DYP-dən "ət əməliyyatı" - Murdar ətin Bakıya gətirilməsinin qarşısı alındı - FOTO
20
sen
2016
19:59
Sentyabrın 20-də gecə saat 03 radələrində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Hacıqabul Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış məlumat əsasında birgə reyd keçirilib. DBNX-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, reyd zamanı Hacıqabul rayonu Navahı kəndi ərazisində yerləşən 720 saylı stasionar "Yol Polisi Postu”nda Göyçay şəhər sakini Nəsimi küçəsi, dalan 2, ev 14-də yaşayan 1958-ci il təvəllüdlü Sadıqov Nazim Ağamirzə oğlunun idarə etdiyi "Opel-Astra” markalı 99-EE 367 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb. Avtomobilə baxış keçirilən zaman onun arxa oturacağında və yük yerində Göyçay rayonu Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyevə məxsus çəkisi 350 kq olan, 8 hissəyə bölünmüş, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunətli iyi verən heyvan cəmdəkləri aşkar edilib. Araşdırma zamanı ətin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib. Göyçay rayonu Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyev heyvan cəmdəklərinin ona məxsus olduğunu və satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirib. Mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri, orqanoleptik göstəriciləri standarta uyğun olmayan, pis qoxulu, insan qidası üçün yararlığı şübhə doğuran heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Qalan ət cəmdəkləri Hacıqabul Rayon Baytarlıq İdarəsində soyuducu kameraya yerləşdirilib. Bildirək ki, Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinələrin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək. BAKU.WS
Oxşar xəbərlər
Nazirlikdən Qurban Bayramı ilə bağlı əmr
Sentyabrın 12-13-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar dövlət baytarlıq nəzarətinin gücləndirilməsi haqqında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Ba...