Tülkülər Bakının mərkəzinədək niyə gəlib çıxıb?

Tülkülər Bakının mərkəzinədək niyə gəlib çıxıb?
Açıqlama Video
Sosial 1336

Son günlər Bakının müxtəlif yerlərində tülkülərə rast gəlmək adi hala çevrilib. Şəhərin sakinləri parklar, dənizkənarı bulvar və hətta tikililərin ətrafında bu heyvanları müşahidə edirlər.

Bəs görəsən şəhərin mərkəzində belə yırtıcı heyvanın olması insanlar üçün təhlükəlidirmi? Ümumiyyətlə bu məməlilərin insanların sıx məskunlaşdığı şəhər mərkəzində nə işi var?

BAKU.WS-in əməkdaşı məsələni aydınlaşdırmaq üçün "Bioloji Müxtəliflik Mərkəzi" İctimai Birliyinin sədri Təvəkkül İsgəndərova müraciət etdi.

Tülkülər Bakıya niyə gəlir?

Ekspertin sözlərinə görə, Bakı şəhərində tülkülərin olmağı nadir hal deyil:

"Tülkü məməlilərin o qrupundandır ki, onlar insanla münasibətdə uyğunlaşa bilirlər. Buna görə də tülkülərə Bakının mərkəzində, hətta parklarda rast gəlinir. Tülkülər adətən belə yerlərdə özlərinə yer tapıb gizlənir, axşam hava qaralanda gözə dəyirlər.

Dənizkənarı Bulvarda və digər sıxlıq olmayan ərazilərdə tülkülər körpülərin altı və anbar tipli tikililərdə gizlənir. Hətta dənizin sahilinə qədər gedərək balıq körpələri ovlamağa cəhd göstərirlər".

İnsanlar üçün təhlükəli ola bilərmi?

"Tülkülər məməlilərin yırtıcı növlərindəndir. Onlar ovladıqları heyvanları tutub, parçalayıb yeyirlər. Buna baxmayaraq insanlar üçün çox da təhlükəli deyil. Lakin kimsə üstünə gedib, qısqırtsa quduzluq xəstəliyi keçirmək təhlükəsi var. Bu cəhətdən insan üçün təhlükəli hal alır.

Dənizkənarı Bulvar ərazisində körpülərin altında və yaxud da tikililərin anbar xarakterli yerlərində tülkülər gizlənirlər. Adətən həmin ərazilərdə tülkülər dənizin dərininə gedib balıq körpələri axtara bilirlər", - deyə ekspert vurğulayıb.

Tülküyə rast gəlinəndə nə etməli?

Tülkülərlə məşğul olan xüsusi qurumun olub olmamasına gəldikdə isə ekspert deyir ki, itləri zərərsizləşdirən müəsisələr tülkülərə də müdaxilə edir.

Onları aşkar edib tələlər qoya, sonra götürə bilərlər.

Banu Hüseynli

Son xəbərlər