmədilər. 2-3 saatlıq axtarışdan sonra Nəsiminin harada dəfn olunduğunu bilən bələdçi tapıldı. Həmin qəbiristanlığa getdik.Qabaqcadan xəbər verildiyi üçün qəbirə qulluq edən adam – Nəsimin törəməsi bizi gözləyirdi. Doğrusu, qəbir çox yaxşı halda idi. Qəbri ziyarət etdim, onun qəbiləsindən olan adamlarla tanış olub söhbət etdim və Nəsimini Azərbaycana gətirmək fikrindən daşındım. Deməli, Hələbdə Nəsimi nəsli davam edirmiş və onlar Nəsiminin qəbrinə çox gözəl qulluq göstərirmişlər, qəbri tərpətmək lazım deyildi.O ki qaldı Füzulinin qəbrinə, məlumat aldım ki, İraq hökumətinin nümayəndələri Kərbəlada, Füzulinin dəfn olunduğu qəbiristanlığı rekonstruksiya etmək məqsədilə qəbri söküb, şairin sümüklərini yığıb başqa yerdə saxlayırlar. Bu məni dəhşətə gətirdi. SSRİ Xarici İşlər Nazirliyi vasitəsilə bu məsələni qaldırdıq. Məktublar göndərdik. Bir nəticə hasil olmadı. Süleyman Rüstəmi, Rəsul Rzanı, Mirzə İbrahimovu, Nəbi Xəzrini və başqalarını çağırıb bu işə cəlb etdim. Heyf ki, lazımi dərəcədə hərəkətə gəlmədilər. O vaxt bizdə təzəcə İraq konsulluğu açılmışdı. Həmin dövrlərdə İran-İraq müharibəsi başladı, münasibətlərimiz kəskinləşdi. Bizə dedilər ki, bu məsələni dövlət səviyyəsində qoymağımız çox çətindir. İraq prezidenti Həsən əl-Bəkrə məktublar yazdıq. Çox cəhd elədik, lakin Füzulini Azərbaycana gətirməyə nail ola bilmədik. Belə güman edirəm ki, əgər bizim ziyalılarımız, onların görkəmli nümayəndələri daha fəal hərəkət etsəydilər, istəyimizə nail ola bilərdik. Təəssüf ki, ardıcıllıq çatmadı. N.Xəzrinin başçılıq etdiyi xarici ölkələrlə əlaqə cəmiyyəti bu sahədə çox iş görə bilərdi. Hesab edirəm ki, indi bu məsələni müvəffəqiyyətlə həll etmək üçün əlverişli şərait yaranıb. Başqa ölkələrlə, o cümlədən İraqla əlaqələr genişlənib, hərəkət etmək lazımdır."1967-70-ci illərdə bircə general-leytenant rütbəli adamımız vardı"- İndi heç maraqlanan da yoxdur MK-nın birinci katibi kimi ən əvvəl nədən başladınız?- Birinci növbədə görüləsi işlər çox idi. O cümlədən ali məktəblərin işi, bu məktəblərə qəbul məsələsi də bizi çox narahat edirdi. İnstitutlarda vəziyyət çox pis idi. Gördüyümüz tədbirlər nəticəsində bəzi dəyişikliklərə nail olduq. O vaxtlar respublikadan SSRİ-nin başqa şəhərlərinə ildə cəmisi 50 nəfər abituriyent göndərilirdi, onların da əksər hissəsi azərbaycanlı deyildi. Demək, respublika üçün yaranmış kiçik bir mümkünatdan da lazımi qədər istifadə olunmurdu. Biz bu məsələ ilə ciddi məşğul olduq, MK-nın xüsusi nəzarəti altına aldıq. Bu qərara gəldik ki, ilbəil SSRİ-nin başqa şəhərlərinin, xüsusən Moskvanın, Leninqradın ali məktəblərinə göndərilən abituriyentlərin sayını artırmalı və göndərilənlərin əksəri azərbaycanlı olmalıdır. Bu yolla Azərbaycanın gələcəyi üçün yüksək səviyyəli, cürbəcür ixtisaslı, müasir tələblərə uyğun olan ali təhsilli mütəxəssislər hazırlamaq istəyirdik. Yaxşı nəticə əldə olundu. 1975-ci ildə SSRİ-nin başqa şəhərlərinə 400 abituriyent, 1978-ci ildən başlayaraq 50-dən çox şəhərin ali məktəbinə ildə 800 nəfər abituriyent göndərirdik. Başqa millətlərin nümayəndəsi 5-6 nəfər təşkil edirdi. Və hər il ali məktəblərə yola düşməzdən əvvəl həmin gənclərlə respublikanın partiya-sovet fəallarının görüşü keçirilirdi, onların qarşısında çıxış edirdim. Düşünürdüm ki, 800 nəfər bir ali məktəbin qəbuludur. Deməli, bu yolla bizim bir ali məktəbimiz də yaranıb. O dövrdə Azərbaycanda 5 yeni ali məktəb açıldı. Başqa şəhərlərə göndərilən gənclərimiz həm rus dilini yaxşı mənimsəyəcək, eyni zamanda həmin yerin təcrübəsini dərindən öyrənəcəkdilər, bir hissəsi respublikamıza qayıdacaq, bir hissəsi o şəhərlərdə qalacaqdılar. Eybi yoxdur, qoy ölkənin hər yerində azərbaycanlılar olsun. Mən Azərbaycanın gələcəyini, onun intellektual potensialını ciddi düşünürdüm.Məsələn, C. Naxçıvanski adına internat məktəbinin açılmasının əhəmiyyətini bilirsinizmi? 1970-71-ci illərdə biz respublikanın rayonlarına hərbi komissar göndərməyə azərbaycanlı zabit tapa bilmirdik, rusları göndərirdik. Orduda azərbaycanlı generalların, zabitlərin sayı həddindən artıq az idi. Bəs niyə millətimiz geri qalmalı idi? Çar dövründə baxmayaraq müsəlmanlar orduya çağırılmırdılar, bax, o cür bir vaxtda bizim rus ordusunda Əliağa Şıxlinski, Mehmandarov kimi generallarımız var idi. Niyə indi başqa millətlərin marşalı, generalları var, bizim isə yox? Odur ki, ölkənin ali hərbi məktəblərinə azərbaycanlı gənclərin çoxlu miqdarda göndərilməsi zərurəti qarşıya çıxdı. Bunun üçün xüsusi internat məktəbi yaratdıq. Bu məktəbin tikilməsi, avadanlıqla təmin olunması ilə xüsusi məşğul olurduq. Bu məktəbə qəbul olunanların əksəriyyəti azərbaycanlılar idi. Onlar 3 il oxuyub orta təhsil alır, hərbi hazırlıq keçir, rus dilini mənimsəyir, sonra isə müvəffəqiyyətlə ölkənin ali hərbi məktəblərinə qəbul olunurdular. Hər il Büro üzləri ilə bərabər həmin məktəbə gedir, tələbələr qarşısında çıxış edirdik. Çox sevinirdim ki, onun məzunları – azərbaycanlılar zabit olurlar, sovet ordusunda qulluq edirlər. Təəssüf ki, son illərdə bu məktəbin də aqibəti yaxşı olmadı. Əgər Azərbaycan öz suverenliyi, tam azadlığı barədə fikirləşirsə, o, ilk növbədə öz milli ordusu, milli zabitləri barədə fikirləşməlidir. Mən bunların hamısını düşünürdüm.- İndi milli ordunun, bu orduya rəhbərlik edəcək zabitlərin, hərbi komandirlərin olmaması bizim qarşımızda böyük problemlər qoyur...- Mən bu yolda çox çalışmışam. Onu deyim ki, Bakıda Salyanski kazarma deyilən yerdə Azərbaycan SSR Ali Soveti adını daşıyan ali hərbi məktəb var. Aydınlaşdırdıq ki, hər il qəbul olunan 350 nəfər kursantın ancaq 10-15 nəfərini azərbaycanlılar təşkil edirdi. Xətai rayonu ərazisində Kirov adına Ali Hərbi Dəniz Donanması məktəbi var, özü də ölkədə olan Ali Dəniz Donanması məktəbləri arasında fərqlənir. Burada xarici tələbələr də oxuyurlar. Məktəbə ildə bir, ya iki azərbaycanlı qəbul olunurdu. Biz bu sahədə də lazımi tədbirlər gördük. Azərbaycanın ərazisində olan bu iki ali hərbi məktəbə qəbul olunan azərbaycanlıların sayını bir neçə dəfə artırdıq. Ümumiyyətlə, 1980-81-ci illərdə hər il ölkənin ali hərbi məktəblərinə ildə 800 nəfərdən çox gənc azərbaycanlı göndərməyə nail olduq. Tarixdə ilk dəfə Bakı Ali Hərbi Məktəbinə rəis azərbaycanlı – general Bərşadlı təyin olundu. Xəzər Hərbi Dəniz Donanmasının Komandanı isə azərbaycanlı admiral Qasımbəyov oldu. Son illər onlar təqaüdə gedəndən sonra təəssüf ki, yerlərinə yenə də azərbaycanlı təyin olunmadı.1967-70-ci illərdə azərbaycanlılardan Hüseyn Rəsulbəyov adlı bircə general-leytenant rütbəli adamımız vardı. O, Bakı hərbi hava müdafiəsi dairəsində raket qoşunlarına komandanlıq edirdi. Sonra isə ordu sıralarında azərbaycanlı generalların sayı artdı. Tofiq Ağahüseynov Bakı Hərbi Hava Müdafiəsi Dairəsi rəisinin birinci müavini təyin edildi. O, azərbaycanlıların içərisində ən yüksək hərbi rütbə - general-polkovnik rütbəsini almağa layiq görüldü. Biz Mehmandarovu, Şıxlinskini yada saldıq. Götürək elə Cəmşid Naxçıvanskinin özünü. O, 1920-ci ildə ilk Azərbaycan diviziyasının komandanı olub. Sonra Moskva Frunze adına Hərbi Akademiyada dərs deyib. 1937-ci ildə ədalətsiz halda, heç bir günahı olmadan güllələnib. Ailəsini axtarıb tapdıq, hərbi internat məktəbə də onun adını verdik.Bir faktı da yada salmaq istərdim. Böyük Vətən müharibəsi vaxtında Azərbaycanda əksərən azərbaycanlılardan ibarət 416-cı Azərbaycan diviziyası yaranmışdı. Bu diviziya cəbhədə şücaətlə vuruşub, Taqanroq şəhərinin faşistlərdən azad olunmasında qəhrəmanlıq göstərmişdi. Bu diviziyanın qəhrəmanlığını əbədiləşdirmək üçün biz Rostov vilayəti rəhbərliyi ilə Taqanroq şəhərinin yaxınlığında abidə yaratmağı qərara aldıq. Azərbaycan Respublikasının hesabına orada böyük və əzəmətli bir memorial yaratdıq. Bir qrup müharibə veteranları ilə bir yerdə mən memorialın açılmasında iştirak etdim, nitq söylədim."Mənim sinəmdə çox sirlər var"- Bir insan kimi arzunuz?- Ən böyük arzum Azərbaycanın vəziyyətinin yaxşılaşmasıdır. Mənim həyatım Azərbaycanla bağlı olub. Yeddi ildir ki, Azərbaycandan kənara düşmüşəm. Respublikamızın çətin vəziyyətə düşməsi məni çox incidir. Bəlkə də indiyə kimi məni heç nə bu qədər ağrıtmayıb. İstərdim ki, tezliklə torpaqlarımızda əmin-amanlıq yaransın. Azərbaycanın suverenliyi hər yerə həkk olunsun, heç vaxt pozulmasın və xalqımızın potensial imkanlarından daha səmərəli istifadə edilsin. Başlıca arzularım bunlardır.- Çox sağ olun. Bəlkə siz məndən elə sual gözləyirsiniz, mən onu vermədim? Belə bir sualınız varmı? Söhbətlərimizə nə əlavə etmək istərdiniz?- Əlavəm? İstəyirəm xalqımızda birlik olsun, milli qürur hissi daha güclü olsun, tariximizi sevən, el üçün yanmış şəxsiyyətlərimizin qədrini bilək... Niyəsə yadıma Nəriman Nərimanov düşdü. 1970-ci ildə N.Nərimanovun 100 illik yubileyi ərəfəsində materiallarla tanış olanda onun həyatının son dövrlərinin nə qədər faciəli olduğu məni çox ağrıtdı. N.Nərimanovun 100 illiyi 1970-ci ildə tamam oldu, yubileyini isə 1972-ci ildə keçirdik. Soruşa bilərsiniz ki, niyə? Çünki bu yubileyi keçirmək üçün iki il mübarizə aparmaq lazım gəldi. Çünki N.Nərimanova “millətçi” damğası vurulmuşdu.- Stepan Şaumyanın oğlu tərəfindən təqiblər olurdu?- Məni təqib etməyə onun iqtidarı çatmazdı. Moskvada olanda Azərbaycandan çıxmış ermənilərlə, o cümlədən Şaumyanın ailəsi ilə görüşüb söhbət etmişdim, əhval-ruhiyyələrini bilmişdim. Şaumyanın ailə üzvlərinin bu barədə fəaliyyət göstərməsi haqqında məndə məlumatlar yox idi. Ancaq millətçi ruhlu ermənilər açıq yox, gizli maneələr törədirdilər, cürbəcür kanallarla Mərkəzi Komitədə elə rəy yaradırdılar ki, guya N.Nərimanov böyük səhvlər buraxıb və bu səhvlər millətçilik nəzəriyyəsindən irəli gəlib, guya o, yubileyi keçirilməyə layiq şəxsiyyət deyil. Nərimanovun abidəsini qoymaq bizim üçün nə qədər çətin olub! Mənim sinəmdə çox sirlər var! Heç kəsə demədiklərimi indi sizə açıram. Qoy xalqım bilsin! Bəzilərini indi açıram. İki dəfə Suslovun, Brejnevin yanına getdim, ancaq onlara Nərimanov barədə başqa informasiyalar vermişdilər. Əjdər İbrahimov İsa Hüseynovla birlikdə “Mosfilm”də N. Nərimanova həsr olunmuş dəyərli film çəkmişdi. Bizdən qabaq həmin filmə Moskvada baxmışdılar və ermənilərin təsiri altında olan Mərkəzi Komitənin bəzi məsul işçiləri həmin filmi qadağan etmişdilər. Bir sözlə, filmi buraxmırdılar, nə yubiley keçirməyə, nə də abidəni qoymağa imkan vermirdilər. Çalışdım, mübarizə apardım, neçə adamı inandırdım və axır ki, istəyimə nail oldum. Mərkəzi Komitədə N.Nərimanovun 100 illik yubileyinin keçirilməsinə dair qərara nail oldum. “Pravda” qəzetində N. Nərimanovun 100 illik yubileyinə həsr olunmuş böyük məqaləm getdi. N. Nərimanovun yubileyini böyük təntənə ilə keçirtdik. Bakıda möhtəşəm abidəsini ucaltdıq. N. Nərimanov haqqında gözəl filmə də icazə aldıq... Təəssüf ki, Moskvada filmi müəyyən qədər ixtisar etdilər, adını da dəyişdirdilər. Əvvəl adı “Doktor Nərimanov” idi. N. Nərimanovun adı geniş yayılmasın deyə adını “Ulduzlar sönmür” qoydular. Onun ev-muzeyini yaratdıq. N. Nərimanovun yubileyinə hazırlıq dövründə biz Ulyanovsk vilayətinin rəhbərliyinə müraciət etdik. N. Nərimanov Leninin silahdaşı olduğu üçün onun xatirəsinin Leninin vətənində əbədiləşdirilməsi haqqında təklif verdik. Razılıq aldıq. 1979-cu ildə Ulyanovsk şəhərində N. Nərimanovun böyük abidəsi ucaldı. Şəhərin böyük bir prospektinə N. Nərimanovun adı verildi. Ulyanovska getdim, abidənin təntənəli açılışında iştirak etdim.Bu niyə yadıma düşdü? Mən istəyirəm ki, xalqımızda birlik olsun. Kim idi N. Nərimanovun ayağının altını qazanlar? Bizim azərbaycanlılar. Onun öz silahdaşları. Onlar (adlarını tarixçilərimiz daha düzgün deyə bilərlər) Levon Mirzoyanla, Mikoyanla, Sarkislə birləşib, Kirovu yoldan çıxarıb N. Nərimanov əleyhinə blok düzəltmişdilər. Bax, bizim xalqın ən böyük bəlası bundan ibarətdir. N. Nərimanovun Leninə məşhur məktubu çox gözəl məktubdur, tarixdə ifşaedici bir sənəd kimi qalmışdır. Sonra həmin məktubu Moskvaya gətirdim. Dedim: Burada nə var? Güman edirəm ki, tarixçilərimiz elmi surətdə tədqiq edib, ona qiymət verməlidirlər.N.Nərimanov məktubda deyirdi ki, Azərbaycan Respublikasında sosializm quruluşu gərək Azərbaycan xalqının milli xüsusiyyətləri, milli ənənələri ilə əlaqədar olsun. Rusiyada olan üsulu burada kor-koranə tətbiq etmək olmaz... Məktubun əsas məzmunu bundan ibarət idi. Düzdür, burada çox ideyalar var, mən ancaq qısa məğzini deyirəm. Odur ki, yenə təkrar edirəm, arzum budur ki, xalqımız arasında birlik olsun. Tək N. Nərimanovun dövründə deyil, sonrakı mərhələlərdə də bizim respublikanın siyasi rəhbərliyində birliyin olması, öz şəxsi mənafeyinə görə başqasını satmaq, ona “millətçi” damğası yapışdırmaq və s. xoşagəlməz hallar millətin vəhdətini pozub. Tarixi izləsəniz, görərsiniz, respublikamızın başına bəlalar belə şeylərdən gəlib. Mir Cəfər Bağırovun ətrafındakılar kimlər idilər? Ermənilər, yəhudilər... 1937-38-ci illərdə adamlarımızı, xüsusən ziyalarımızı qıranlar kimlər idilər? Qriqoryanlar, Markaryanlar... Onların əli ilə H.Cavid, Y.Çəmənzəminli... məhv edilib.İndi Azərbaycan çox çətin dövr keçirir. İndi öz xeyri üçün bir-birinin üstünə şər atmaq, bir-birini pisləmək, ləkələmək meyli güclənir. Gəlin, ayıq olaq, tarixdən ibrət dərsi götürək! Fikirləşək, görək, bunlar ilk növbədə sərfəlidir!"Dedim ki, bu bir xalqdır, ikiyə bölünüb, vaxt gələcək, birləşəcək"Bir fikri də deyim ki, son illərdə bir arzum vardı: Cənubi və Şimali Azərbaycanın əlaqələri güclənsin, onlar yaxşılaşsınlar və gələcəkdə birləşsinlər. Azərbaycan Yazıçılar İttifaqının son qurultayında (deyəsən, VII qurultayı idi) çıxış etdim, ilk dəfə olaraq Cənubi Azərbaycan sözünün üstündən yasaq götürüldü. Vaxtınız olsa, həmin çıxışı tapıb oxuyun. O vaxta qədər mətbuatda Cənubi Azərbaycan sözü qadağan idi. Guya bu, SSRİ ilə İranın əlaqələrinə zərbə toxundura bilərdi. Cənubi Azərbaycan şairləri ilə ünsiyyət saxlayırdım. Balaş Azəroğluna Azərbaycanın xalq şairi adını verdik, qurultayda Yazıçılar İttifaqının katibi seçildi. O vaxta qədər onlar çox sıxılırdılar. Onlara mənəvi arxa, dayaq lazım idi.Cənubi Azərbaycanın böyük bir şairi var idi – Məhəmməd Biriya. Cənubi Azərbaycan hərəkatı zamanı nazir olmuşdu. Sonra Azərbaycana gəlmişdi. Təəssüf ki, 1949-50-ci illərdə Rusiyanın Saransk şəhərində düşərgədə cəza çəkirdi, onu həbs etmişdilər. Mən Respublika Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən 1958-ci ildə şəxsən Saranska getdim, Biriya ilə görüşdüm, onu Bakıya gətirdim. Onunla maraqlı söhbətlərim oldu. Sonralar o, psixi xəstəliyə tutuldu, İrana getdi... Çox böyük şair idi. Onu demək istəyirəm ki, Cənubi Azərbaycandan 1946-cı ildə Şimali Azərbaycana gələnlərlə, onların təşkilatları ilə sıx əlaqə saxlayırdım. Respublikanın siyasi rəhbəri işlədiyim dövrdə Cənubi Azərbaycandan gəlib Bakıda yaşayanların təşkilatlarına lazımi yardım göstərirdim, onların rəhbəri Qulam Yəhya və başqaları ilə tez-tez görüşürdüm.Yadımdadır, Moskvada olan səfirliklərin böyük bir qrup diplomatı Bakıya gəlmişdi. Mən onları qəbul etdim. Deyəsən, İtaliyanın səfiri idi, mənə belə bir sual verdi: “Siz Cənubi və Şimali Azərbaycanın birləşməsinə necə baxırsınız?” Dedim ki, bu bir xalqdır, müəyyən səbəblərdən ikiyə bölünüb. Bu xalq bir-birindən ayrı qala bilməz. Şübhəsiz ki, vaxt gələcək, birləşəcək...BAKU.WS
Oxşar xəbərlər
Bu rayona Heydər Əliyevin adının verilməsi təklif olundu
“Təklif edirəm ki, Bakının Qaradağ rayonunun adı dəyişdirilərək, ulu Öndər Heydər Əliyevin şərəfinə adlandırılsın".BAKU.WS-in "Ölkə.Az"-a istinadən verdiyi məlu...