Bu gün beş idmançımız mübarizə aparacaq

Bu gün beş idmançımız mübarizə aparacaq
İdman 1589

 

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın beş təmsilçisi mübarizə aparacaq.

Avqustun 14-də atletlərimiz idmanın üç – yunan-Roma güləşi, velosiped və boks növündə yarışacaqlar.

Əvvəlcə saat 17:05-də yunan-Roma güləşi yarışlarında Azərbaycan təmsilçisi, ilk Avropa Oyunlarının qalibi, son dünya çempionatının beşincisi Elvin Mürsəliyev (75 kq) birinci görüşündə 1/16 finalda misirli Mahmud Fevzi Rəşad Sebye ilə gücünü sınayacaq. Azərbaycan güləşçilərindən Rio Olimpiadasına ilk vəsiqəni Las-Veqasdakı dünya çempionatında məhz Elvin Mürsəliyev qazanmışdı.

Daha sonra 59 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçilərimizdən Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı və dünya çempionu, Avropa çempionatının iki qat qızıl medalçısı Rövşən Bayramov döşək üzərinə çıxacaq. R.Bayramovun 1/8 finaldakı rəqibi Venesuela güləşçisi Rayber Xose Orozko Rodrigez olacaq. Bu görüşdə üstün olan idmançı növbəti mərhələdə Mahadi El Messaudi (Mərakeş)-Xese David Tielke (ABŞ) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:18-da başlanacaq. Qeyd edək ki, R.Bayramov "Rio-2016" Olimpiya Oyunlarında iştirak etmək hüququnu ötən ilin sentyabrında ABŞ-da keçirilən güləş üzrə dünya çempionatında əldə edib. R.Bayramov, həmin mundialda yarışı ikinci yerdə tamamlayaraq gümüş medal qazanmışdı.

Saat 23:00-dan etibarən qadın velosipedçimiz Olqa İsmayılova sprint növündə ilkin mərhələ yürüşündə çıxış edəcək. O, qalib olmaq adı uğrunda təsnifat mərhələsində 27 velosipedçi ilə mübarizə aparacaq. Trek velosipedinin sprint növündə qalibin müəyyən olunması bir neçə mərhələdə həyata keçiriləcək. Reqlamentə görə, 200 metr məsafəyə sprint növündə əvvəlcə iyirmi yeddi iştirakçının vaxt göstəricisini müəyyənləşdirmək üçün fərdi şəkildə təsnifat yürüşü həyata keçiriləcək. Onların arasında daha yaxşı nəticə göstərib ilk 18-liyə düşənlər on altıdabir finala vəsiqə qazanacaqlar.

Bu gün Azərbaycanın iki boksçusu da rinqə çıxacaq. Olimpiya Oyunlarında keçirdiyi iki görüşdə qələbə qazanaraq dörddəbir final mərhələsinə yüksələn Azərbaycan yığmasının bayraqdarı Teymur Məmmədov (81 kq) növbəti mərhələdə qazaxıstanlı Adilbek Niyazimbetov ilə qarşılaşacaq. Qələbə qazanacağı təqdirdə, boksçumuz ən azı bürünc medalı təmin edəcək. T.Məmmədovun Qazaxıstan təmsilçisi, "London-2012”nin gümüş medalçısı, dünya çempionatının ikiqat finalçısı, Asiya çempionu ilə döyüşü gecə saat 03:00-da başlayacaq.

Saat 03:15-də isə ilk Avropa Oyunlarının qalibi olan Azərbaycan boksçusu Lorenzo Sotomayor 64 kiloqram çəki dərəcəsində fransalı Hassan Amzil ilə səkkizdəbir final döyüşünə çıxacaq. Xatırladaq 1/16 final mərhələsindəki birinci döyüşündə boksçumuz Ukrayna idmançısı Volodimir Matviçuka qalib gələrək növbəti mərhələyə adlamışdı.

AZƏRTAC

BAKU.WS

Son xəbərlər