"Xızı–Abşeron" Külək Elektrik Stansiyası: Azərbaycanın bərpaolunan enerji keçidində strateji mərhələ ŞƏRH

Xızı–Abşeron Külək Elektrik Stansiyası: Azərbaycanın bərpaolunan enerji keçidində strateji mərhələ ŞƏRH
Sosial 104

"Xızı–Abşeron" Külək Elektrik Stansiyasının 240 MVt güclə istismara verilməsi Azərbaycanın enerji sektorunda keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edir. "ACWA Power" kimi beynəlxalq enerji şirkəti tərəfindən inşa edilən bu obyekt bərpaolunan enerji sahəsində uzun illər əsasən konseptual və məhdud miqyaslı layihələrlə xarakterizə olunan yanaşmanın artıq real, sənaye səviyyəli icra mərhələsinə keçdiyini açıq şəkildə göstərir. Söhbət yalnız ekoloji baxımdan əhəmiyyətli təşəbbüsdən deyil, milli enerji sisteminə birbaşa təsir edən strateji infrastruktur obyektindən gedir. Bu layihənin reallaşması Prezident İlham Əliyevin son illərdə ardıcıl şəkildə formalaşdırdığı enerji və iqlim siyasətinin məntiqi nəticəsidir. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan enerji təhlükəsizliyini qorumaqla yanaşı, iqtisadiyyatın karbonsuzlaşdırılması, enerji mənbələrinin şaxələndirilməsi və bərpaolunan enerjinin strateji prioritet kimi müəyyənləşdirilməsi istiqamətində sistemli addımlar atıb. Məhz bu siyasi iradə nəticəsində normativ-hüquqi baza yenilənib, xarici investorlar üçün şəffaf və sabit mexanizmlər yaradılıb, bərpaolunan enerji layihələri dövlət səviyyəsində institusional dəstək qazanıb.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ekoloji ekspert Gülşən Axundova deyib.

O bildirib ki, gücünə görə "Xızı–Abşeron" bu günə qədər Azərbaycanda inşa edilən ən iri külək elektrik stansiyası olmaqla yanaşı, Cənubi Qafqaz regionunda da aparıcı layihələrdən biri hesab olunur. Bu fakt ölkənin bərpaolunan enerji sahəsində regional liderlik iddiasını gücləndirir və göstərir ki, Azərbaycan artıq simvolik addımlarla deyil, enerji balansını dəyişə biləcək həcmdə layihələrlə çıxış edir. Bu yanaşma Prezident İlham Əliyevin enerji siyasətində "uzunmüddətli dayanıqlıq" prinsipinin əsas götürüldüyünü aydın şəkildə nümayiş etdirir: "Layihənin özəl sektor, xüsusilə də "ACWA Power" tərəfindən həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycan enerji bazarının xarici investorlar üçün etibarlı və proqnozlaşdırıla bilən mühitə çevrildiyini nümayiş etdirir. Uzunmüddətli elektrik alqı-satqı müqavilələri əsasında qurulan model dövlətin üzərinə düşən maliyyə risklərini azaldır və gələcək günəş və külək layihələri üçün effektiv institusional mexanizm formalaşdırır. Bu model Prezident İlham Əliyevin təşviq etdiyi dövlət–özəl tərəfdaşlığı konsepsiyasının enerji sektorunda uğurlu tətbiqinin bariz nümunəsidir".

Ekspert qeyd edib ki, iqtisadi baxımdan stansiyanın istismara verilməsi enerji balansında ciddi dəyişikliklər yaradır. İllik istehsal həcminin təxminən 800–900 milyon kVt/saat səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da yüz minlərlə ev təsərrüfatının elektrik enerjisi tələbatına bərabərdir. Nəticədə elektrik istehsalında təbii qazdan asılılıq azalır, daxili bazarda qənaət edilən qaz həcmləri isə ixraca yönəldilə bilir. Bu isə Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın enerji resurslarından daha səmərəli istifadə etməsinə və ixrac potensialının gücləndirilməsinə xidmət edir.

Eyni zamanda, "Xızı–Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın beynəlxalq iqlim öhdəliklərinin praktiki icrasının mühüm göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq iqlim platformalarında, o cümlədən COP proseslərində məsuliyyətli enerji istehsalçısı və enerji keçidinə töhfə verən ölkə kimi çıxış edir. Elektrik istehsalında bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər təxminən 30 faizə çatdırılması hədəfi məhz bu cür layihələr vasitəsilə real məzmun qazanır.

Gülşən Axundova diqqətə çatdırıb ki, layihənin yerləşdiyi Xızı–Abşeron zonası yüksək külək potensialı ilə seçilir və bu ərazi gələcəkdə daha geniş enerji klasterinin formalaşdırılması üçün əlverişli baza yaradır. Buraya yeni külək parkları ilə yanaşı, enerji saxlama sistemləri, ağıllı şəbəkələr və digər innovativ texnologiyaların inteqrasiyası daxildir. Bu kontekstdə istehsal edilən sabit və təmiz elektrik enerjisi süni intellekt texnologiyalarının, böyük məlumat mərkəzlərinin və rəqəmsal enerji sistemlərinin inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Rəqəmsal iqtisadiyyatın və süni intellektə əsaslanan həllərin yüksək enerji tələbatı nəzərə alındıqda, Prezident İlham Əliyevin enerji siyasətində bərpaolunan mənbələrə verdiyi önəm ölkənin texnoloji gələcəyi ilə birbaşa əlaqəlidir.

"Ümumilikdə, "Xızı–Abşeron" Külək Elektrik Stansiyasının açılışı göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi enerji və iqlim siyasəti Azərbaycanın bərpaolunan enerjini yalnız alternativ deyil, gələcək iqtisadi inkişafın, rəqəmsallaşmanın və texnoloji transformasiyanın əsas dayaqlarından biri kimi formalaşdırmasına imkan verir. Bu layihə enerji keçidinin artıq strateji niyyət deyil, praktiki reallıq olduğunu nümayiş etdirir və növbəti mərhələdə şəbəkə infrastrukturunun modernləşdirilməsi, enerji saxlanması və rəqəmsal idarəetmə mexanizmlərinin inkişafının əsas prioritetlər olacağını aydın şəkildə ortaya qoyur",- deyə ekspert bildirib.

Son xəbərlər