Yumurta nə qədər təhlükəlidir? - Risk və düzgün istifadə qaydaları
Yumurta qida rasionunda ən faydalı məhsullardan biri hesab olunsa da, onun istifadəsi zamanı müəyyən risklər də mövcuddur.
BAKU.WS xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əsas təhlükə salmonella bakteriyası ilə yoluxma ehtimalıdır.
Bildirilir ki, bu riski minimuma endirmək üçün yumurta mütləq şəkildə ən azı 5 dəqiqə qaynadılmalıdır. Çiy və ya yarımçıq bişmiş yumurtalar bakteriya baxımından daha təhlükəli hesab olunur.
Eyni zamanda qeyd olunur ki, qaynadılmış yumurta yüksək keyfiyyətli zülal mənbəyidir və B, E, A, K, D vitaminləri ilə zəngindir. Bundan əlavə, tərkibində xolin, sink, selen, dəmir və göz sağlamlığı üçün vacib olan lutein və zeaksantin kimi antioksidantlar da mövcuddur.
Son araşdırmalara görə, yumurtanın sarısında olan xolesterinin qandakı xolesterin səviyyəsinə təsiri əvvəl düşünüldüyü qədər yüksək deyil. Buna baxmayaraq, ürək-damar xəstəlikləri olan şəxslərə yumurta sarısını məhdud miqdarda qəbul etmək tövsiyə edilir.
Gündəlik norma məsələsinə gəldikdə isə, əksər böyüklər üçün gündə 1-2 ədəd qaynadılmış yumurta təhlükəsiz hesab olunur. Aktiv idmanla məşğul olanlar üçün bu miqdar 4 ədədə qədər arta bilər. Yaşlı şəxslərə isə gündə 1 yumurta ilə kifayətlənmək məsləhət görülür.
Uşaqlarda yumurta istifadəsinə də diqqətlə yanaşılmalıdır. Sarısı təxminən 7 aylıqdan etibarən verilə bilər, ağ hissəsi isə allergiya riski səbəbindən adətən 1 yaşdan sonra qida rasionuna daxil edilir.
Mütəxəssislər vurğulayır ki, düzgün hazırlanma və ölçülü istehlak edildiyi halda yumurta həm faydalı, həm də təhlükəsiz qida məhsuludur.
Oxşar xəbərlər
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı
Sosial şəbəkələrdə çiyələyə təhlükəli kimyəvi maddələrin vurulmasını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub. BAKU.WS ATV-yə istinadən xəbər verir...