TƏBİB rəsmisindən “delta plus” ştammı ilə bağlı XƏBƏRDARLIQ

TƏBİB rəsmisindən “delta plus” ştammı ilə bağlı XƏBƏRDARLIQ
Sosial 2321

COVID-in törədici virusu mutasiyaya meyillidir. Biz bunu keçən ildən etibarən gördük. Pandemiyanın bir ili tamam olmamış mutant ştamlarla qarşılaşdıq. İlk dəfə Britaniya ştammından danışdıq. Sonra Cənubi Afrika, Braziliya ştamları müzakirə mövzusu oldu.

Daha sonra Hindistanda da mutant viruslar meydana çıxdı. Artıq məlum oldu ki, həmin mutant ştamları təsnif etmək lazımdır. Asanlıqla başa düşülməsi üçün mutant virusları yunan hərfləri ilə işarələməyə başladılar.

Bu səbəbdən son zamanlar “delta” ştammı ifadəsinə çox rast gəlirik. “Delta” ştammı ilk dəfə olaraq Hindistanda aşkarlanmış mutant ştamdır.

Son zamanlar isə “delta plus” ştammından danışılır. COVID-19 virusunun mutasiyalarının əksəriyyətinin bir əsas xüsusiyyəti var: yoluxmaq qabiliyyətinin artması. “Delta” ştammında isə yoluxma qabiliyyəti iki dəfəyə qədər yüksəlib.

“Delta” ştammı ifadəsinə “plus” da əlavə edirlər, bu da həmin virusun bizim orqanizmimizdə yaranan anticisimlərə davamlılığını ifadə edir. Burada ikiqat mutasiyadan söhbət gedir. Ona görə də bütün dünya “delta plus” ştammından daha çox ehtiyat edir.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri, professor Akif Qurbanov deyib.

Professorun sözlərinə görə, “delta” ştamlarının yoluxmaq qabiliyyəti iki dəfə artıb: “COVID-19 virusu qrip virusundan iki dəfə çox yoluxucudur.

Yeni ştamlarda yoluxdurmaq qabiliyyəti yenə də iki dəfə artıb. Mütəxəssislər bildirirlər ki, biz maskasız xəstə insanın yanından ötüb keçsək, onunla heç təmasda olmasaq belə xəstələnmə ehtimalımız var.

“Delta plus” ştammında xəstəlik daha ağır gedişə malik olur. Lakin bu, müşahidələrə əsasən deyilir. Daha dəqiq məlumat üçün elmi araşdırmaların nəticəsini gözləmək məsləhətdir.

Viruslar, mikroorqanizmlər bizim orqanizmimizə daxil olanda ona qarşı anticisimlər əmələ gəlir. Eləcə də vaksinasiyadan sonra da anticisimlər yaranır. Həmin anticisimlər gələcəkdə virusları neytrallaşdırır, tutur və məhv edir.

Hindistan ştammında anticisimlər bir qədər öz gücünü itirməyə başlayır. Beləliklə biz həm yoluxucu virusla üz-üzə qalırıq, həm də xəstəlikkeçirmə və ya vaksinasiya nəticəsində əmələ gələn anticisimlərin effekti azalır.

Sevindirici haldır ki, ölkəmizdə, o cümlədən bütün dünyada olan vaksinlər nəinki klassik virusdan, həmçinin mutant ştamlardan da qoruya bilir.

Gələcəkdə nəyin baş verəcəyini zaman göstərəcək. Hazırda bizim hansı ştamla üz-üzə qaldığımızdan asılı olmayaraq, vaksinlər hələ də effektini itirməyib. Yəni, vaksinlərin təsiri müəyyən qədər azala bilər, lakin o, öz effektivliyini saxlayır. Buna görə də hər kəs vaksinasiyadan keçməlidir”.

Son xəbərlər