Vüqar Qurbanov: "Azərbaycan pandemiyanın idarə olunmasında müsbət təcrübə əldə etmiş ölkələr siyahısındadır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Vaxtında və düzgün verilən qərarların nəticəsi olaraq Azərbaycan pandemiyanın idarə olunmasında Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə müsbət təcrübə əldə etmiş ölkələr siyahısındadır".
Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun bağlanış mərasimində çıxışı zamanı deyib.
"İki gün ərzində bir-birindən maraqlı çıxışların, diskussiyaların şahidi olduq. İstər Azərbaycandan qatılan həkimlərin, istərsə də 13 ölkədən Vətənə gələn azərbaycanlı həkimlərimizin faydalı fikir və təcrübə mübadiləsini izləmiş olduq. Qarşılıqlı əlaqələrin yaranması, həkimlərimiz arasında uğurlu kommunikasiyanın qurulması, tibb sahəsindəki ən son yeniliklərin, texnologiyaların, müasir yanaşmaların bölüşülməsi adına simpoziumun yüksək səviyyədə keçirildiyini qürurla diqqətinizə çatdırmaq istərdim.
Bir daha xatırladım ki, müstəqil Azərbaycan səhiyyəsinin qurucusu olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu ilk dəfə keçirilir. Bu günlər ərzində sizlərdən də xoş geridönüşlər aldıq, simpozium barədə söylədiyiniz müsbət fikirlər, eləcə də simpozimun keçirilməsinə göstərdiyiniz böyük maraq bizi ruhlandırır ki, gələcəkdə də xaricdə yaşayan və çalışan həmkarlarımızı ölkəmizə cəlb edək. Sizləri Azərbaycan səhiyyəsinə qazandıraq.
Düşünürəm ki, simpozium çərçivəsində Azərbaycanda tibb sahəsinin inkişafında aparılan islahatları, müsbət dinamikanı yaxından izləmək imkanınız oldu. Bakı, Sumqayıt, Quba, Lənkəran kimi bölgələrə səfər edərək paytaxtla yanaşı, respublikanın hər bir yerində tibbi xidmətlərin keyfiyyətli və əlçatan olması ilə bağlı təəssüratlarınız yarandı", - o qeyd edib.
V.Qurbanov xatırladıb ki, istər bütün dünyanı cənginə alan koronovirus pandemiyası ilə mübarizədə, istərsə də Vətən müharibəsi günlərində də tibbi xidməti uğurlu şəkildə təşkil edə bildik. 2020-ci ilin əvvəlindən Azərbaycan Respublikasının rəhbərliyi pandemiyaya hazırlıq tədbirlərinə başlamışdı. Vaxtında və düzgün verilən qərarların nəticəsi olaraq Azərbaycan pandemiyanın idarə olunmasında Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə müsbət təcrübə əldə etmiş ölkələr siyahısındadır: "TƏBİB tabeliyindəki tibb müəssisələrində yeni laboratoriyaların qurulması, çarpayı fondunun artırılması, təchizat, maddi-texniki bazanın gücləndirilməsi, tibbi kadrların potensialının artırılması, təlimlərin təşkili və sair sahələrdə işlər görülür və görülməyə də davam edəcəkdir. İşğaldan azad olunan rayonlarımızda tibbi xidmətin təşkili sahəsində də işlər görülür. İcbari tibbi sığorta modeli də uğurla icra olunur. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində həyata keçirilən xidmətlər, ümumilikdə 2550 sayda xidmət olmaqla, geniş və əhəmiyyətli bir spektruma malikdir. Vətəndaşlar icbari tibbi sığorta çərçivəsində 600-dək laborator xidmətdən istifadə edirlər.
Bir sözlə, Cənab Prezident İlham Əliyevin qayğısı və diqqəti ilə əhatə olunan səhiyyə sahəsində aparılan islahatlar nəzərəçarpacaq dərəcədə artıb. Qarşıya qoyulan hədəflər də çoxdur. Bu istiqamətdə görüləcək işlərdə hazırda Azərbaycanda çalışan həkimlərimiz sırasında gələcəkdə sizləri də görməkdən məmnun olarıq.
Çıxışımın sonunda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda zəhməti keçən hər bir şəxsə təşəkkür edirəm".
Oxşar xəbərlər
TƏBİB-in idarə olunması qaydası müəyyənləşib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə olunması qaydası müəyyənləşib. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyevin TƏBİB-in nizamnaməsin...