Yol polisi çağırış etdi: "Hər şey cəbhə üçün, VƏTƏN üçün"
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti Yanında Operativ Qərargahın məlum qərarı və müharibə şəraiti ilə bağlı ölkədə gedən proseslər, əlavə daha ciddi tədbirlərin görülməsi zərurəti yaradır.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə bildirib:
“Hazırda koronavirusa yoluxma faktlarının çoxalması ciddi narahatlıq doğurur. Buna görə də yol polisi olaraq sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edirik. Xahiş edirik ki, marşrutlar üzrə avtobusların sayının mümkün qədər artırılmasına, interval müddətinin azaldılmasına, reysqabağı avtobusların dezinfeksiya edilməsinə və hərəkət zamanı normadan artıq sərnişinlərin daşınmamasına diqqət artırılsın. Sərnişinlər də bu tələblərə ciddi riayət edərək öz sağlamlıqlarını qorumaq məqsədilə dolu avtobuslara minməsinlər. Eyni zamanda sərnişinlərin qoruyucu vasitələrdən istifadə etməsi və sosial məsafənin qorunması vacib faktordur ki, sürücülər də bunu təmin etməlidirlər. Ayrıca taksi fəaliyyəti ilə məşğul olanlar da qoruyucu, şəffaf arakəsmələrdən istifadəyə üstünlük verməlidirlər. Hazırkı durumda zolaqlar üzrə avtomobillərin sıx cərgələnməsi, hər kəsin şəxsi nəqliyyat vasitəsindən istifadə etməsinə üstünlük verməsi, ictimai nəqliyyatdan istifadə edənlərin sayının çoxluğu süni sıxlığın yaranması ehtimalını artırır. Ləngimə faktlarının qarşısının alınması üçün sürücülər dayanma-durma qaydalarına düzgün riayət etməlidirlər. Xüsusilə avtobus duracaqları zəbt edilməməlidir”.
Bölmə rəisi ölkəmizdə tətbiq olunan komendant saatı ilə bağlı da müraciət edib. Bildirib ki, sürücülər vaxtı elə tənzimləməlidirlər ki, 21:00-dək öz evlərində ola bilsinlər. “Çünki bu, hüquq-mühafizə orqanları üçün əlavə yükdür. Ümid edirik ki, vətəndaşlarımız bu çağırışlara və tövsiyələrə ciddi əməl edəcək. Çünki komendant saatının pozulması və kütləvi toplaşmalar düşmən tərəfindən törədilə biləcək terror təhlükəsini yaradır”, - deyə o əlavə edib.
Vaqif Əsədov bir daha sürücüləri verilən tövsiyələrə ciddi əməl etməyə çağırıb: “Bu gün ölkəmiz müharibə vəziyyətindədir. Odur ki "hər şey cəbhə üçün, VƏTƏN üçün" əsas şüarımız olmalıdır”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...