VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakının bəzi yerlərində elektrik enerjisinin verilişində yaranan fasilə yenə də Bakı metrosunun fəaliyyətinə problemlər yaradıb.

BAKU.WS xəbər verir ki, metroda qatarların hərəkəti dayanıb, İşıqlar sönüb və sakinlər qatarlarda, eyni zamanda platformalarda qalıblar.

Qeyd edək ki, 2018-ci ildə Bakının işıqları sönəndə metroda eyni problemlər yaranmışdı. Bu hadisədən sonra ölkə başçısının göstərişi ilə “Bakı Metropoliteni" QSC generator almaq üçün tender elan edib.

Tenderin qalibi Türkiyənin "MTU Motor Turbin Sanayi ve Ticaret" anonim şirkəti olub. Ötən il sentyabrın 6-da qalib şirkətlə 6,33 mln avro dəyərində satınalma müqaviləsi imzalanıb və generatorlar alınıb.

Bəs Bakı metrosunda yeni quraşdırılan generator nə işə yarayıb?

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, hadisə saat 15:48-də qeydə alınıb və dərhal məsələyə müdaxilə edilib.

“Bakı metropoliteninə gələn elektrik xətlərində gərginliyin verilməsində qısamüddətli problem yaranıb. 3 stansiya istisna olunmaqla ("Xalqlar dostluğu-Həzi Aslanov" sahəsi), bütün xətlərdə hərəkət bərpa olunub. Qatarlar "Neftçilər" stansiyasına qədər hərəkət edir.

Qeyd edilən sahədə dizel-generatorlar qoşulmaqla qatarlar stansiyalara verilib və sərnişinlər təxliyə olunub”, - deyə B.Məmmədov bildirib.

Xatırladaq ki, 2018-ci il iyulun 2-də və 3-də Mingəçevir İES-də baş vermiş enerji qəzası ilə əlaqədar generatorlarla tam təmin edilməyən “Bakı Metropoliteni”nində problemlər yarandı. İyulun 4-də müşavirədə çıxış edən sədr Zaur Hüseynov bildirib ki, ayın 2-də gərginlik itəndən sonra hərəkətdə olan 18 sərnişin qatarı dayanıb, 9-u stansiyalarda, 9-u tunellərdə qalıb.

Sərnişin qatarlarının, stansiyaların və tunellərin işıqları sönüb, eskalatorlar və travalatorlar, ventilyasiya şaxtaları, əsaslı, yerli və çirkab su xaric qurğularının nasosları dayanıb.

Qəzadan təqribən saat yarım sonra metronun “Sahil”, “Nizami” və “Nəsimi” stansiyalarında əsaslı su xaric qurğularında suyun səviyyəsi kritik həddə çatmışdı.

Tunellərdə təxliyə əməliyyatları aparmaq üçün metropoliten işçilərindən, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət qruplar təlimatlandırılaraq tunellərə göndərilmişdi. Qəzanın birinci günü ümumilikdə 154 nəfər sərnişin təxliyə edilib.

Onlar arasında xəsarət alan olmayıb. Saat 14:10-da yüksək gərginlik verildikdən sonra xətlərdəki qatarlar depoya çıxarılıb. Saat 5:25-də isə təsdiq olunmuş qrafik üzrə qatarlar normal hərəkətə başlayıb.

İyulun 3-də isə saat 18:47-də təkrarən elektrik enerjisi verilişi dayananda analoji fəsadlar yaranıb və bu dəfə pik saata təsadüf etdiyinə görə 30 minə yaxın sərnişin təxliyə olunub.

Prezident İlham Əliyev Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlərlə bağlı metropoliten və bir sıra dövlət qurumlarının, strateji obyektlərin generatorlarla təmin edilməsi göstərişini verib.

BAKU.WS
VİDEO