Tanınmış aparıcı Tural Əsədov Səbail FK-ya transfer oldu?

Tanınmış aparıcı Tural Əsədov Səbail FK-ya transfer oldu?
İdman 2446

Bu yaxınlarda məşhur aparıcı və prodüser Tural Əsədovu yeni yaranmış Səbail Futbol Klubunun mətbuat konfransında gördük. Özü də futbol klubunun Müşahidəçi Şurasının üzvü kimi. Fikirləşdik ki, hardan-hara?! Odur ki, Turalı klubun meydanında tutduq və suallarımızı aparıcının qapısına ötürdük... 

- Ayağınız tez-tez topa dəyir? Futbolla aranız necədir?

- Nəzərə alsaq ki, 3 yaşında oğlum var, evdə gündə ən azı 20 dəfə futbol oynayırıq (gülür). Düzünü desəm, futbolla bağlı çox dərinə "üzməmişəm”. Aydındır ki, istənilən oğlanın həyatında "məhəllə futbolu” dönəmi olub. O vaxtlar meydanda daha çox müdafiə mövqeyində oynayırdım. Həmişə qalib gələn komandaya azarkeşlik edirdim. Sonradan futbolla aramdakı münasibətə fasilə vermək qərarını aldım. Fasilə isə uzun çəkmədi – hardan baxsaq, 15-20 il (gülür).

- Münasibəti bərpa etmək üçün 20 illik fasilə az müddət deyil. Futbola sözün həqiqi mənasında uzaq düşən birini peşəkar kluba - Səbail FK-ya nə gətirdi? Kim kimi tapdı?

- İstənilən sahədə yenilik mənim üçün hər zaman maraqlı olub. Yeni bir şey tapmaq, onu araşdırmaq, təcrübə toplamaq – bu, mənim iş prinsipimdir. Səbail FK-nın Müşahidəçi Şurasına dəvət alanda, fikirləşdim ki, bu sahədə özümü heç vaxt sınamamışam. Niyə də olmasın?! "Kim kimi tapdı” məsələsinə gəlincə, məncə, biz bir-birimizi tapdıq. 

- Məşhur aparıcı, prodüser, sosial şəbəkələrdə kifayət qədər çəkisi olan Tural Əsədov Səbail FK-ya nələr qazandıracaq? Klubla bağlı planlarınız nələrdir?

- İstənilən işin alınması üçün perspektivli idarəetmə əsas şərtdir. Mən və bu klub üçün çalışan hər kəs həm kluba, həm azarkeşlərə, həm də oyunçulara keyfiyyətli idarəetməni təklif edə bilsək, deməli işimizi yaxşı görürük. O ki qaldı mənim bu klubdakı yerimə, buradan başlayaq ki, Müşahidəçi Şurasının 5 üzvü var. Ona görə sırf mənim işimi qabartmaq, başqa birinin çəkisini azaltmaq düzgün olmazdı. Ən azı, həmin Şurada ömrünün yarısını milli futbolumuza həsr edən veteran futbolçularımız var. Onlar olan yerdə gərək vicdanla danışaq. Bəri başdan deyim ki, klubla bağlı hər hansı qərar veriləndə hər kəsin səsi eşidilir, ümumi müzakirələrdən sonra ortaq məxrəcə gəlinir. Nəticə etibarilə, Müşahidəçi Şurası, idmançılar, məşqçilər, fizioterapevt, top daşıyan işçilər - hər kəs vahid məqsəd üçün çalışır – Səbail FK tanınsın və ortaya zövqlü oyun, keyfiyyətli nəticə qoysun. Görürsünüz, bəzən bölgü aparmaq olmur. Məqsədə çatmaq üçün yalnız əl-ələ verib mübarizə aparmaq lazım gəlir.

- Səbail FK komanda kimi nə dərəcədə perspektivlidir? Bu klub milli futbolumuza hansı dəyərləri qazandıra bilər?

- Uşaq doğulanda onun gələcəkdə kim olacağı, özünü harada və necə reallaşdıracağı bəlli olmur. Ona görə indidən sırf mən tərəfdən hansısa nəticələr haqqında danışmaq düzgün olmazdı. Səbail FK yeni yaranmış klubdur, hələ ki kövrək addımlarını atır. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm: klubun gördüyü bütün işlər - ən xırda layihələrdən tutmuş, ən səs-küylü işlərimizə kimi - göz qabağında olacaq. Klubun hesabatları vaxtaşırı ictimaiyyətə açıqlanacaq, şəffaflığın yüksək səviyyədə təmin olunmasına çalışılacaq.

Klub yeni yaransa da, onunla bağlı ümidlərimizin üfiqi kifayət qədər genişdir. Səbail FK-nın öz qarşısına qoyduğu məqsədlər onun hansı dəyərlərə can atdığının göstəricisidir. Gənc futbolçuların əlindən tutmaq, onlara dayaq duran qala olmaq, gəncləri peşəkar futbola hazırlamaq, istedadlı futbolçuları çoxluğun arasında itməyə qoymamaq – bütün bunlar sahib olduğumuz və uğruna can yandırdığımız məqsədlərimizdəndir.

- Nəzərə alsaq ki, ən məşhur komandalar belə öz azarkeşləri ilə işləmək mərhələsində axsayır, maraqlıdır, yeni yaranmış Səbail FK bu problemi necə həll etməyi düşünür? 

- Azərbaycanda azarkeşlərlə iş bir az qəlizdir. Hər bir azarkeş öz komandasının irəli getməsində maraqlı olmalıdır, məhz bunun üçün çalışmalıdır. İnsanların düşüncəsində oturuşmuş azarkeş modeli var "mən filan komandaya azarkeşlik edə bilmərəm, çünki onun uğurları yoxdur”. Bu zaman bir məsələ unudulur – komandanın ona görə uğuru yoxdur ki, o həm də öz azarkeşinin dəstəyini görmür. Nəticədə qəribə halqa alınır. Bu halqada komandanın da, azarkeşin də uğur qazanmaq üçün, irəliləmək üçün heç bir şəxsi motivasiyası qalmır. Çalışacağıq ki, hər bir azarkeşimizə fərd olaraq yanaşaq, onlarla klub arasında sərhədlər qoymayaq. Onları idmançların canlı dəstəyinə, idmançıları isə azarkeşlərin motivasiya obyektinə çevirək.

- Tural, indi isə keçək işin əyləncəli tərəfinə. Ətrafınızdakı ulduzların meydanda ulduzlarını parlatmaq olarmı? Şou-biznesdə kimin ayağı və başı meydanda daha yaxşı işləyir?

- Düzdür, ayağı topla oynayan əli mikrofonlu ulduzlarımız kifayət qədərdir. Amma sırf mənim üçün Mir Yusifi yaşıl meydanda görmək daha maraqlı olardı. Söz sözü açar, Səbail FK-nın komandası formalaşandan sonra fikrimiz var ki, "ulduzlarla” klubun futbolçuları arasında yoldaşlıq oyunu keçirək. Mənim meydanda kimi görmək istədiyimi soruşdunuz, fikirləşirəm ki, klubun azarkeşləri və ümumiyyətlə, Səbail FK-nın "facebook” səhifəsinin izləyiciləri də eyni haqqa sahibdirlər. Odur ki, biz yaxın günlərdə "facebook” səhifəmizdən izləyicilərə səslənəcəyik və onlardan kimləri "Ulduzlar komandası”nda görmək istədiklərini soruşacağıq. Beləcə, səsvermə yolu ilə "Ulduzlar komandası”nın heyətini formalaşdıracağıq. Oyunun nə zaman baş tutacağını bilmək istəyənlər isə bizi sosial şəbəkələrdən izləsinlər.

- Gələcək zamandan danışmışkən, yaxın gələcəkdə Səbail FK-dan nə gözləyək?

- Bu yaxınlarda Səbail FK "Bayıl Arena”da ilk seçim oyununu keçirdi. Klub öz qalasının qapılarını hər kəsin üzünə açdı. 16-21 yaş arası gənc futbolçular meydana gəlib öz məharətlərini göstərdilər. Aralarında peşəkar təcrübəsi olan da vardı, futbolla həvəskar səviyyədə məşğul olan da. Əsas odur ki, heç kimə öz arzusunu reallaşdırmaq üçün məhdudiyyət qoymadıq. Hər kəsə şans verdik və bu şansı ən yaxşı dəyərləndirən 4 nəfəri kluba sınaq müddətinə götürdük. Keçmiş zamanda olsa da, bu işimiz klubun gələcəyə doğru atdığı önəmli addımlardan idi.

Səbail FK olaraq işimizi təkcə idman istiqamətində qurmuruq. Futbol birlik, qardaşlıq, dostluq oyunudur. Oyunun təməlində ədalət, düzgünlük və sağlam mübarizə dayanır. Bu cür dəyərləri özünün amalına çevirən klubun sosial problemlərdən üz döndərməsi dəyərlərə xəyanət olardı. Odur ki, yaxın gələcəkdə Səbail rayonunda bir sıra xeyriyyə aksiyalarının keçirilməsini planlaşdırırıq. Çalışacağıq ki, bu aksiyaların icrası ənənə şəklində digər futbol klublarına, məşhur simalara, belə desək, bütün Bakıya ötürülsün. İnanmıram ki, klublar, ya məşhurlar insani dəyərləri aşılayan aksiyalarımıza dəstək olmaqdan imtina etsinlər. Xeyirxah məqsədlər üçün bizimlə eyni dəyərləri paylaşan insanları və komandaları yanımızda görmək xoş olardı.

BAKU.WS

Oxşar xəbərlər

“Şuşa-Qarabağ” Futbol klubu qayıdır

“Şuşa-Qarabağ” Futbol klubu qayıdır

"Şuşa-Qarabağ” Peşəkar Futbol klubunun yeni prezidenti seçildi. 23 may 2016-cı ildə keçirilən iclasda Azərbaycanın ” Şuşa-Qarabağ” futbol klubu yeni prezidentin...

1846 İdman 00:18 25 may 2016

Son xəbərlər