"Qəbələ" futbol akademiyası fəaliyyətini dayandırdı - BƏYANAT

Qəbələ futbol akademiyası fəaliyyətini dayandırdı - BƏYANAT
İdman 91

"Qəbələ" futbol klubunun akademiyası fəaliyyətini dayandırıb.

BAKU.WS xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Məlumatı olduğu kimi təqdim edirik:  Qəbələ İdman Klubu olaraq, bu gün Azərbaycan futbol ictimaiyyəti ilə bölüşmək istədiyimiz vacib bir qərarı açıqlayırıq. 2005-ci ildən etibarən fəaliyyət göstərən Qəbələ Futbol Akademiyası, ötən 20 il ərzində ölkə futboluna yüzlərlə istedadlı gənc futbolçu qazandırmış, onlarla oyunçunun müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarına yüksəlməsində mühüm rol oynamışdır. Bu illər ərzində akademiyamız ölkəmizdə gənclər futbolunun inkişafına, bölgələrdə istedadların üzə çıxarılmasına və onların peşəkar futbol mühitinə inteqrasiyasına töhfə vermişdir.

Lakin təəssüf hissi ilə bildirmək istəyirik ki, hazırkı maliyyə çətinlikləri səbəbindən Qəbələ Futbol Akademiyasının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılır. Ötən mövsümdən başlayan maliyyə problemlərini aradan qaldırmaq üçün apardığımız hərtərəfli fəaliyyət, ayrılan maddi yardımlar, bunlarla yanaşı əməkdaşlarımızın uzun müddətdir göstərdiyi fədakarlıq tam güclə fəaliyyət göstərməyə, təəssüf ki kifayət etmir.

Bu qərar bizim üçün asan olmayıb. Klub olaraq məqsədimiz, gələcəkdə yenidən stabil maliyyə mühiti formalaşdıraraq akademiya fəaliyyətini daha güclü şəkildə bərpa etmək və gənc futbolçular üçün inkişaf imkanlarını genişləndirməkdir.

Akademiyamızda illər ərzində zəhmət göstərmiş bütün məşqçilərə, işçilərə və xüsusilə də valideynlərin etimad göstərərək bizə əmanət etdikləri bütün gənc futbolçulara dərin təşəkkürümüzü bildiririk.

Son xəbərlər