Ünvanlı sosial yardımın məbləği ilə bağlı VACİB AÇIQLAMA
"Ünvanlı sosial yardımın verilmə mexanizmlərinin sadələşdirilməsi və daha effektiv hala gətirilməsi aktual məsələlərdəndir. Bu istiqamətdə əsas məqsəd sosial yardımların cəmiyyətdə asılılıq yaratması deyil, həqiqətən ehtiyacı olan ailələrin müdafiəsinin təmin edilməsidir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc taksi bazarı üzrə apardığı müqayisəli təhlil zamanı bildirib.
AQC sədri həmçinin deyib ki, son illər Azərbaycan hökuməti sosial yardım mexanizmlərindən daha çox iş yerlərinin yaradılmasına, vətəndaşların iqtisadi fəallığının artırılmasına və özünüməşğulluq imkanlarının genişləndirilməsinə üstünlük verir:
"Bu yanaşma cəmiyyətin passiv sosial yardım alan kütlədən aktiv iqtisadi subyektə çevrilməsinə xidmət edir. Aktiv cəmiyyət isə dövlətin iqtisadi gücünün və dayanıqlılığının əsas təminatçısıdır.
Bununla yanaşı, cəmiyyətdə elə ailələr var ki, obyektiv səbəblərdən əmək fəaliyyətində iştirak etmək imkanına malik deyillər. Ailə başçısını itirmiş şəxslər, sağlamlıq imkanları məhdud olan və ya əmək bazarına çıxışı olmayan ailələr üçün ünvanlı sosial yardım zəruri və qaçılmaz sosial müdafiə mexanizmidir. Məhz bu kateqoriyaya aid ailələrə sosial yardım ünvanlanmalıdır.
Təəssüf ki, indiyədək ünvanlı sosial yardım mexanizmində müəyyən nöqsanlar müşahidə olunub. Son dövrlərdə aidiyyəti dövlət qurumları tərəfindən yoxlamalar aparılıb, inzibati tədbirlər görülüb və nəzarət mexanizmləri gücləndirilib. Lakin hələ də bəzi hallarda ünvanlı sosial yardıma ehtiyacdan çox, əlavə gəlir mənbəyi kimi yanaşıldığı faktları qalmaqdadır. Halbuki, ünvanlı sosial yardım adından da göründüyü kimi, yalnız real ehtiyac içində olan ailələrə yönəldilməlidir.
Məbləğ məsələsinə gəldikdə isə, hazırda təkcə ünvanlı sosial yardımın deyil, hətta minimum əməkhaqqının belə əhalinin yaşayış tələblərini tam ödəmədiyi müşahidə olunur. Bu baxımdan, ünvanlı sosial yardımın məbləği orta aylıq əməkhaqqının ən azı 50 faizi səviyyəsində müəyyənləşdirilməlidir. Mövcud statistik göstəricilərə əsasən, bu məbləğ təxminən 500–550 manat civarında olarsa, daha məqsədəuyğun olar".
Vüqar Oruc əlavə edib ki, ünvanlı sosial yardımın təyin olunması prosesi yalnız dövlət qurumlarının deyil, ictimai nəzarət mexanizmlərinin də iştirakı ilə həyata keçirilməlidir:
"Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, sosial siyasətdə şəffaflıq və hesabatlılıq əsas prioritetlərdəndir. Bu yanaşma Azərbaycanın strateji inkişaf yol xəritəsində də öz əksini tapıb.
Hesab edirəm ki, ünvanlı sosial yardım və oxşar sosial qərarların verildiyi qurumlarda ictimai təşkilatların təmsil olunduğu xüsusi nəzarət mexanizmləri yaradılmalıdır. Belə olan halda cəmiyyət özü müəyyən edə biləcək ki, hansı ailə həqiqətən ehtiyac içindədir və hansı kateqoriya bu yardıma layiqdir. Bu, həm sosial ədalətin təmin olunmasına, həm də dövlət vəsaitlərinin səmərəli və şəffaf istifadəsinə xidmət edəcək".
Orxan Hüseyn
Oxşar xəbərlər
ETX bank və dövlət sektorlarına qarşı fişinq cəhdini araşdırıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) əməkdaşlarının bank və dövlət sektorlarına qarşı yönəlmiş fişinq cəhdi ilə...