SİZİN REKLAM BURADA!
055 213 76 73



Mal və qoyunun baş-ayağını natəmiz şəraitdə vətəndaşlara satırlar. Satılan malın sağlamlığına dair heç bir sənəd də yoxdur.


BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nizami rayonunda yerləşən ''8-ci kilometr'' bazarından gedir.


Belə yerdən mal və qoyun baş-ayağını almaq istəyənlər ehtiyatlı olmalıdır. Çünki bazarda çəkiliş apardığımız zaman həmin məhsulun antisanitar vəziyyətdə satıldığının şahidi olduq. Baş-ayağın üzəri bağlanmadığından ətin üzərində milçəklər dövrə vurur.


Baş-ayaqların sağlam heyvana məxsus olduğunu bildirən baytarlıq sənədi də yoxdur. Üstəlik, baş-ayaq satarkən xüsusi forma geyinməli olan satıcılarda da bu geyimlərin şahidi olmadıq.


Məsələ ilə bağlı 21 saylı Qida Təhlükəsizliyi Nəzarəti məntəqəsindən bildirildi ki, satıcılar həmin məhsulların satışı ilə bağlı quruma sənəd təqdim etməlidirlər.


Yalnız bundan sonra satılan həmin məhsuldan nümunələr götürülərək baş-ayağın sağlam heyvana məxsus olduğunu bildirən baytarlıq sənədi ala bilərlər. Ancaq hazırda satıcılar bunu etmədiklərindən onlara baytarlıq sənədi verilməyib.


Ümumilikdə, bazar rəhbərliyinə tapşırılıb ki, istər baş-ayaq, istərsə də toyuq məhsullarının satışı üçün lazımi şərait, yəni soyuducular quraşdırılsın.


Bazar rəhbərliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, hazırda bazarda ət, toyuq və balıq məhsullarının satışı üçün soyuducular quraşdırılır. Proses başa çatdıqdan sonra baytar həkimə müraciət olunacaq və problem aradan qaldırılacaq.


Problemlə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, bu istiqamətdə nəzarət-yoxlama tədbirləri davam etdirilir. Tövsiyə olunub ki, vətəndaşlar hansısa bir problemlə qarşılaşarlarsa, qurumun 1003 qaynar xəttinə müraciət etsinlər.


BAKU.WS