FIFA DÇ-2026 üçün mükafat fondunu artırır
FIFA 2026-cı il dünya çempionatı üçün mükafat fondunu və iştirak ödənişlərini artırmağa razılaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Bildirilib ki, genişləndirilmiş maliyyə paketi bu həftə Kanadanın Vankuver şəhərində keçiriləcək FIFA Şurasının iclasında təsdiqlənəcək. Qərar bir sıra milli futbol assosiasiyalarının narahatlıqlarına cavab olaraq qəbul edilib. Assosiasiyalar yüksək uçuş xərcləri, əməliyyat xərcləri və xüsusilə ABŞ-də tətbiq olunan vergilərin komandalar üçün ciddi maliyyə yükü yaradacağını bildiriblər. Onların fikrincə, hətta komandalar turnirdə uğurlu çıxış etsə belə, bu xərclər zərərlə nəticələnə bilər.
Xatırladaq ki, 2025-ci ilin dekabrında FIFA dünya çempionatı üçün rekord səviyyədə - 727 milyon dollar mükafat fondu elan etmişdi. İlkin plana əsasən, turnirdə iştirak edəcək 48 komandanın hər biri minimum 10,5 milyon dollar, çempion isə 50 milyon dollar qazanmalı idi. Lakin son həftələrdə aparılan məsləhətləşmələrdən sonra bu məbləğin daha da artırılması qərara alınıb.
Bununla yanaşı, FIFA-nın 211 üzv assosiasiyası üçün ayrılan futbolun inkişafı fondu da artırılacaq. Bu vəsait əvvəl planlaşdırılan 2,7 milyard dolları üstələyəcək və növbəti dördillik dövr ərzində bölüşdürüləcək.
Oxşar xəbərlər
İngiltərə millisinin futbolçusu sərxoş halda barda yuxuya gedib
İngiltərə millisinin üzvü, hazırda "Everton" klubunda çıxış edən Cek Qriliş Mançesterdə yerləşən barlardan birinin damında yatarkən görüntülənib. BAKU.WS xəbər...