Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür.
BAKU.WS xəbər verir ki, Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı kimi keçirilir. Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.
Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.
Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir. Həmçinin Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb.
Azərbaycan televiziyası və radiosu Qarabağda
2020-ci il dekabrın 31-dən etibarən radio-televiziya yayımının təşkili Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib.
Şuşa Radio-Televiziya Yayım Stansiyasında rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib.
Artıq respublika üzrə yayımı həyata keçirilən "AzTV", "Mədəniyyət" TV, "İdman Azərbaycan" TV, "İctimai" TV, "CBC" TV, "CBC Sport", "Real" TV, "Xəzər" TV, "Azad Azərbaycan" TV və "ARB-24" telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır.
Eyni zamanda, "Azərbaycan" radiosu və "İctimai" FM radiosu stereo, yəni tam keyfiyyətli rejimdə Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Göyçay rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edir.
Ötən il oktyabrın 4-də Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə istismara verilib. Bununla da Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radionun yayımı təmin olunub. Oktyabrın 20-də Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımı təmin edilib. Oktyabrın 25-də isə Qubadlı Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Qubadlı şəhəri və Qubadlı rayonunun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu) yayımı təmin olunub.
Hazırda işğaldan azad olunan digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir. O cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri kəndi ərazisində yerləşən Şahyeri stansiyasının işinin cari ilin sonunadək bərpası nəzərdə tutulur.
Oxşar xəbərlər
Hansı əlamətlər hansı vitaminin çatışmazlığından xəbər verir?
Vitaminlər insan sağlamlığının qorunmasında mühüm rol oynayır, lakin bəzən hansının əskik olduğunu müəyyən etmək çətin ola bilir. BAKU.WS Rusiya mətbuatına isti...