Yəmən müharibəsində ən sirli fiqur: General Şəhlayi kimdir?
Yeddi il əvvəl - 2019-cu ilin sentyabr ayında ABŞ Dövlət Departamenti İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin Yəməndəki açar fiquru Əbdürrza Şəhlayi haqqında hər hansı məlumatın verilməsi müqabilində 15 milyon dollar mükafat təyin etdiyini açıqlamışdı.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "Teleqram" kanalında yayımlanan videomaterialda məlumat verilir.
Süjetdə bu barədə danışan o zamankı ABŞ Administrasiyasının İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bu addımın general Şəhlayinin regiondakı münaqişələrdə gizli hərbi əməliyyatların idarə edilməsi, ABŞ və müttəfiqlərinə qarşı terror aktlarının planlaşdırılması və Yəməndəki Ənsarullah hərəkatına koordinasiya dəstəyinin verilməsi yönündə fəaliyyətləri ilə əlaqədar atıldığını bildirib.
Bildirilir ki, həmin ilin dekabrında Brayan Huk başqa bir çıxışında bu qərarı yenidən elan edib. Üstündən illər keçsə də ABŞ hökumətinin Şəhlayi barədə informasiya üçün təyin etdiyi mükafat hələ də qüvvəsində qalır.
Süjetdə həmçinin qeyd olunur ki, "Hacı Yusif" ləqəbi ilə də tanınan Əbdürrza Şəhlayi SEPAH-ın ən qapalı və gizli təmsilçisi olduğu üçün "kölgə adam" adlandırılır. Ona "husi ordusunun düşünən beyni", "Sənadakı Süleymani" də deyirlər. Qüds qüvvələrinin keçmiş komandanı general Qasım Süleymani ilə müqayisə bir faktı da yada salır: 2020-ci ilin yanvarında ABŞ Qasım Süleymanini Bağdadda vurduğu eyni gecədə Yəməndə Şəhlayiyə qarşı da dron zərbəsi endirib. Lakin o, Süleymanidən fərqli olaraq, möcüzəvi şəkildə sağ qalıb.
Son günlər Yəmən husilərinin qazandığı hərbi uğurlar - Bab əl-Məndəb boğazı sahillərindəki mühüm limanların və strateji əhəmiyyətli adaların sürətlə ələ keçirilməsi fonunda general Şəhlayinin adı yenidən gündəmə gəlib. Bu da tamamilə təbiidir, çünki Şəhlayi Yəməndə sadəcə bir məsləhətçi deyil, husilərin hərbi gücə çevrilməsinin əsas memarı və idarəedicisi hesab olunur. Elə bu səbəbdən Səudiyyə Ərəbistanının dövlət televiziyası srağagün Əbdürrza Şəhlayi barədə xüsusi reportaj yayımlayıb.
Həmçinin "Reuters" informasiya agentliyi Yəməndəki mənbələrə istinadla, husilərin son əməliyyatlarına general Şəhlayinin birbaşa rəhbərlik etdiyini yazıb. İran mediası bu xəbəri "iddia" adlandırsa da, ötən ilin sonunda yayılmış bir məlumat onun heç də əsassız olmadığını göstərir. Həmin informasiyada bildirilirdi ki, İran rəhbərliyi husilərin daxilindəki komandanlıq böhranını həll etmək üçün Şəhlayini yenidən Yəmənə göndərib.
Beləliklə, süjetdə vurğulandığı kimi, son günlər Yəməndə baş verən proseslər "Əbdürrza Şəhlayi kimdir" sualını yenidən aktuallaşdırıb.
Oxşar xəbərlər
Avropa bazarı üçün keyfiyyət imtahanı: Azərbaycan nəyi dəyişdi?
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda təhsil modeli dəyişir: bakalavr 3 il, magistr 1 il olacaq? Avropa bazarı üçün k...