Xaçmazda qiyməti 10 qəpiyə düşən pomidor sahələrdə qalıb, fermerlər ciddi zərərlə üzləşiblər

Xaçmaz rayonunda yetişdirilən tonlarla pomidor alıcı olmadığına görə sahələrdə qalıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hər il Xaçmazda hektarlarla açıq sahədə pomidor əkilib becərilir.
Fermerlər təsərrüfatın bu növü ilə ötən illərdə müəyyən gəlir əldə etsələr də, bu il durum xeyli fərqlidir. Pomidorun qiymətinin kəskin aşağı düşməsi səbəbindən təsərrüfat sahibləri ciddi maddi ziyana uğrayıblar.

Rayonun Hülövlü kəndində yerləşən bazarda aparılan müşahidə də vəziyyətin ürəkaçan olmadığını göstərib. Hər il bu vaxt həmin bazarda böyük canlanma yaşansa da, indi o ticarət məkanında durğunluq hökm sürür.
Bazarın kasadlığından gileylənən təsərrüfat sahibləri bildiriblər ki, keçən illə müqayisədə pomidor çox ucuzlaşıb. Başqa sözlə, ötən il bir yeşiyi (25-30 kq) 15 manata satılan pomidorun hazırkı qiyməti 4-5 manat arasında dəyişir. Pərakəndə satışda isə pomidorun bir kiloqramının qiyməti təqribən 10 qəpikdir. Bəzi fermerlər qiymətin kəskin azalması üzündən yetişdirdikləri məhsulu dəyər-dəyməzinə birbaşa konserv zavodlarına satmağa üstünlük verirlər.

Onların fikrincə, qiymətlərin kəskin azalmasının səbəbi pomidorun xarici bazarlara göndərilməsində yaranan çətinliklər, həmçinin builki məhsul bolluğudur.
Fermerlər bu vəziyyətin onları ciddi zərərə məruz qoyduğunu bildiriblər. Təsərrüfat sahiblərinin sözlərinə görə, bir hektar ərazidə pomidor becərmək üçün 5 min manatdan çox pul xərclənir. Yetişən məhsulun yığılmasına cəlb olunan hər fəhləyə isə gündəlik 30 manat ödənilir. Mövcud satış qiyməti isə gəlir götürmək bir yana, heç maya dəyərini çıxarmağa da imkan vermir.

Məsələ ilə əlaqədar Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) "Report"un yerli bürosuna bildirilib ki, rayon ərazisində ümumilikdə 3 min 363 hektar sahədə tərəvəz əkilib. Onun da 2 min 19 hektarını pomidor sahələri təşkil edib. Bu il ötən illərlə müqayisədə məhsul bolluğu qeydə alınıb. Sahibkarlar bazar seçimində və pomidorun satış qiymətini müəyyənləşdirməkdə sərbəstdirlər. Təsərrüfat sahibləri yetişdirdikləri məhsulu daxili bazarlara çıxarmaqla yanaşı, rayonda fəaliyyət göstərən meyvə-tərəvəz emalı zavoduna da təhvil verə bilərlər.
Oxşar xəbərlər
Emin Ağalarov Bakıda Avropanın ən böyük kazinosunu açacaq
"Bakıda Avropanın ən böyük kazinosu tikilir". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Xalq artisti, iş adamı Emin Ağalarov "Sea Breeze...