Həbiblə yanaşı bir müsəlman obrazı da məğlub oldu!

Həbiblə yanaşı bir müsəlman obrazı da məğlub oldu!
İdman 8588

"Həbib Nurməhəmmədovun qalib gəlməsinə bütün Qafqaz və müsəlman təəssübkeşi kimi mən də sevindim. Həbibin qələbədən sonrakı davranışı ilə məğlub olmasına isə bu dünyada yaşayan bir bəşər övladı olaraq üzüldüm". BAKU.WS xəbər verir ki, bu fikirlər millət vəkili Fazil Mustafaya məxsusdur.

Deputat ABŞ-ın Las-Veqas şəhərində baş tutan qaydasız döyüşdə irlandiyalı boksçu Konor Makqreqoru məğlub edən dağıstanlı samboçu Həbib Nurməhəmmədovun döyüşdən sonrakı davranışını pisləyib:

"Sözsüz ki, Həbib qəhrəmandır, qarşısındakı Mak-Qreqor kimi güclü, lakin küstah bir rəqibi çözməsi elə də asan məsələ deyildi. Unutmayaq ki, Həbibin döyüşü fiziki güc və iradə ilə bağlı idi və kimsə ondan hansısa intellektual davranış da tələb edə bilməzdi. Bununla belə, Həbib ilk təqdimatından başlayaraq özünü Xristian aləminin təmsilçisinə qarşı duran bir Müsəlman obrazında göstərirdi. Bəs bu müsəlman obrazı əlinə düşən tarixi fürsəti doğru dəyərləndirə bildimi? Təəssüf ki, dünya müsəlmanlarının əksəriyyəti kimi o da bu fürsəti boşa verdi.

Anlaşılan duyğulardır, mövcud Amerika-Rusiya rəqabətinin təsiri altında bir vəhşi idman yarışı keçirilir, siyasi təsirlər kifayət qədər güclü, amma bütün hallarda biznes xarakterli olsa da, yenə bir idman yarışından söhbət gedir. Həbibin öz papağı ilə qafqazlı və çeçen identifikasiyasını göstərməsi də, ingiliscə fikrini ifadə etməsi də maraqlı və sempatik idi.

Sadəcə Həbib bir şeyi unutmuşdu: bu səviyyədə bir finala gəlib çıxmış təcrübəli idmançı müsəlman tanıtımı kimi böyük bir məsuliyyəti öz üzərinə götürmüşsə, sadəcə öz peyğəmbərinin davranışlarını xatırlayaraq bu atmosferin içinə girməyi bacarmalıydı. Əksinə, Həbib öncədən “əlhəmdülillah” kəliməsini də qəzəblə Qərb dünyasına öyrətmək istəyi ilə sonrakı yanlışların başlanğıcını qoydu.

Bu döyüşdə Həbib üzərinə düşəni etdi, tərbiyəsiz rəqibini əlacsız duruma saldı və öz əzmi, iradəsi ilə könülləri fərh etdi. Eyniylə “könülləri fəth etməyi Məkkəni fəth etməkdən daha fəzilətli sayan” Peyğəmbər Məhəmmədin yol xəritəsini izləmiş oldu. Bütün bunlardan sonra həm özü, həm də yanındakılar qəzəbini, kinini saxlaya bilməyib müasir dünyanın müsəlman obrazını canlandırmağa başladılar.

Bu cür davranışla bəlkə də Rusiya siyasi elitasının, Qafqaz və Dağıstan arealına bağlı insanların, dinə öz içindən baxan müsəlmanların emosional simpatiyasını qazanmış oldular, lakin müsəlmanlığın bütün insanlara gözəl təqdimatını düşünənlər üçün ciddi bir fiasko yaşandı. Ona görə də “kənardan necə görünür?” sualına cavab verməyən müsəlmanlığa qarşı bəşəriyyətin qorxu amili kimi yanaşmasını anlayışla qarşılamağa məhkumuq.

Həbib və komandası sadəcə qələbədən sonra öz peyğəmbərinin davranışını xatırlayıb hərəkət edə bilsəydi, inanın ki, hansı məkanda olmasına baxmayaraq, İslama qarşı hansı nifrət yükü daşımasına baxmayaraq, əksər insanların könlünü fəth etmiş olacaqdı. Bunu ona görə yazmağa ehtiyac duydum ki, bizim mühitdə də Həbibin davranışını təqdirlə qarşılayan müsəlman kimliklərinin az olmadığını sosial məkandakı fikir izharlarından müşahidə etmiş oldum.

Hər dəfə təkidlə vurğulayıram ki, İslam adına əzadarlıq uyduraraq dini yaşayanlar, pinti şəkildə saqqalı uzatmaqla fəzilətin artdığını düşünənlər, sadə hicab formalarından imtina edərək qapqara çadraların altında gizlənməklə 21-ci əsrə müqavimət göstərdiyini düşünənlər, qız uşaqlarını dünyəvi təhsildən məhrum edənlər heç olmazsa özlərinə tamamilə yad bir millətin, dinin təmsilçisi kimi kənardan baxa bilsəydilər, o zaman oz müsəlman obrazlarından şübhəsiz ki, utanardılar.

İctimai şəxsiyyətlərin üzərində şəxsi məsuliyyətlə yanaşı həm də ictimai məsuliyyət yükü qoyulur. Bunu anlayanlar qələbələrini də, məğlubiyyətlərini də bir faydalı tanıtım dəyərinə çevirməyi bacarırlar. Allahu-əkbər çağırışı ilə insan başı da kəsirlər, bir məktəb açılışı da edirlər. Hansının gözəl olmasını öz tərəfli duyğularımızla deyil, kənardan baxanların düşüncələrinə görə müəyyənləşdirməmiz doğru olmazdımı?

Bu səbəbdən də idmançının da savadlı olması, təmsil etdiyi toplumun məsuliyyətini anlaması vacib şərtlərdən biridir. Söhbət hansısa addan məhrum edilməkdən, yarışdan uzaqlaşdırılmaqdan getmir, Həbib onsuz da öz iradəsi ilə göstərdi ki, hər cür böyük titula layiq bir döyüşçüdür. Sadəcə doğru davranışla, sağlam mühakimə ilə qarşında sənə nifrətlə yanaşanları utandırmağı bacarmaqdan söhbət gedirdi. Burada Həbiblə yanaşı bir müsəlman obrazı da məğlub oldu".

Qeyd edək ki, döyüşdən sonra zalda qalmaqal baş verib. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub. Eyni zamanda, rinqdə Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib. Bütün bunlardan sonra irlandiyalı döyüşçü soyunub-geyinmə otağına aparılıb. Sonda qalib Həbib Nurməhəmmədov elan olunsa da, ona çempion kəməri təqdim edilməyib. UFC-nin prezidenti Deyna Uayt görüşdən sonra yaranan gərginliyə görə Həbib Nurməhəmmədova çempionluq kəmərini verməkdən imtina edib. Həbib qazandığı kəməri daha sonra ala biləcək.

BAKU.WS

Son xəbərlər