Bakıda 10 yeni metro stansiyası bu ərazilərdə tikilə bilər - FOTO

Bakıda 10 yeni metro stansiyası bu ərazilərdə tikilə bilər - FOTO
Foto Açıqlama
Sosial 10071

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.

BAKU.WS xəbər verir ki, dövlət başçısı müsahibə zamanı Bakıda yeni 10 metro stansiyanın inşa ediləcəyini, onların yerlərinin seçildiyini və bu ildən başlayaraq artıq investisiyaların qoyulacağını bildirib.

Yeni inşa olunacaq metro stansiyaların Bakıda nəqliyyat sıxlığına necə təsir edəcəyi ilə bağlı ekspertə müraciət etdik. Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev BAKU.WS-ə bildirdi ki, bu həm yerin altına, həm də yerin üstünə müsbət təsir edəcək:

"Metro tikintisi dövrün tələbinə cavab verməlidir. Yəni şəhərimiz böyüyür. Amma metromuz bu qədər sürətlə genişlənmir. Nəinki genişlənmir, son illərdə ümumiyyətlə, yeni stansiya təhvil verilməyib. Hesab edirəm ki, bu, düzgün verilmiş qərardır. Şəhərin daxilindəki yükün parçalanmasına, metronun öz yükünün parçalanamasına gətirib çıxaracaq. Bu həm yerin altına, həm yerin üstünə müsbət təsir edəcək.

İlkin verilmiş qərar - 10 stansiyanın tikilməsi yaxın beş il ərzində reallaşacaq. Çox güman ki, bunun ardı da gələcək. Şəbəkənin tam funksionallığı təmin olunacaq. Bu nə deməkdir? Bu gün üç xəttimiz varsa, qırmızı, yaşıl, bənövşəyi onların işləmə intervalı var. Belə ki, "Qırmızı xətt" iki dəqiqə, "Yaşıl xətt" dörd dəqiqə, "Bənövşəyi xətt" yeddi dəqiqə intervalla işləyir. Onların biri-iki dəqiqə işləməsini təmin etmək üçün tikinti işləri görülməlidir.

Həmçinin də bu üç xəttin müstəqil fəaliyyəti üçün hərəsinin ayrı deposu olmalıdır. İndiki halda üç xəttin iki deposu var və bir, iki xəttimiz bir müstəvidə kəsişir. Onların ayrılmasına da ehtiyac var. Bu, "28 May"da olan bir vəziyyətdir. Düşünürəm ki, layihə çərçivəsində bu işlər də icra olunur və bu da ümumi metrodakı sıxlığın parçalanmasına və fərqli marşrutların yaranmasına gətirib çıxarar".

Tədqiqatçı Azər Axundov isə hesab edir ki, 2 ay əvvəl prezidentə təqdim edilən sxemi aktual götürsək, bu 10 stansiyaya bənövşəyi xəttin Ağ Şəhərə kimi, yaşıl xəttin isə "Həzi Aslanov" stansiyasına kimi uzadılması daxildir.

Yəni, bənövşəyi xətt üzrə "B4"-"B5"-"B?"-"B6"-"B7"-"B8" stansiyaları (toplam 6 stansiya), yaşıl xətt üzrə isə "Y14"-"Y15"-"Y16"-"Y17" stansiyaları (toplam 4 stansiya) tikilməlidir. "B?" stansiyası "Sahil" stansiyasına keçid kimi düşünülür, bu stansiya konseptual sxemdə olmadığı üçün "B?" olaraq qeyd etdim. Əlavə olaraq, çox güman ki, görüləcək işlərə xətlərin ayrılması, "Dərnəgül" deposunun və dönmə kameralarının tikilməsi də daxil olacaq. Rəsmi sxem və məlumat olmadığı üçün hələlik sadəcə təxmin edə bilirik. Xəritə üzərində stansiyalar təxmini belə yerləşməlidir.

Orxan Hüseyn

Son xəbərlər