Xırdalan və Sumqayıta metro çəkilərsə, mənzillərin qiyməti necə dəyişə bilər?
Xırdalan və Sumqayıt istiqamətində metro xəttinin çəkilməsi hazırda təsdiqlənmiş rəsmi layihələr sırasında olmasa da, gələcək üçün müzakirə edilə biləcək nəqliyyat layihələrindən biri hesab olunur.
BAKU.WS-in məlumatına görə, belə bir layihənin reallaşması isə həmin ərazilərdə daşınmaz əmlak bazarına ciddi təsir göstərə bilər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə bildirib ki, infrastruktur layihələri ilə bağlı məlumatların yayılması belə əmlak qiymətlərində artıma səbəb ola bilir:
"İlkin mərhələdə qiymətlərin təxminən 5-10 faiz yüksəlməsi, layihənin tam reallaşması və metro stansiyalarının fəaliyyətə başlaması halında isə artımın bəzi ərazilərdə 50 faizə qədər çatması ehtimal olunur".
Söküntü olarsa, kompensasiya necə hesablanacaq?
AQC sədri hesab edir ki, metro xəttinin çəkilişi zamanı müəyyən ərazilərdə tikililərin sökülməsi zərurəti yaranarsa, mülkiyyətçilərə kompensasiya ödənilməsi məsələsi də gündəmə gələ bilər:
"Ərazidə daşınmaz əmlakın mövcud bazar qiymətləri nəzərə alınmaqla, ilkin ehtimallara əsasən kompensasiya məbləğlərinin Sumqayıtda təxminən 2 000 manat, Xırdalanda isə 2 000-2 500 manat civarında formalaşa biləcəyi qeyd olunur.
Lakin konkret məbləğ söküləcək əmlakın növündən, yerləşdiyi ərazidən, sahəsindən və bazardakı real dəyərindən asılı olacaq. Fərdi yaşayış evləri üçün kompensasiya məbləğinin təxminən 1 000-1 200 manat, çoxmənzilli binalarda və aktiv alqı-satqının olduğu ərazilərdə isə 1 500-2 000 manat civarında ola biləcəyi ehtimal edilir.
Kompensasiyanın hesablanması isə layihə ilə bağlı qəbul ediləcək qərarlardan asılı olacaq. Ödəniş məbləği xüsusi komissiyanın qərarı, mülkiyyətçi ilə investor arasında razılaşma və ya müstəqil qiymətləndirmə şirkətinin müəyyən etdiyi bazar dəyəri əsasında hesablana bilər".
Metro Xırdalan və Sumqayıtın əmlak bazarına necə təsir edər?
Vüqar Oruc həmçinin qeyd edib ki, belə bir layihənin həyata keçirilməsi Xırdalan və Sumqayıtın Bakı ilə nəqliyyat əlaqələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər:
"Xüsusilə Xırdalanın paytaxtla daha sıx nəqliyyat əlaqəsinə qoşulması ərazinin yaşayış və daşınmaz əmlak baxımından cəlbediciliyini artıra bilər. Metro və dəmir yolu bağlantılarının güclənməsi nəticəsində Xırdalandan Bakının mərkəzinə gediş vaxtının təxminən 20-30 dəqiqəyə qədər azalması mümkün ola bilər.
Bu isə metro stansiyalarının yaxınlığında yerləşən yeni tikililərə tələbi artıra bilər. Nəticədə yeni layihələrdə mənzillərin bir kvadratmetrinin qiymətinin Xırdalanda 3 000-3 500 manat, Sumqayıtda isə 3 000-3 200 manat səviyyəsinə yüksəlməsi ehtimal edilir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Quba rayonu ər...