UNWTO: COP29 turizm sektorunun qlobal iqlim gündəminə daxil edilməsilə tarix yazır

UNWTO: COP29 turizm sektorunun qlobal iqlim gündəminə daxil edilməsilə tarix yazır
Sosial 24

COP29 turizm sektorunun qlobal iqlim gündəminə daxil edilməsi ilə tarix yazır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş katibi Zurab Pololikaşvili COP29 çərçivəsində təşkil olunmuş Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə nazirlərin birinci görüşündə bildirib.

O, qeyd edib ki, belə böyük tədbiri təşkil etmək asan deyil: "Bu tədbirin Bakıda keçirilməsi həqiqətən tarixi addımdır. Azərbaycanı, bütün regionu və dünyanı bu mühüm tədbirin burada təşkil olunması münasibətilə təbrik edirəm. COP29 ilk dəfədir ki, burada keçirilir və biz bilmirik ki, növbəti 10 və yaxud 20 ildə bu bölgəyə yenidən gələcəkmi?"

Baş katib vurğulayıb ki, COP tarixində ilk dəfə olaraq turizmlə bağlı məsələlər gündəmə daxil edilib və bu, sektor üçün böyük əhəmiyyət daşıyır: "29 il ərzində heç vaxt turizmdən danışılmayıb. Bu, ilk dəfədir və buna görə bu gün turizm sənayesi üçün tarixi gündür. Bu hadisənin Azərbaycanda baş verməsindən çox məmnunam, çünki bu, böyük və vacib bir ənənənin başlanğıcıdır".

Z.Pololikaşvili əlavə edib ki, turizm sülhün təmin olunmasında mühüm rola malikdir: "Sülhdən danışarkən turizm ən güclü alətlərdən biridir. Eyni zamanda, iqlim dəyişikliyi və ətraf mühit problemləri, o cümlədən ərzaq tullantıları kimi məsələlər də turizmə təsir edir və bu sahədə yeni çağırışlar yaradır".

O, ilk dəfə 4 il əvvəl Qlazqoda keçirilən COP tədbirində iştirak etdiyini və orada təşkilatın üzvlərinə iqlim dəyişikliyinə qarşı mübarizədə həllin bir hissəsi olmaq imkanı təqdim etdiyini xatırladıb: "Bu günə qədər 800 imzalanma var və biz işimizi davam etdiririk. Bunun kifayət olmadığını bilirik, lakin addım-addım irəliləyirik. Əməkdaşlıq və birlik çox vacibdir. Sülh, iqlim dəyişikliyi və ərzaq tullantıları kimi məsələlərdə həmrəylik əsasdır".

Son xəbərlər