Azərbaycanda idman zalları artıq bir ildir bağlı vəziyyətdədir, biz dünya təcrübəsindən istifadə edərək onların fəaliyyətini bərpa edə bilərik.

Bunu Trend-ə açıqlamasında əməkdar idman ustası Ramil Əhmədov bildirib. Onun sözlərinə görə, Azərbaycan qonşu ölkələrin praktikasından irəli gələn üsullardan istifadə edə bilər:

“Hər kəsin bildiyi kimi, artıq bir il olacaq ki, Azərbaycanda idman sahəsi bir növ durğunluq yaşayır. Müəyyən idman növlərini çıxsaq, demək olar ki, bir çoxları fəaliyyətsiz qalıb. Bunu tək mən yox, o cümlədən, idman naziri Azad Rəhimov özü də vurğulamışdı ki, bizim peşəkar idmançılarımızın bəziləri hazırda qeyri-idman sahələrində mühafizə, taksi şoferi və digər sahələrdə işləyirlər.

İdman zallarının bağlı olması ilə əlaqədar mən özüm də aidiyyəti sahələrə müraciət ünvanlayaraq öz fikrimi bildirdim ki, dünya praktikasına əsaslanaraq idman zalları öz fəaliyyətini davam etdirə bilər. Misal üçün, bizim qonşu ölkə Gürcüstan, Türkiyə, hətta İranın belə praktikalarından irəli gələrək bu sahənin fəaliyyətini bərpa edə bilərik. Bunlar nədir; zallarda məsafəni qorumaq, maska taxmaq və xüsusi gigiyenik şərtlərə əməl etmək”.

R.Əhmədov qeyd edib ki, Azərbaycan öz idmanı və idmançıları ilə dəfələrlə bayrağını beynəlxalq arenalarda dalğalandırıb:

“Bu il pandemiya ilə əlaqədar bir çox sahələrdə durğunluq olmasına baxmayaraq, 2020-ci il Azərbaycan üçün çox uğurlu oldu. Uzun illərdir həsrətində olduğumuz torpaqlar işğaldan azad olundu, başda Ali Baş Komandan İlham Əliyev və şanlı ordumuz olmaqla biz buna nail olduq. Buna görə ayrılıqda əziyyəti keçən hər kəsə öz minnətdarlığımı bildirmək istərdim və qeyd edim ki, biz idmançılar da Ali Baş Komandanın əsgərləriyik. Ordumuz öz missiyasını yerinə yetirdi, bayrağımızı işğaldan azad etdiyi torpaqlarda sancdı.

İndi isə növbə bizimdir, artıq biz idmançılar həmişə olduğu kimi, bayrağımızı beynəlxalq arenalarda dalğalandırmalı, himnimizi səsləndirməliyik. Biz istəmirik ki, Azərbaycandan zəif olan ölkələr bizi idmanda qabaqlasın. Azərbaycanın idmançılarının bir amalı var, necə ki, ölkəmizi tanıtmışıq, bundan sonra da o cür tanıdaq”.

İdman ustası əlavə edib ki, onlar zalların açılması ilə bağlı TƏBİB və Operativ Qərargaha müraciət ünvanlayıblar:

“İdmançılar və Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov iki dəfə TƏBİB və Operativ Qərargaha müraciət ünvanlayıb. Həmin sənəddə dünya praktikasına arxalanaraq idman sahəsini yenidən bərpa etmək təklifləri ünvanlanıb. Hazırda idman sahəsində fəaliyyət göstərənlər bu istiqamətdə müsbət addımların atılacağına böyük ümid edirlər”.

BAKU.WS