SİZİN REKLAM BURADA!
055 213 76 73


“Avtomobil Tv adlı “Youtube” kanalının müxbiri Elvin Hüseynov, təəssüflər olsun ki, 99 LT 566 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü kamera qarşısına çıxardaraq sanki yol polisi əməkdaşının qeyri-qanuni əməlini kəşf etmiş kimi paylaşım edir”.

BAKU.WS xəbər verir ki, bu sözləri “avtosfer.az”a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, jurnalist Elvin Hüseynovla dəfələrlə əlaqə saxlamağa çalışsa da, bu, mümkün olmayıb:

“Qaynar xətdə olan Ülvi adlı şəxs Elvin Hüseynovu yalnız “Whatsapp” vasitəsilə tapmağın mümkün olduğunu bildirdi.

Bu isə onu göstərir ki, Elvin Hüseynov qəsdən telefon əlaqəsinə çıxmayıb. Mən şəxsən onunla əlaqə yaratmağa dəfələrlə cəhd etdim. Lakin bu, mümkün olmadı və bundan təəssüf hissi keçirirəm”.

Vaqif Əsədov bildirib ki, süjeti təqdim edən şəxs araşdırma aparmadan, yol polisi ilə əlaqə yaratmadan və qanunun tələbləri ilə tanış olmadan yalnız sürücünü dindirməklə kifayətlənib.

Bu videonu sosial şəbəkələrdə yaymaqla yol polisi əməkdaşı Fərid Əkbərov haqqında qeyri-qanuni informasiya yayaraq özünü haqlı hesab edib”.

Vaqif Əsədov bildirib ki, hadisə fevral ayının 23-ü, saat 12:00 radələrində baş verib.

“Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində Qocayev Elvin Elçin oğlunun idarə etdiyi 99 LT 566 dövlət nömrə nişanlı, “Volkswagen Golf” markalı avtomobil Ulduz Məmmədrzayevaya məxsus olan 99 VR 720 dövlət nömrə nişanlı, “Nissan Micra” markalı avtomobillə toqquşub və maddi ziyanla nəticələnən qəza hadisəsi baş verib.

Hadisə ilə əlaqədar olaraq Bakı şəhər DYPİ-nin inspektoru, polis baş leytenantı Fərid Əkbərov araşdırma apararaq “Yol Hərəkəti Haqqında” Qanunun 37-ci maddəsinin 1-ci bəndində və 50-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydaların pozulmasına görə, Elvin Qocayev barəsində İXM-in 327.1, 332.1-ci (etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmək və ara məsafəsi qaydalarının pozulmasına görə) maddələri ilə inzibati qaydada protokol tərtib edib”.

Polis polkovniki “avtomobil.TV” saytına müraciət edərək bildirib ki, inspektor Fərid Əkbərov qanun çərçivəsində öz işini görüb və hər hansı qanunsuz hərəkətə yol verməyib. “Təəssüf hissi ilə bildirmək istəyirəm ki, jurnalist araşdırma aparmadan bu cür süjet yayımlayıb.

Eyni zamanda mənim onunla telefon əlaqəsi yaratmaq cəhdlərimə də müsbət cavab verməyib. Ümid edirik ki, bundan sonra hər hansı süjet yayımlanan zaman ətraflı araşdırma aparıb, sonra müvafiq münasibət bildirəcək”.

BAKU.WS
VİDEO