SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın yeniyetmə cüdoçusu Nihad Məmişov Xorvatiyada təşkil olunan dünya çempionatında qızıl medal qazanıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı finalda komanda yoldaşı Məhəmməd Məmişova qalib gəlib.

Bu gün, həmçinin, 55 kq-da Mirxaliq İskəndərov bürünc medal uğrunda görüşdə fransalı Adrian Mivovanla üz-üzə gələcək.

Qeyd edək ki, ilk yarış günündə digər üç cüdoçu medal qazana bilməyib.

***16:40

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Xorvatiyada keçirilən dünya çempionatında finala çıxıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki,50 kiloqram çəki dərəcəsində yer alan idmançı 1/4 finalda braziliyalı Viktor Huqo Silvaya, yarımfinalda Gürcüstan təmsilçisi Şota Baçoşviliyə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.

Daha iki cüdoçumuz isə yarımfinalda mübarizə aparacaq.

50 kiloqram çəki dərəcəsində çıxış edən Nihad Məmişov 1/8 finalda macarıstanlı Bence Qalo, 1/4 finalda Monqolustan təmsilçisi Tuquldur Çoijiljavdan güclü olub.

55 kiloqramda isə Mirxaliq İskəndərov əvvəlcə monqolustanlı Munx-Orgil Suvd-Erdeneyə qalib gəlib. 1/4 finalda o, serbiyalı Marko Yorgiçi üstələyərək növbəti yarımfinala vəsiqə qazanıb.

***15:18

Xorvatiyada yeniyetmə cüdoçular arasında dünya çempionatı start götürüb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ilk gündə Azərbaycanın altı cüdoçusu mübarizəyə qoşulub.

Qızların yarışında 44 kq çəki dərəcəsində çıxış edən Məryəm Bayramzadə 1/16 finalda Moldova təmsilçisi Qabriela Hertaya məğlub olub.

Digər qız cüdoçumuz Nigar Məmişova da uğursuzluqla üzləşib. 40 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Türkmənistan təmsilçisi Dilara Kandimovaya yenilib.

Oğlanların yarışında Ayxan Mirzəzadə ilk görüşünü qələbə ilə başa vurub. 55 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda tacikistanlı Loiq Kudbodinova ipponla qalib gəlib. Lakin o, 1/16 finalda qazaxıstanlı Oralbek Bayzaka uduzaraq, mübarizəni dayandırıb.
50 kq-da yarışan Məhəmməd Məmişov 1/16 finalda Bosniya və Herseqovinadan olan Stefan Vinciçi məğlub edib. Daha sonra o, 1/8 finalda Ermənistan təmsilçisi Arşak Bekçyana qalib gələrək 1/4 finala adlayıb.

50-kq-dakı digər təmsilçimiz Nihad Məmişov 1/16 finalda fransalı Amza Çattiyə qalib gəlib.

Mirxaliq İskəndərov da mübarizəyə uğurlu start verib. 55 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda fransalı Tiaqo Talondan güclü olub.

BAKU.WS