Yağışın həcminə görə onun qarşısını almaq mümkün idi? - RƏSMİ CAVAB
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əvvəlcədən intensiv yağıntılarla bağlı xəbərdarlıq edilsə də, mart ayının son günlərində müşahidə olunan güclü yağışlar gözləniləndən də artıq olub. Rəsmi məlumatlara görə, cəmi üç gün ərzində yağan yağıntının həcmi aylıq normanı təxminən 6 dəfə (146 mm) üstələyərək rekord səviyyəyə çatıb".
BAKU.WS xəbər verir ki, bu sözləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Bakı Sukanal İdarəsinin rəis müavini Əlizadə Nəsirov bildirib.
O əlavə edib ki, belə ekstremal hava şəraiti mövcud infrastrukturun imkanlarını ciddi şəkildə aşır:
"Məsələn, kollektor və kanalizasiya xətlərinin daşıma gücü müəyyən həddə hesablanıb və normadan dəfələrlə çox yağan yağışı eyni anda ötürmək texniki baxımdan mümkün deyil. Bu səbəbdən, istifadə olunan texnika və cəlb edilən canlı qüvvədən asılı olmayaraq, belə hallarda su basmalarının qarşısını tam şəkildə almaq mümkün olmur.
Bununla belə, aidiyyəti qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Bütün texnika və əməkdaşlar gücləndirilmiş, 24 saatlıq iş rejiminə keçirilmiş, xətlərdə profilaktik təmizləmə və yuma işləri aparılaraq onların ötürücülük qabiliyyəti artırılmağa çalışılıb. Yağıntılar dayandıqdan qısa müddət sonra küçələrdə yığılan suyun çəkilməsi də bu tədbirlərin effektivliyini göstərir".
İdarənin rəis müavini həmçinin deyib ki, vətəndaşlara da əvvəlcədən xəbərdarlıq olunub:
"Onlara tövsiyə edilib ki, xüsusilə çökək ərazilərdə yaşayanlar öz evlərini qorumaq üçün əlavə tədbirlər görsünlər, suyun qarşısını almaq üçün fərdi səviyyədə hazırlıq işləri həyata keçirsinlər.
Ümumilikdə, baş verənlər onu göstərir ki, problem hazırlıqsızlıqdan deyil, yağıntının normadan dəfələrlə artıq olmasından qaynaqlanıb və bu kimi ekstremal halların təsirini minimuma endirmək üçün həm infrastrukturun, həm də fərdi hazırlığın daha da gücləndirilməsi vacibdir".
Oxşar xəbərlər
Sürücülərə hava ilə bağlı XƏBƏRDARLIQ
Sabah ölkə ərazisində müəyyən yollarda görünüş məsafəsinin azalacağına dair xəbərdarlıq edilib. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmə...