"Qəbələ" klubunun futbol üzrə Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsi açıqlanıb.
 
BAKU.WS-in məlumatına görə, siyahıda hazırda həbsdə olan Cavid Hüseynovun da adı var. Məsələ ilə bağlı "Qəbələ” futbol klubunun media və marketinq üzrə meneceri Səməd Nəsibov BAKU.WS-ə açıqlama verib və yaranan bəzi suallara aydınlıq gətirib. 
 
Klub rəsmisi bildirib ki, jurnalist Rasim Əliyevin ölümündə şübhəli şəxs qismində saxlanılmış futbolçu Cavid Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Yəni, istintaq müddəti bitənə qədər futbolçunun günahsız olduğu sübuta yetirlərsə Cavid yenidən "Qəbələ"yə kömək edəcək:
 
"3 aylıq həbs müddətindən təxminən 1 ay müddət ötüb. Qalan iki aylıq müddət bitdikdən sonra bizim Avropa liqasında 2-3 oyunumuz qalacaq. Ola bilər ki, Cavidin günahsız olduğu sübuta yetirilsin və o, yenidən kluba qayıtsın. Sifariş Ərizəsinə qrup oyunları bitənə qədər digər futbolçu adları daxil etmək mümkün deyil. Ona görə də ehtiyat kimi siyahıya Cavidin də adı var", - deyə S.Nəsibov söyləyib. 
 
"Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümündə şübhəli şəxs qismində həbs edilib. C.Hüseynov Cinayət Məcəlləsinin 307-ci maddəsinin 1 və 2 bəndləri ilə (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) ittiham elan olunur. Futbolçu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
 
Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında PAOK (Yunanıstan), "Krasnodar (Rusiya) və "Borussiya" (Dortmund, Almaniya) klubları ilə bir qrupda mübarizə aparacaq. Azərbaycan təmsilçisi Avropa Liqasında ilk sınağı doğma meydançada PAOK qarşısında verəcək. Matç sentyabrın 17-də Bakıda "Bakcell Arena"da baş tutacaq. 
 
ŞAHİN Həbibov
BAKU.WS