"Neftçi"nin keçmiş futbolçusu “Qarabağ” potenisalını dəyərləndirdi

Neftçinin keçmiş futbolçusu “Qarabağ” potenisalını dəyərləndirdi
İdman 97

Mamadu Kane Avropada ilk addımını “Neftçi”də atdı. 2019-cu ilin yanvarında keçdiyi “ağ-qaralar”da 2 il yarımlıq yüksək performansın yekununda Yunanıstan nəhəngi “Olimpiakos”a transfer olundu. Bakılılara pulsuz başa gələn və cəmi 1500 dollar məvacibə oynayan futbolçu gedişində "flaqman"a 600 min avro qazandırdı - yunanlar onun transferi üçün "Neftçi"yə bu qədər məbləğ ödədilər.

İndi Priney klubu Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”la eyni qrupa düşsə də, qvineyalı yarımmüdafiəçi Azərbaycana gələ bilməyəcək. 25 yaşlı orta sahə oyunçusu yay fasiləsində Kipr təmsilçisi “Pafos”a icarəyə verilib.

Kane Sports.az saytına müsahibəsində həm müqavilə ilə məxsus olduğu “Olimpiakos”un, həm də bir vaxtlar “Neftçi”də əsas rəqibi olan “Qarabağ”ın qrup mərhələsindəki şanslarını dəyərləndirib.

- Müqavilə ilə məxsus olduğunuz “Olimpiakos” klubunun Avropa Liqasında düşdüyü qrupdan yəqin ki, xəbərdarsınız?

- Bəli, maraqla izləyirdim. Bunu niyə soruşduğunuzu bilirəm. “Olimpiakos” “Qarabağ”la eyni qrupda çıxış edəcək. Maraqlı oyunlar olacaq.

- Püşkatmadan sonra “Pafos”a icarəyə verildiyiniz üçün peşmanlıq keçirmədiniz? Hər halda “Olimpiakos”un heyətində sabiq komandanız “Neftçi”nin əzəli rəqibinə qarşı Bakıda oynaya bilərdiniz.

- Xeyr, heç bir peşmanlıq yoxdur. Futbolda hansı komandanın formasını geyinirsinizsə, onun da uğurlarını düşünməlisiniz. Təbii ki, “Neftçi”də çıxış etdiyim zaman “Qarabağ” əsas rəqibimiz idi. Amma bu o demək deyil ki, “Qarabağ”a düşmən gözü ilə baxıram.

- Ötən mövsümün sonları və yay toplanışı sizin üçün pis alınmırdı. “Olimpiakos”dan ayrılmağınız təəccüblü olmadı?

- Orada rəqabət böyükdür. Doğrudur, daha çox oyun şansı əldə etməyə başlamışdım. Amma yekunda belə məsləhət oldu. “Pafos” da Kiprdə qarşısına ciddi hədəflər qoyan komandadır. Düşünürəm ki, oradakı uğurlu çıxışla və daha da inkişaf etməklə “Olimpiakos”a daha yaxşı vəziyyətdə qayıda bilərəm.

- “Olimpiakos”un düşdüyü qrupu necə dəyərləndirərdiniz?

- Kifayət qədər güclü qrupdur. Deyərdim ki, ən çətin qruplardan biridir. “Nant” və “Frayburq” “Top-5” liqaların komandalarıdır. Avropa təcrübələri az görünə bilər, amma heç də belə deyil. “Qarabağ” isə qrupda ən çox beynəlxalq təcrübəyə malik klublardandır. Digərlərini deyə bilmərəm, amma məncə, “Olimpiakos” qrup birinciliyi uğrunda mübarizə aparacaq. Ümid edirəm ki, komanda bu istəyinə çatar. “Olimpiakos”un bunu reallaşdırmaq potensialı var.

- Bəs “Qarabağ”ın şanslarını necə görürsünüz?

- Dediyim kimi, “Qarabağ”ın Avropa təcrübəsi zəngindir. Bu mənada qrupda ən təcrübəli komandalar “Qarabağ”la “Olimpiakos”dur. Amma hər şeyi meydandakı mübarizə həll edəcək.

Oxşar xəbərlər

Son xəbərlər