XXXI Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında Azərbaycanı təmsil edən Rəsul Çunayev (66 kq) avqustun 16-da bürünc medal uğrunda mübarizədə Koreya Respublikasından olan Hansu Ryu ilə qarşılaşıb.

BAKU.WS AZƏRTAC-a istinadən bildirir ki,  görüşdə R.Çunayevin rəqibinə qalib gəlməsi üçün 2 dəqiqə 20 saniyə lazım olub. Qarşılaşmada 8:0 hesabı ilə qalib gələn R.Çunayev XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb. Bu, "Rio-2016"da Azərbaycan yığma komandasının sayca beşinci medalı olub.

Rəsul Çunayev 1991-ci ildə Azərbaycanın Balakən şəhərində anadan olub. O, ötən Las-Veqasda keçirilən dünya çempionatında birinci yeri tutaraq qızıl medal qazanıb. Atletimiz Avropa çempionatının qızıl və gümüş medalçısı olub. R.Çunayev 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarının qızıl medalçısıdır.

Birinci Avropa Oyunlarında qazandığı yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə R.Çunayev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

"Rioya qızıl medal üçün gəlmişdim, ancaq təəssüflər olsun ki, bunu bacarmadım. Məni dəstəkləyən hər kəsə çox minnətdarlığımı bildirirəm. Mən də istərdim ki, onları sevindirim. Tənqid edənləri də başa düşürəm. Düşmən idmançıya uduzmuşam. Ancaq bilin ki, hamıdan çox özüm qələbə qazanmaq istəyirdim. Bu dəfə alınmadı". Apasport.az saytının məlumatına görə, bu sözləri güləş üzrə Azərbaycan yığmasının üzvü Rəsul Çunayev deyib.

O, yarımfinalda erməni güləşçiyə məğlub olmasını çəkisini dəyişməsi ilə əlaqələndirib: "Mən uzun müddətdi 66 kq çəkidə çıxış etmirdim. Olimpiadaya düşmək üçün çəkimi salmalı oldum. Bu amil məğlubiyyətimdə çox böyük rol oynadı. Püşküm də çətin düşmüşdü. 1/8 finalda Olimpiya çempionu ilə qarşılaşdım. Sonuncu rəqibim koreyalı güləşçi dünya çempionu idi. Ancaq qalib gəlmək istəyirsənsə, gərək güclü idmançını yolundan kənarlaşdırasan. Yalnız yarımfinalda səhvə yol verdim".