Kompüterin yavaş işləməsinin gözlənilməz səbəbi açıqlanıb
Operativ yaddaşın həcminin çox olması kompüterin, xüsusilə də oyunlarda daha sürətli işləyəcəyinə zəmanət vermir. Buna təsir edən əsas amillərdən biri RAM modullarının konfiqurasiyasıdır.
BAKU.WS xəbər verir ki, bu barədə Polşanın PurePC nəşri məlumat yayıb.
Nəşrin müəllifi Sebastyan Oktaba müxtəlif operativ yaddaş konfiqurasiyalarını sınaqdan keçirib. O, 16 GB-lıq bir modul, hər biri 8 GB olan iki modul, 32 GB-lıq bir modul və hər biri 16 GB olan iki moduldan istifadə edib. Bütün sınaqlarda yaddaş eyni sürət parametrləri ilə işləyib.
Nəticələr göstərib ki, hər biri 8 GB olan iki operativ yaddaş modulu 32 GB-lıq tək moduldan ümumi sınaq nəticələrinə görə təxminən 3 faiz daha yaxşı performans göstərib. Ən yüksək nəticə isə hər biri 16 GB olan iki modulun istifadə edildiyi sistemdə qeydə alınıb. Ən zəif nəticə 16 GB-lıq tək modulla əldə olunub.
Mütəxəssis fərqin əsas səbəbini yaddaşın ikikanallı rejimdə işləməsi ilə izah edib. Ana platanın uyğun yuvalarına yerləşdirilən iki RAM modulu prosessorun məlumatları iki kanal vasitəsilə ötürməsinə imkan verir. Bu isə məlumat ötürmə qabiliyyətini artırır və bəzi proqramlarda, xüsusilə oyunlarda performansa müsbət təsir göstərə bilər.
Bununla belə, kompüterin oyunlardakı sürəti təkcə operativ yaddaşdan asılı deyil. Prosessorun, videokartın gücü və oyunun hansı ekran təsvir ölçüsündə işlədilməsi də nəticəyə təsir edir.
Mütəxəssislər kompüter alarkən yalnız RAM-ın həcminə deyil, modulların sayına, uyğunluğuna və yaddaşın hansı rejimdə işlədiyinə də diqqət yetirməyi tövsiyə edirlər.
Oxşar xəbərlər
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların fotosu
Rumıniya sahilləri yaxınlığında vurulan gəmidə olan azərbaycanlılar xilas ediliblər. BAKU.WS Axar.az-a istinadən xəbər verir ki, xilas edilən üç azərbaycanlının...