Tanınmış vəkil Şəfiqə Nağıyevanın "Səni axtarıram" proqramında məişət zorakılığına məruz qalmış 21 yaşlı Sevdanı alçaltması Xoşqədəm Hidayətqızına böyük problem yaradıb. İctimai qınağı nəzərə alan aparıcı Nağıyevanı verilişdən uzaqlaşdırıb.

BAKU.WS xəbər verir ki, X.Hidayətqızı ekspertlərin səsləndirdiyi fikirlərə cavabdeh olmadığını deyir: 

"Dəvət etdiyim hər bir ekspert öz sözünə cavabdehdir. Bu verilişin missiyası insanlara kömək etmək, onların itkinlərini tapmaq və xəstələrə yardım etməkdir. Mənim verilişim ekspert üzərində deyil, talelər, həyat hekayələri üzərində qurulub. Sabah bu ekspertlərin heç biri bura gəlməyə bilər, amma siz verilişə yenə də baxacaqsız. Çünki veriliş yaradılanda mən onun konsepsiyasını belə qurmuşam.

Sevdaya gəlincə isə, mən onu müdafiə edirəm. Efirə baxanlar gördülər, Şəfiqə xanıma etiraz etdim. Mənim mövqeyim kömək üçün verilişimə üz tutanlara kömək etməkdir. Başqa cür ola bilməz!"

İctimaiyyətin qəzəbinə səbəb olan kadrları təqdim edirik:



Şəfiqə Nağıyevanın uzun zamandır ekspert kimi çıxış etdiyi "Səni axtarıram"da görünməməsi ictimaiyyətin qəzəbini soyudub. Lakin vəkil "Səni axtarıram"a qarşı başlanan kampaniyanın onunla bağlı olduğunu qəbul etmək istəmir. Hətta sosial şəbəkədə verdiyi açıqlamasında aparıcını hədələyib:

"Teleməkanda mənimlə bağlı söylənilən boş sözlər barədə mənə məlumat verildi. Sizə bildirmək istəyirəm ki, aprel ayının 4-də mən bir il ərzində gördüyum haqsızlıqlara dözməyərək, iştirak etdiyim verilişi tərk etdim. Eşitdiyimə görə verlişin bağlanması təklifini mənimlə əlaqələndirirlər. "Mən Sevdaya nə üçün kafedə işləyirsən?" demişəm. Əslində isə verilişin baglanması təklifi bir həftə əvvəl bloger tərəfindən irəli sürülmüşdü. Mən hələ ki, susuram! Mənə böhtan atılmasın! Söyləyəcəyim çox şeylər var, söyləsəm, yer yerindən oynayacaq. Hesab edirəm ki, ayrılanda da mərdi-mərdanə ayrılmaq lazımdır".

Qeyd edək ki, artıq bir müddətdir sosial mediada Xoşqədəm Hidayətqızının layihə rəhbəri və aparıcısı olduğu "Səni axtarıram" bağlanması ilə bağlı çağırışlar edilməkdədir. Çağırış ilk olaraq sosial bloger Saleh Nəsirov tərəfindən səsləndirilib: “Uşaq, Ailə və Qadın problemlərilə aidiyatı qurumlar, təşkilatlar və peşakar sosial işçilər məşğul olmalıdır! İnsanları bu qədər alçaltmaq, əzmək, hüquqlarını aşkarcasına pozmaq, onlara zülm və işgəncə vermək olmaz! Bunlara son qoyulmalıdır!” 




Zülfiyyə Qurbanova
BAKU.WS
BAKU.WS
VİDEO