Şərqi Timorun XİN rəhbəri: Azərbaycan hökuməti COP29-a böyük səylə hazırlaşır

Şərqi Timorun XİN rəhbəri: Azərbaycan hökuməti COP29-a böyük səylə hazırlaşır
Siyasət 29

Azərbaycan hökuməti COP29-a böyük səylə hazırlaşır və ölkənin bu vacib tədbir üçün fəaliyyətlərini yüksək qiymətləndiririk.

Bunu Şərqi Timor (Timor-Leste) Demokratik Respublikasının xarici işlər naziri Bendito dos Santos Freitas "Report"un ABŞ bürosuna açıqlamasında bildirib.

"İqlim dəyişiklikləri və onun fəsadları - dəniz səviyyəsinin yüksəlməsi, digər tərəfdən isə quraqlıq və su qıtlığı - bütün dünyanın mübarizə apardığı əsas problemlərdəndir.

Bu səbəbdən COP29-un son dərəcə vacib olduğunu düşünürəm. Keçən il COP28-də həqiqətən də çox vacib qərarlar qəbul edildi.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi region ölkələri və dünya dövlətləri üçün çox vacibdir. COP29-da daha güclü və mühüm qərarların qəbul edilməsini gözləyirik", - XİN rəhbəri deyib.

Onun sözlərinə görə, COP29-da xüsusi məsələlər nəzərə alınmaqla, əsaslı tövsiyələr verilə bilər və müqayisəli təhlillər əsasında dünya üçün tətbiq etməli olduğumuz dəyişikliklər gündəmə gətirilə bilər.

Nazir əlavə edib ki, Şərqi Timor ilə Azərbaycan arasında bir çox sahələrdə ikitərəfli əməkdaşlıq mövcuddur:

"Ölkə liderimiz keçən il Azərbaycana səfər edib və olduqca vacib görüşlər keçirib. Bununla yanaşı, hər iki ölkənin dövlət və hökumət nümayəndələri arasında ikitərəfli əməkdaşlıq haqqında qərarlar qəbul edilib. Bizim əməkdaşlığımız möhkəm təməllər üzərində qurulub. Bundan əlavə, bir çox sahədə təcrübə mübadiləsi ilə bağlı əməkdaşlığın genişləndirilməsini gözləyirik. COP29 çərçivəsində bu məsələlərə dair görüşlərimiz də planlaşdırılıb".

Son xəbərlər