FHN rəsmisi Badamdarda yenə də sürüşmənin baş verə biləcəyini bildirib - VİDEO

FHN rəsmisi Badamdarda yenə də sürüşmənin baş verə biləcəyini bildirib - VİDEO
Video
Video 98

“Sürüşmə nəticəsində insan tələfatı qeydə alınmayıb. Yalnız fəaliyyəti bizim tərəfdən dayandırılmış işləməyən restoranın mətbəxində dağıntılar baş verib”.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bu barədə Badamdarda sürüşmə zonasına gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.

O bildirib ki, sözügedən ərazidə kanalizasiya sistemi olmadığı üçün burada bir neçə dəfə torpaq sürüşməsi faktı qeydə alınıb:

“Təsəvvür edin ərazidə yaşayış evləri və iaşə obyektləri daxil olmaqla 3 minə yaxın tikili var. Ərazidə kanalizasiya xətti yoxdur. Su axını torpağa axıdılır. Bu isə sürüşmə təhlükəsini artırır.

Bir neçə dəfə burada sürüşmə olub və araşdırma aparılıb. Yaponiyadan dəvət olunan mütəxəssislər əraziyə baxış keçirib və riskli zonadan əlavə yüklərin götürülməsi üçün terraslama prosesinin aparılmalı olduğunu bildiriblər.

Bu proseslərə isə artıq çoxdan başlanılıb, ərazidə bir qədər yuxarı qalxsanız, görülən işlər barədə sizdə təsəvvür yaranacaq”.

Qurum rəsmisi uçqunun səbəblərini açıqlayıb. O bildirib ki, sözügedən ərazi sürüşmə zonası olduğu üçün bu hadisə gözlənilən idi:

“Biz bu uçqunu gözləyirdik. Çünki axşam saatlarında Xəzər dənizində qeydə alınan zəlzələ burada sürüşməni aktivləşdirib.

Badamdarda daha əvvəl də torpaq sürüşməsi qeydə alındığı üçün ərazi nəzarətə götürülüb, qabaqlayıcı tədbirlər görülüb.

Bura Bakının ən təhlükəli ərazisi hesab olunur. Bakının yeni baş planlarında bu məsələ nəzərə alınıb. Bu proseslər indi də davam etdirilir”, - deyə Elxan Əsədov bildirib.

Elxan Əsədov həmçinin vurğulayıb ki, hazırda ərazidə sürüşmə prosesi aktivdir:

“Hazırda ərazidə aktivləşmə prosesi var və yenidən sürüşmə gözlənilir. Hər tərəfdə sürüşmə prosesi aktivdir. Yenə də sürüşmə ola bilər”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər