Valideynlər niyə uşaqlarına nəzarət etmir? - Kompüter oyunlarının acı təsiri
"Son dövrlər məktəblərdə və ümumilikdə sosial şəbəkələrdə yeniyetmə və gənclərin davranışlarında aqressivləşmə tendensiyası açıq şəkildə müşahidə olunur. Bu problemin yaranmasına səbəb olan amillər çoxdur, lakin əsas səbəblərdən biri hələ erkən yaşlardan uşaqların nəzarətsiz şəkildə aqressiya yayan internet oyunları və sosial media məzmunu ilə qarşılaşmasıdır".
Bu sözləri BAKU.WS-ə açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.
Onun sözlərinə görə, bəzi onlayn oyunlar və platformalar var ki, onlar uşaqları özünəqəsd, zorakılıq və başqalarına qarşı aqressiv davranışlara təşviq edir:
"Bu cür oyunlar uşaqların psixoloji inkişafına ciddi zərər vurur, davranış pozuntularının formalaşmasına səbəb olur. Psixoloji baxımdan hələ tam formalaşmamış uşaqlar virtual məkanda gördüklərini real həyatda təqlid etməyə başlayır və bu davranışları ətrafdakılara yönəldirlər.
Qeyd etmək lazımdır ki, məktəbdə baş verən son hadisə Azərbaycan cəmiyyəti üçün xarakterik olmayan, nadir hallardan biridir. Lakin hadisənin mahiyyəti göstərir ki, bu tip hallar əsasən Avropa və Qərb ölkələrində, xüsusilə də ABŞ və bəzi Avropa dövlətlərinin məktəblərində baş verən zorakılıq hadisələrinə bənzəyir. Adətən ailədaxili münaqişə yaşayan, psixoloji travmaları olan və ya ailə mühiti sağlam olmayan uşaqlar bu aqressiyanı məktəbə, müəllimlərə və ya sinif yoldaşlarına yönəldirlər.
Bu cür hadisələr uzun illərdir xarici ölkələrin mediasında müzakirə olunur və təəssüf ki, sosial şəbəkələr vasitəsilə bu neqativ nümunələr tədricən bizim cəmiyyətə də sirayət edir. Məhz buna görə də sosial şəbəkələrdə və internet resurslarında müəyyən filtrasiya və nəzarət mexanizmlərinin tətbiqi zəruridir. Əxlaqazidd, zorakılığı təşviq edən və uşaqların davranışına mənfi təsir göstərən paylaşımların qarşısı alınmalıdır".
Sosioloq xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti hələ 2018-ci ildə uşaqların zərərli informasiyadan qorunması ilə bağlı müvafiq qanunu imzalayıb:
"Bundan əlavə, mövcud hüquqi aktlar bu istiqamətdə nəzarət mexanizmlərinin tətbiqinə hüquqi əsas yaradır. Lakin bu mexanizmlər praktikada daha effektiv şəkildə işləməlidir.
Problemin kökündə yalnız internet faktoru deyil, eyni zamanda ailə tərbiyəsindəki boşluqlar, məktəb mühitində tərbiyəvi və psixoloji işlərin yetərli səviyyədə aparılmaması da dayanır. Uşaqların psixoloji travmaları, sosial adaptasiya problemləri və sosial mediada qarşılaşdıqları mənfi örnəklər bu prosesi daha da dərinləşdirir.
Müasir dövrdə Z, Alfa və gələcək Beta nəsilləri əsasən internet və sosial şəbəkələrin təsiri altında formalaşır. Bir çox hallarda bu resursların təsiri ailə və məktəbin təsirindən daha güclü olur. Buna görə də internet və sosial şəbəkələr sosiallaşma institutu kimi sağlamlaşdırılmalı, uşaqlara və yeniyetmələrə dağıdıcı deyil, inkişafetdirici təsir göstərməlidir".
Qeyd edək ki, fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılması nəticəsində müəllim xəsarət alıb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird tutulub.
Xəsarət alan müəllimə vaxtında tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanda ötən ay vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu...