Bakının Binəqədi rayonunda sakinlər çirkab sulara qərq olublar.

Bu barədə sakinlər BAKU.WS-ə şikayətlərində bildiriblər. Sakinlərin sözlərinə görə, Baksol yolunda taxta bazarının yanında kanalizasiya xətti dağılıb. Nəticədə ərazini sel basıb.

"Çirkab sular yola dolub. Avtomobillər həmin ərazidən suyun içilə keçib gedirlər. Çirkab su ətrafa yayılır. İnsanların üstünə sıçrayır. Evlərə, obyektlərə dolur. Dəfələrlə lazımı yerlərə desək də, nəticə çıxaran yoxdur. Artıq 15 gündən çoxdur sakinlər zülm çəkirlər”, - deyə qəsəbə sakinləri bildiriblər.

Məsələ ilə əlaqədar "Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı BAKU.WS-ə açıqlamasında hadisə barədə məlumatlı olduğunu bildirib. Onun sözlərinə görə, hazırda həmin hadisədə vəziyyət deyildiyindən də acınacaqlıdır.

"Həmin ərazidə diametri 1000 mm. olan kanalizasiya xətti dağılıb. Həmin xətt vasitəsilə Xırdalan, Binəqədi və Masazır qəsəbələrinin kanalizasiya suları axır. Oradan təzyiqli su axır. Qəza ərazidə yan-yana tikilən 3 evin altındakı kanalizasiya xəttində baş verdiyi üçün işçilərimiz problemi aradan qaldıra bilmirlər. Artıq 15 gündən çoxdur ki, ətrafa çırkab sular axır”, - deyə Anar Cəbrayıllı bildirib.

Qurum rəsmisi bildirib ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə, Binəqədi rayon İcra Hakimiyyətinə və digər aidiyyatlı qurumlara məlumatlar verilib: "Əgər 3 ev sökülməsə qəzanı aradan qaldırmaq mümkün olmayacaq. İndi ərazidə araşdırmalar aparılır. Biz icra hakimiyyəti qarşısında məsələ qaldırmışıq”.

Ziya Babayev
BAKU.WS