Qurban Qurbanov: "Cavab matçında daha çox güc sərf etməli olacağıq"

Qurban Qurbanov: Cavab matçında daha çox güc sərf etməli olacağıq
İdman 66

"Cavab matçında daha çox güc sərf etməli olacağıq".

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Belçikada "Gent"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis vacib görüşə ciddi hazırlaşdıqlarını bildirib: "Sabah növbəti mərhələyə vəsiqənin taleyi həll olunacaq. İlk matçdan sonra rəqibin gücünə daha yaxından bələd olduq. Çox möhkəm komandaya qarşı oynayırıq. Futbolçularım matça hazırdırlar. Yaxşı oyun göstərmək istəyirik".

O, Marko Yankoviçin zədələnməsinə üzüldüyünü söyləyib: "Təkcə oyunumuza yox, həm də özünə görə məyus oldum. Çox yaxşı vəziyyətdə idi. Əvvəlki formasını yenicə bərpa etmişdi. İkinci dəfə zədələnməsinə üzüldüm. Futbolçularımın sağlam olması mənə əlavə güc, düşüncə verir. Buraya gələn digər oyunçularımız nə etməli olduqlarını bilirlər. Bu dəfə meydana çıxan futbolçulardan fərqli şeylər tələb edə bilərik".

Qurbanov avrokubok oyunları zamanı əksər səfərlərinin uzun olduğunu vurğulayıb: "Ona görə də çox vaxt 2 gün öncə gəlirik. Dünən 9 saat yolda olmuşuq".

Təcrübəli mütəxəssisin sözlərinə görə, hər bir matç onun üçün yeni təcrübədir: "Son vaxtlar futbolçuları motivasiya etmək heç də çətin deyil.

Çünki xeyli təcrübə toplayıblar. Məni narahat edən əsas məqam komandanın istədiyim formanı yığa bilməməsidir. Hələlik istədiyim dinamikanı görə bilmirəm. Amma oyundan-oyuna daha yaxşı çıxış edirik.

Şansımızdan maksimum yararlanmalıyıq. Bəzən oyunçularla müəllim-şagird kimi söhbətlərimiz olur. Bəzi futbolçularla dost kimi çox açıq şəkildə danışırıq.

Rəqibdən və oyunun əhəmiyyətindən asılı olaraq fərqli yanaşma ola bilər. Komandama inanıram. Fikirlərimi məsuliyyət və diqqətlə qəbul edirlər. Amma hərdən bəzi məsələlərə göz yumuram. Mənim üçün önəmli olan onların meydandakı işidir".

O, "Gent"in baş məşqçisi Heyn Vanhazebruka qarşı oynamağın xoş olduğunu əlavə edib: "Özünəməxsus fəlsəfəsi var. Futbolda fərqli sistemlər var. Əsas olan onun icrasıdır. "Gent"in oyunlarını diqqətlə incələdikdə hər epizodda diqqətli oynadığını görürük.

Bu komandanı analiz etmək asan, onlara qarşı oynamaq isə çətindir. Bizə verdiyi dəyərə görə Vanhazebruka təşəkkür edirəm".

Qurbanov deyib ki, Konfrans Liqasının finalında oynamaq ən böyük arzularından biridir:

"Amma hər şeyə real baxmaq lazımdır. Həyatda kənardan baxıb fikir bildirməkdən asan heç nə yoxdur. İstənilən fikrə hörmətlə yanaşıram. Futbolçularımın nə qədər əziyyət çəkdiyini mən görmüşəm. Hərdən elə fikirlər olur ki, sanki rəqib mərhələ adlamaq istəmir, biz artıq növbəti raunda çıxmışıq. Düzdür, bunlar oyunçuların məsuliyyətini azaltmır, onları arxayınlaşdırmır.

Sadəcə, qarşımızdakı komandaların kiçildilməsinə üzülürlər. Hər bir avrokubok matçı bizim üçün təcrübədir. Futbolçularım ilboyu bu stresi yaşayır, çətin oyunlara çıxırlar. Bu, oyunçunun sabit qalması üçün böyük köməkdir. Amma filan komandanı mütləq keçməliyik kimi bir şey yoxdur. Futbol düşündüyümüzdən dəfələrlə sürətli inkişaf edir. Bizim bu yeniliklərlə ayaqlaşmağımız çox çətin olur".

Qeyd edək ki, fevralın 23-də "Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Son xəbərlər