Valdas Dambrauskas: "Sabahkı matçda "Orhus"a qalib gəlmək istəyirik"
"Sabah" komandası səfərdə öz gücündən istifadə edərək Danimarka təmsilçisi "Orhus"a qalib gəlməyə çalışacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas "Orhus"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunundan əvvəl deyib.
Mütəxəssis güclü rəqibə qarşı çıxış edəcəklərini bildirib:
"Danimarkada olduğumuza görə çox şadıq. Hər məşqçinin arzusudur ki, ən azı Çempionlar Liqasında bu mərhələyə qədər gəlib çıxa bilsin. Sabahkı qarşılaşmaya çox yaxşı hazırlaşmışıq. Rəqibimizi çox yaxşı təhlil etmişik. Rəqib komanda çox keyfiyyətli futbolçulardan təşkil olunub. Rəqibin zəif və güclü tərəflərini bilirik. Çalışacağıq ki, biz öz gücümüzdən istifadə edək və səfərdə qələbə qazanaq. İnanıram ki, futbolçularım ən xırda tapşırığı belə düzgün icra edəcəklər".
O, qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsindəki potensial rəqibləri barədə də danışıb:
"Çempionlar Liqasındakı potensial rəqiblərimizi də artıq bilirik. Lakin onlar barədə indidən danışmağın mənası yoxdur. Hazırda bütün fikrimizi "Orhus"la matça yönəltmişik. Rəqibimizə hörmətlə yanaşırıq. Onlar son Danimarka çempionudurlar".
V. Dambrauskas "Sabah"dan ayrılaraq İsveçrənin "Bazel" klubuna transfer olunan Aaron Maludaya təşəkkür edib:
"Bu futbolçu çox gənc yaşlarında bizim sıralarımıza qoşuldu və komandaya böyük köməyi dəydi. Təbii ki, bu kömək qarşılıqlı idi. Çünki Maluda "Sabah" komandasının sayəsində "parladı". Komandamız onun satışından gəlir əldə etdi. Son olaraq Kristian Nvaçukvunu transfer etdik. Bu da onu göstərir ki, "Sabah"ın skaut heyəti çox sürətli və lazımı formada işləyir".
Qeyd edək ki, "Orhus" - "Sabah" matçı sabah Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda keçiriləcək. Komandalar arasında cavab matçı avqustun 11-də saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.
Oxşar xəbərlər
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının bağlanış mərasimi baş tutub. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə,...