İngilis atlet Avstraliyanı ən sürətli qaçan şəxs oldu

İngilis atlet Avstraliyanı ən sürətli qaçan şəxs oldu
İdman 28

İngiltərənin ultra marafonçusu Uilyam Quç Avstraliyanı bir başdan o biri başa qaçaraq dünya rekordunu qırıb.

BAKU.WS xəbər verir ki, 31 yaşlı idmançı 15 aprel tarixində Pört şəhərində yerləşən Kottesloe çimərliyindən start götürərək 3 800 kilometrlik məsafəni 35 günə qət edib və Sidneyin məşhur Bondi çimərliyinə çatıb. Qaçışı atasının müşayiəti ilə başa vuran Quç, əvvəlki rekordu 4 gün qabaqlayıb.

Bedfordşirdən olan atlet hər gün təxminən 2,5 marafon məsafəsinə bərabər olan 100 kilometr qaçıb. O, 2018-ci ildə xərçəng xəstəliyindən vəfat edən anası Amandanın xatirəsinə marafonlara başlamışdı. Bu uzun və çətin qaçışı ilə Quç İngiltərə, ABŞ və Avstraliyadakı xərçəng fondları üçün ianələr toplayıb.

Əvvəlki rekord 2023-cü ildə Kris Turnbull tərəfindən 39 günə müəyyən edilmişdi. Ondan bir il əvvəl isə avstraliyalı elektrikçi Nedd Brokman bu məsafəni 47 günə qaçmış və milyonlarla dollar ianə toplamışdı.

Finişə çatdıqdan sonra jurnalistlərə danışan Quç ilk doqquz günün xüsusilə ağır keçdiyini bildirib: "Bədəninizə və beyninizə, nə qədər çətin olsa da davam etməli olduğunuzu deməlisiniz", – deyə o qeyd edib.

Anasının xatirəsinə Bondi çimərliyinə gül dəstəsi qoyan idmançı, "O, həyatımda ən dəyərli insan idi. Əminəm, etdiyim hər şeylə fəxr edərdi, amma narahat da olardı", – deyə bildirib.

Qaçış zamanı ayaq dırnaqlarını itirən, ayaqlarında ciddi yaralar yaranan və yuxu çatışmazlığından halüsinasiyalar görən atlet fiziki ağrılara baxmayaraq, anasının xərçənglə mübarizəsini xatırlayaraq motivasiya tapdığını bildirib: "Çətin anlarda ona və onun necə güclü bir qadın olduğuna fokuslanırdım. Dəstəyini daim hiss edirəm", – deyə vurğulayıb.

Avstraliyanın simvolik heyvanlarının çoxunu yol boyu gördüyünü bildirən Quç onların əksəriyyətinin artıq ölü olduğunu da qeyd edib.

Sonda o, öz sosial media hesabından əvvəlki rekord sahibi Kris Turnbull-a dəstək və məsləhətləri üçün təşəkkür edib.

Qeyd edək ki, William Quç bundan əvvəl ABŞ-ı da ən sürətli qaçan ingilis olmuşdu. Həmin qaçış zamanı o, Los-Ancelesdən Nyu-Yorka 55 günə çatmışdı.

Son xəbərlər