Vətən yolunda əbədiləşən ömür
Hərb tariximizdə və müasir dövlətçiliyimizdə 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri xüsusi önəm daşıyır.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yüksək peşəkarlıq və şücaətlə 2023-cü ilin sentyabr ayının 19-dan 20-dək Qarabağ bölgəsində qanunsuz yerləşmiş, silahlanmış separatçılara qarşı keçirilən lokal xarakterli antiterror tədbirlərində iştirak edərək suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa edilməsində müstəsna rol oynayıb. Nəticədə Qarabağda uzun müddət yerləşməyə çalışan separatizm və terror yuvasının kökü kəsilib.
Şanlı zəfər tariximiz yazılarkən üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən DİN-in Daxili Qoşunlarının şəxsi heyəti hərbi anda sədaqət və qətiyyət nümayiş etdirib. Burada xidmət keçən bütün hərbi qulluqçularımız Müzəffər Ali Baş Komandan tərəfindən verilən hər bir tapşırığı yüksək peşəkarlıqla yerinə yetirməklə yanaşı, Vətən qarşısında öz müqəddəs borcunu şərəf və ləyaqətlə yerinə yetirərək, torpaqlarımızın bütövlüyü və suverenliyi uğrunda canlarından keçən silahdaşları ilə çiyin-çiyinə mübarizə aparıblar. Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş əsgər Nəbiyev Fərid Kamran oğlu antiterror tədbirləri zamanı son nəfəsinədək mübarizə aparıb və qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Fərid 2001-ci il yanvarın 1-də Bakı şəhərində doğulub. Fəridin atası uzun illərdir polis sıralarındadır, babası 33 təqvim ili xidmət keçib, polis polkovnik-leytenantı rütbəsində təqaüdə buraxılıb. Əmisi 20 il-dən çox müddətdə Daxili Qoşunların sıralarında qüsursuz xidmət edib. Bütün bunlar bizə bir daha göstərir ki, belə qəhrəmanlar yalnız vətəninə və dövlətinə sədaqətlə bağlı bir ailədə doğula bilərdi...
2021-ci ilin sentyabr ayında Fərid Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. "N" saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin post-patrul xidməti bölməsinin xüsusi vasitələrin tətbiqi qrupunun atıcı-sanitarı vəzifəsinə təyin edilib.
Silahdaşlarının sözlərinə görə o, peşəsini sevən, intizamlı, bacarıqlı hərbi qulluqçu olub, bütün təlimlərdə və məşğələlərdə fəallığı ilə seçilib.
Ayrı-ayrı tarixlərdə Fərid işğaldan azad edilmiş Kəlbəcər, Laçın, Zəngilan rayonlarına və Şuşa şəhərinə ezam olunaraq təhlükəsizlik tədbirlərinin təmin edilməsi üzrə xüsusi tapşırıqların öhdəsindən layiqincə gəlib.
Antiterror tədbirlərində Fəridlə birgə iştirak etmiş döyüş yoldaşları bildiriblər ki, 2023-cü il sentyabrın 19-da lokal xarakterli əməliyyata başlanılıb. Sentyabrın 20-nə keçən gecə onlar Laçın rayonunun Nağdalı kəndindən Kəlbəcər rayonunun Vəngli kəndi (hazırda bu kənd Ağdərə rayonuna daxildir) istiqamətində avtomobillərlə hərəkət ediblər. Öncədən müəyyən edilən hüdudlara çatmayan şəxsi heyət erməni hərbçilərinin ilk hücumu ilə üzləşib. Döyüş zamanı işğalçıların atəş nöqtələri susdurulub. Hücumu dəf edərkən yaralanan döyüşçülərimizə Fərid atıcı-sanitar kimi zəruri ilk tibbi yardım göstərib, köməksiz vəziyyətdə qalmamaları üçün heç bir təhlükədən çəkinməyib. Döyüş tapşırığının icrası davam etdirilərkən Vəngli kəndinə qısa məsafə qaldıqda hərbi qulluqçularımız düşmən pusqusuna düşüblər. Döyüşçülərimiz yerindəcə çevik mövqelənərək düşmənə qarşı mətinliklə döyüşüblər. İtki verən ermənilər geri çəkiliblər. Həm cəsurluqla vuruşan, həm də yaralılara yardım edən Fərid həmin yerdə bədəninin ayrı-ayrı nahiyələrindən ağır yaralanaraq şəhid olub.
Şəhid 2023-cü il sentyabrın 20-də Qazax rayonunun Yuxarı Salahlı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2023-cü il tarixli müvafiq sərəncamları ilə əsgər F.Nəbiyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qazax şəhərində küçələrdən birinə hərbi qulluqçumuzun adı verilib. Oradakı Şəhidlər xiyabanında abidə kompleksinə şəkli həkk olunub. Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Bakı Dövlət Universitetinin Qazax filialındakı şəhidlər guşəsində onun da şəkilləri yerləşdirilib. Məzunu olduğu tam orta məktəbdə 5-ci sinfin otağı şəhidin adı ilə adlandırılıb.
Oxşar xəbərlər
Elşad Namazovdan gözlənilməz ayrılıq: Vəzifəsindən getdi
Abşeron Logistika Mərkəzində rəhbər vəzifədə çalışan Elşad Namazov şirkətdən ayrılıb. BAKU.WS xəbər verir ki, bu barədə E.Namazov paylaşım edib. O, Abşeron Logi...