"Qarabağ" "Nyukasl"ı məğlub etmək üçün necə oyanamalıdır? - AÇIQLAMA

Qarabağ Nyukaslı məğlub etmək üçün necə oyanamalıdır? - AÇIQLAMA
Açıqlama
İdman 72

"Uğurlu nəticə qazanmaq üçün ilk növbədə reallığı düzgün qiymətləndirmək lazımdır. Mən bunu Çempionlar Liqasının qrup oyunlarında da demişdim – bu səviyyədə hər şey təkcə səndən asılı olmur. "Qarabağ" maksimum potensialını ortaya qoysa belə, çox məqam rəqibin keyfiyyətindən və oyunun axarından asılıdır".

Bunu BAKU.WS-ə açıqlamasında sabiq futbolçu və mütəxəssis Aslan Kərimov qarşıdakı oyunla bağlı fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, yüksək səviyyəli komandalarla görüşlərdə oyunçu keyfiyyəti həlledici rol oynayır:

"Bu səviyyədə elə ustalıq səviyyəsi yüksək olan futbolçulara qarşı oynayırsan ki, nə qədər intizamlı müdafiə olunsan belə, bir epizodda fərdi bacarıq fərq yarada bilir. Rəqib oyunçu sənin müdafiəçini bir hərəkətlə üstələyirsə, artıq müdaxilə etmək çətinləşir. Buna görə də burada yalnız taktika yox, fərdi keyfiyyət amili də böyük rol oynayır".

Kərimov hesab edir ki, "Qarabağ"ın şansları əsasən cinah hücumları və ön xətdə təzyiqdən asılı olacaq:

"Bizim ən yaxşı alınan komponentlərdən biri cinah hücumlarıdır. Müdafiəçilərin və yarımmüdafiəçilərin hücuma tez-tez qoşulması vacib olacaq. Eyni zamanda, bəzən öndə pressinq tətbiq edib rəqibi səhvə məcbur etmək lazımdır. Onların müdafiədən oyun qurmasına imkan verməsək, top itkilərindən faydalana bilərik".

Ekspert əlavə edib ki, keçidlər və standart vəziyyətlər xüsusi diqqət tələb edir:

"Rəqib sürətli keçidlərə və uzun ötürmələrə üstünlük verir. Atletik futbola hazır olmalıyıq. Cinah dəyişmələrinə, sürətli əks-hücumlara qarşı diqqətli davranmaq lazımdır. Tam şəkildə onların hücumlarının qarşısını almaq çətin olacaq, amma riskləri minimuma endirmək mümkündür".

Aslan Kərimov bildirib ki, nəzəri baxımdan hər şey planlaşdırıla bilər, lakin meydanda bunu icra etmək əsas məsələdir:

"Topu itirdiyimiz anda dərhal keçid etməli, rəqibə rahat uzun ötürmə imkanı verməməliyik. Amma sual budur – bu tempi və təzyiqi 90 dəqiqə saxlaya biləcəyikmi? Azərbaycan çempionatında bu mümkündür, lakin daha yüksək səviyyədə bu, çox çətindir.

Birincisi, öz oyunumuzu qorxusuz şəkildə oynamaq. İkincisi isə müəyyən məqamlarda bəxt amili. Rəqib uzun illər yüksək tempdə oynayan komandadır. Ona görə də maksimum konsentrasiya və bir qədər də uğur bu oyunda bizim üçün həlledici ola bilər".

Orxan Hüseyn

Son xəbərlər